EN

Hindistan “Pinaka” YARS-ların ilk partiyasını Ermənistana göndərib

Hindistan “Pinaka” yaylım atəşli reaktiv sistemlərin (YARS) ilk partiyasını bu ayın əvvəlində Ermənistana göndərib.

Bu barədə “Poliqon” “Indian Defence Research Wing” (IDRW) nəşrinə istinadən xəbər verib.

2022-ci ilin iyun ayında Ermənistan Müdafiə Nazirliyini təmsil edən nümayəndə heyəti Hindistana gedərək bu ölkədən pilotsuz uçuş aparatları, raket, artilleriya və digər hərbi təyinatlı məmulatların alınması ilə bağlı danışıqlar aparıb. Danışıqlar zamanı Ermənistanın nümayəndə heyəti Hindistandan almaq istədikləri silah və texnikaların siyahısını təqdim edib.

2022-ci il sentyabr ayının əvvəlində Hindistan ilə Ermənistan arasında müxtəlif silah sistemlərinin tədarük edilməsinə dair təxminən 250 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb. Bu müqavilə ilə Ermənistana 214 mm-lik “Pinaka” yaylım atəşli reaktiv sistemlərin tədarük edilməsi nəzərdə tutulub. Bu satınalma ilə Ermənistan, Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) tərəfindən hazırlanan və hazırda Hindistan Ordusunun xidmətində olan “Pinaka” yaylım atəşli reaktiv sistemin ilk xarici müştərisi olub.

Qeyd edək ki, Stokholm Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute – SIPRI) hesabatına əsasən, 2022-ci ilin sentyabr ayında imzalanmış müqavilə ilə Ermənistan Hindistana 24 ədəd “Pinaka” YARS sifariş edib və onların bir hissəsini 2023-cü ildə təhvil alıb. Ancaq IDRW bildirdiyinə görə, “Pinaka” YARS-ların ilk partiyası 2024 ilin noyabrında Ermənistana təhvil verilib.

“Pinaka”, Hindistanda layihələndirilmiş və inkişaf etdirilmiş 214 mm-lik yaylım atəşli reaktiv sistemdir. YARS-ın yaradılmasına keçən əsrin 80-ci illərində SSRİ istehsalı 122 mm-lik BM-21 “Qrad” döyüş maşınları parkını əvəz etmək üçün başlanıb.

“Pinaka” YARS düşmənin canlı qüvvəsini, yüngül zirehli və zirehli texnikalarını, raket buraxma qurğularını məhv etmək, komanda məntəqələrini, rabitə qovşaqlarını və hərbi sənaye infrastrukturu obyektlərini dağıtmaq, tank əleyhinə və piyada əleyhinə minalanma sahələrini məsafədən qurmaq üçün təyin edilib.

“Pinaka” YARS-ın raketlərlə birlikdə döyüş vəziyyətindəki döyüş kütləsi təxminən 27,1 tondur. Heyət beş nəfərdən ibarətdir. Artilleriya hissəsi 12 reaktiv mərminin daşınmasını və atışını təmin edən iki nəqletmə-buraxma konteynerindən ibarətdir. Maksimal atış məsafəsi 40 km, minimal atış məsafəsi isə 10 km təşkil edir. Döyüş maşınından fuqas, qəlpəli-fuqas, yandırıcı, kasset və sınaq tipli reaktiv mərmiləri ilə atəş aparmaq mümkündür. Qeyri-rəsmi məlumatlara əsasən yeni raketin uçuş məsafəsi 120 km (bəzi mənbələrdə 79 km göstərilir) və döyüş başlığının kütləsi 250 kq-dır.

Chosen
20
poliqon.az

1Sources