EN

kiberməkan mübarizəsi intensivləşir: Rəqəmsallaşma artdıqca hücumların miqyası da artacaq

Bu ilin üçüncü rübündə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberhücumların analizi nəticəsində 828 kiberhücum indikatoru müəyyən edib.
Bu barədə "APA-Economics"ə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb. Bu kibertəhdidlərin 439-u daxili araşdırma, 389-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.

İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev “Sherg.az”a bildirib ki, bu ilin üçüncü rübündə dövlət qurumlarına 828 kiberhücum indikatorunun müəyyən edilməsi, ölkədə kibertəhlükəsizlik məsələlərinin nə qədər ciddi və aktuallaşmış olduğunu göstərir: 

“Bu cür hücumların arxasında müxtəlif aktorlar dayana bilər. Müxtəlif ölkələrə və birliklərə bağlı aktorlar: Ölkələr arasında kiberməkan mübarizəsi getdikcə intensivləşir. Bu hücumlar, adətən, başqa bir ölkənin geosiyasi maraqlarını müdafiə etmək və ya başqa ölkənin siyasi və iqtisadi sistemlərini destabilizasiya etmək məqsədini güdür. Məsələn, ölkələr bir-birlərinə qarşı kibervasitələrlə casusluq və ya infrastruktur zərər vermə kimi əməliyyatları həyata keçirə bilər.
Kriminal qruplar, hacktivistlər, terrorçular: Kriminal qruplar, məlumat oğurluğu, maliyyə dələduzluğu və ya fidyə tələbi kimi məqsədlərlə hücumlar edirlər. Hacktivistlər isə ideoloji və ya siyasi səbəblərlə hücumlar həyata keçirirlər. Kibercinayətkarlar və ya şəxsiyyət oğurluğu ilə məşğul olan şəxslər də hücumların arxasında dayana bilər. Bu cür hücumlar, bəzən şəxsi qazanc əldə etmək məqsədini güdür.
Bir çox ölkə, xüsusilə inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlar, kibertəhlükəsizlik sahəsində böyük yatırımlar həyata keçirir. Bu, həm dövlət qurumlarının, həm də özəl sektorda kibertəhlükəsizlik sistemlərinin gücləndirilməsi ilə əlaqədardır. Azərbaycan da bu sahədə müəyyən addımlar atıb, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Hətta kibertəhlükəsizlik məsələləri ilə bağlı strategiya qəbul edib. Ancaq hər zaman təkmilləşdirilməsi tələb olunan sahədir. Kibertəhlükəsizlik çox sürətlə dəyişən bir sahə olduğundan, dövlət qurumları daima yeniliklərə uyğunlaşmalıdır. Həmçinin kibertəhlükəsizlik sahəsində kadrların sayı və keyfiyyəti çox vacibdir. Hazırda kibertəhlükəsizlik sahəsində kadr çatışmazlığı dünyada geniş yayılmış problemdir. Kibertəhlükəsizlik sahəsində innovasiya və yeni texnologiyaların tətbiqi mütəxəssislərin davamlı təlimini tələb edir. Bu sahədə qabaqcıl biliklərə sahib olan kadrlar yetişdirmək üçün ölkə daxilində müvafiq təhsil proqramları və ixtisaslaşmış mərkəzlər vacibdir. Ölkəmiz bu sahədə də çox ciddi davamlı işlər aparır".

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə bildirib ki, ötən həftə, ay və il ərzində kiber təhdidlərin ümumi dünya miqyasında bütün ölkələrdə həcmi artıb:

“Azərbaycanda görünən statistika o qədər də təhlükəli statistika hesab olunmur. Çünki digər inkişaf etmiş ölkələrə olunan hücumlara baxanda Azərbaycan statistikası yüngül görünür. Ancaq təbii ki, güc strukturlarımız və müvafiq qurumlar bu təhlükələrin qarşısını ala bilir. Bu müsbət bir haldır ki, Azərbaycanda hələ genişmiqyaslı kiber hücuma məruz qalma halı ilə qarşılaşılmayıb. Müxtəlif qurumlarda, müxtəlif miqyaslı datalar alındığına dair xəbərlər olsa da, genişmiqyaslı rəqəmsal informasiya resurslarını dayandıracaq hal baş verməyib. Məsələn illər əvvəl Estoniyada kiberhücum nəticəsində ölkədə internet resursları dayandırılıb. Bunlara baxanda görürük ki, bizim statistika digər ölkələrə görə fərqlənir. Digər tərəfdən müvafiq qurumlar da öz missiyalarını yerinə yetirərək bunun qarşısını alırlar. Təbii ki, onlar öz bilik, bacarıqlarını daha da artırmalı və daha böyük hücumlara hazır olmalıdırlar. Bu hücumların ardı dayanmayacaq. Rəqəmsallaşma artdıqca hücumların miqyası da artacaq. Qurumlarda öz infrastrukturlarını, kvalifikasiyalarını, əməkdaşlarının kvalifikasiyalarını artırmalıdırlar. Nəticə etibarı ilə bu proses dayanmayan bir mexanizmdir”.

Rəqəmsal sahə üzrə mütəxəssis Vasif Qəhrəmanov isə bildirib ki, Cop29-la əlaqəli dünyanın gözü Azərbaycandadır:

“Bu tip hücumlar gözlənilən idi ve sözsüzki lazimi tədbirlərdə görülüb. Günü-gündən yeni kardlar hazırlanmaqda və təkminləşməkdədir. Hazırda iş başında olan kibertəhlükəsizlik mütəxəssisləri əvvələ nisbətən gərgin iş qrafikindədirlər. Ancaq bu da müvəqqəti bir haldır”.
Chosen
37
sherg.az

1Sources