EN

Bu həmin “Figaro”dur, həmin “Human Rights Watch”dur- COP29 dünya mediasının da iç üzünü açdı...

Image

Elşən Manafov: “Azərbaycanın müstəqil siyasəti müəyyən dairələri narahat edir”

Qərb QHT-ləri (Global Witness, Human Rights Watch, Amnesty International və s.), mediası Washington Post, NYT, Economist, Politico, BBC, Fiqaro, Le Monde, Almaniya, bəzi digər Avropa ölkələrinin mediası  və s.), nüfuz agentləri (Qreta Turnberq və s.) COP konteksində Azərbaycan əleyhinə ən çox təbliğat aparan media platformaları oldu. 

Azərbaycan əleyhinə gedən təbliğatın aktiv iştirakçıları və tribunaları rolunda çıxış etdilər. Hər fürsətdə Azərbaycanın əhəmiyyətini azaltmağa çalışdılar. Məsələn, BBC News yazırdı ki, Avropa İttifaqı, Böyük Britaniya, Yeni Zelandiya və İrlandiya razılaşma mətnini “qəbuledilməz” adlandırıblar. Avropa İttifaqının İqlim məsələləri üzrə komissarı Wopke Hoekstra BBC News-a açıqlamasında masa üzərində olan razılaşma mətnini “qəbuledilməz” və "lazım olan ambisiyadan uzaq" adlandırıb.

Dünyanın aparıcı və qlobal media orqanlarının Azərbaycana qarşı apardıqları təbliğatın kökündə nə dayanır? Bütün bunlar bir daha sübut etmirmi ki, özünə müstəqil deyən bu media orqanları əslində müəyyən geosiyasi qüvvələrin əl buyruqçularıdır? Yəni Avropa İttifaqının, ABŞ-ın və müəyyən dairələrin.

“Dünyada aparıcı hesab edilən həmin media qurumları əslində sifariş və tezislə işləyir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov hesab edir ki, Qərbdə adıçəkilən media qurumlarının Bakıda keçirilən COP29 tədbirləri ilə bağlı Azərbaycan haqqında verilən bəzi yazılarda, təəssuf ki, qərəz və gerçəklikdən uzaq məlumatlar da yayılıb: “Bu isə bəlli media qurumlarının fəaliyyətinə ABŞ və Avropadakı siyasi dairələrin, habelə erməni diasporası ilə bağlı media qurumlarının müdaxiləsi, əməkdaşlığı ilə bağlı amillərdən irəli gəlir. Azərbaycanın müstəqil siyasəti, onun Qərbdə bəlli dairələrin Cənubi Qafqazla bağlı geosiyasi maraqlarını böluşməməsi, regionda Rusiya əleyhinə aparılan oyunlarda yer almaq istəməməsi müəyyən dairələri narahat edir. Qərbin müqavimətinə baxmayaraq, dövlətin ərazi bütövlüyünün bərpa edilməsi, habelə, Avropanın enerji təhlükəsizliyi ilə bağlı ona edilən təkliflərə özünün milli maraqları konteksindən yanaşması Azərbaycana edilən hücumların əsas səbəblərindəndir. İqlim dəyişikliyi ilə bağlı BMT tədbirinə gələn Almaniyanın xarici işlər naziri Berbok belə, diqqəti tədbirə aid olmayan məsələlərə yönəltdi. Almaniyanın qabaqcıl sənaye dövləti kimi iqlim dəyişilmələri ilə bağlı problemlərin həllinə töhfəsindən söhbət açmaq əvəzinə, rəsmi Bakını insan hüquq və azadlıqlarını pozmaqda, azad mətbuata və müxalifətə təzyiqdə, ictimai fəalları təqib etmə və s. ilə ittiham edib. Əslində isə, bütün bu ittihamların arxasında rəsmi Bakının xalqımıza və dövlətçiliyə qarşı terrorda təqsirli bildiyi erməni separatçılarının həbsdən azad edilməsi ilə bağlı maraqlar durur. Erməni diasporası ilə işbirliyində olan Qərb mediası isə Azərbaycan hakimiyyətini Qarabağda ermənilərə qarşı etnik təmizləmə siyasətinin aparılmasında ittiham etdi. Azərbaycanı, guya ki, Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə qınayır. Nəhayət beynəlxalq neft sindikatlarının sifarişi və maliyyə dəstəyi ilə yazılar dərc olunub. Yazılarda neft ölkəsi olan və buna görə də ekoloji problemlərə məsul bir ölkə kimi Azərbaycanın bu kimi tədbirlərə ev sahibliyinə mənəvi haqqının çatmaması ilə baglı qərəzli yazılar gedib. Bütün bunlar dünyada "demokratiyanın beşiyi sayılan" Avropa və onun mediasına baş ucalığı gətirmir. Dünyada aparıcı hesab edilən həmin media qurumları, əslində sifariş və tezislə işləyir. COP29 onların əsl simasını bütün çılpaqlığı ilə ortaya qoydu”.

Vidadi ORDAHALLI





Chosen
26
baki-xeber.com

1Sources