EN

Əliyev “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu” sözləri ilə nə demək istədi...

Image

Abutalıb Səmədov: “Azərbaycanda keçirilən COP29-un uğursuz olması üçün əllərindən gələni edən dövlətlər və müəyyən qurumlar tam iflasa uğradılar”

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşım edib. 

“...Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm”-deyə  Prezident paylaşımında bildirib. 

Əliyev “COP 29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu” sözləri ilə nə demək istədi?

“Azərbaycan Prezidentinin COP29-u iqlim diplomatiyasında dönüş nöqtəsi kimi qiymətləndirməsi tamamilə reallığa uyğundur”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri,  siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dünya dövlətlərinin iqlim dəyişikliklərinə qarşı mübarizəsi öz başlanğıcını Rio-De-Janeyroda keçirilən sammitdən götürür. A.Səmədov qeyd etdi ki, 1992-ci ildə orada çərçivə konvensiyası qəbul olunub və BMT-nin bu konvensiyası iqlim dəyişiklikləri ilə bağlı qərarların ana sənədi hesab olunur. “Tərəflər konfransı adlanan COP öz başlanğıcını Berlindən götürür. İlk COP Berlində keçirilib. Hazırda iqlim dəyişiklikləri üzrə konfrans dünyanın 198 ölkəsini və təqribən 3 min beynəlxalq qurumu birləşdirir. Burda mühüm mərhələlərdən biri Parisdə keçirilən COP21 olub ki, orda iqlim dəyişikliklərinə qarşı mühüm Paris razılaşması imzalanıb. Hesablamalara görə, əsrin sonuna qədər temperatur təqribən 2, 8 dərəcə arta bilər. Bütün dünya səylərini birləşdirərək mümkün qədər bu artımın azalması, 2, yaxud 1, 5 dərəcəyə salınması istiqamətində fəaliyyət göstərir. Hər il iqlim dəyişiklikləri nəticəsində vurulan ziyan təqribən 400 milyard dollara yaxındır. Burda da ən çox ziyan çəkən, təbiidir ki, zəif inkişaf etmiş ölkələrdir. Bu ziyanın aradan qaldırılması üçün Misirdə keçirilən COP27-də İtki və Zərər Fondu yaradılmışdı, ancaq bu fond o qədər də işlək vəziyyətdə deyildi. Yalnız Bakıda keçiriən COP29-da bu fondu işlək vəziyyətə gətirmək mümkün oldu. Dünyanın inkişaf etmiş dövlətləri öz üzərlərinə öhdəlik götürdülər ki, dəymiş ziyanın ödənilməsi üçün təqribən 100 milyard dollar yardım olunsun. Ancaq bu vaxta kimi son rəqəm 83 milyard dollar olub. Hətta o dəyən ziyanın dörddə biri səviyyəsində olan o yardımlar da təmin olunmayıb. 100 milyard öhdəlik götürülüb, 83 milyard dollar toplamaq mümkün olub. Burda iqlim dəyişiklikləri ilə bağlı əsas problem nədən ibarətdir? Dünyanın neft və qaz istehsalçısı olan dövlətləri bu faydalı qazıntılardan istifadədən imtina olunması məsələsində razılığa gəlmək istəmirlər. Bu da aydındır. Çünki neft və qazın satışından çox böyük gəlir götürülür. Ən çox gəlir götürən də ilk , təbiidir ki, ABŞ-dır. Dünyada ən çox neft və qaz istehsal edən, çıxaran ölkə ABŞ-dır. Səudiyyə Ərəbistanı və digər dövlətlər də bu məsələdə neft və qazdan imtinanı, təbiidir ki, ləngitməyə çalışırlar”. 

A.Səmədov qeyd etdi ki,  Azərbaycan neft və qaz istehsalında və satışında dünyada aparıcı mövqe tutmur. A.Səmədov vurğuladı ki, Azərbaycan nefti dünyada satılan neftin heç bir faizini də təşkil etmir, qaz satışında da Azərbaycan aparıcı dövlət deyil: “Bu baxımdan, Azərbaycan “yaşıl enerjinin” aktiv tərəfdarı kimi çıxış edir. Azərbaycan külək və günəş enerjisinin alınması və satışı üzrə öndə gedən, “yaşıl enerjinin” daha da populyarlaşması istiqamətində ən çox iş görən ölkələrdən biridir. Bu səbəbdən COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı verilən qərar ən düzgün qərarlardan biridir. Baxmayaraq ki, buna qarşı çox böyük müqavimət oldu. Bir sıra dövlətlər, bir sıra qüvvələr iddia edirdilər  ki, Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatdan iki ay sonra belə bir mötəbər tədbirin Bakıda keçirilməsi haqqında qərar verilməsi yanlışdır. Təbiidir ki, bu onların təbliğatına böyük zərbə vururdu və Azərbaycan üçün hava və su kimi zəruri bir qərar idi. Çünki dünyanın diqqəti tamamilə başqa bir istiqamətə yönəlirdi ki, bunu ermənilər də, erməni havadarları da qətiyyən istəmirdilər. Sonra konfransın səviyyəsini salmaq üçün əllərindən gələni etdilər. Baxmayaraq, Azərbaycan rəhbərliyi dəfələrlə bəyan etdi ki, biz konfransın təşkilatçılarıyıq, konfransın ev sahibi, konfransın keçirilməsinə məsul olan qurum BMT-dir, bu, BMT-nin tədbiridir, əgər COP29-a qarşı bu təbliğat aparılırsa, bu, Azərbaycandan daha çox BMT-nin iqlim dəyişikliklərinə qarşı mübarizə səylərinə qarşı yönəlmiş mübarizədir. Bütün səylərə baxmayaraq, COP29-da təqribən 80 ölkənin dövlət və hökumət başçısı, rəsmi nümayəndələri  iştirak etdi, 76 min qonaq müzakirələrə qatıldı. Çox müxtəlif məsələlər ətrafında müzakirələr oldu. Burda Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, COP29 iqlim dəyişikliklərinə qarşı mübarizədə bir  dönüş nöqtəsi oldu. İlk növbədə Misirdə yaranmış İtki və Zərər Fondunu aktiv hala gətirmək mümkün oldu. Eyni zamanda, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, karbon bazarlarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsi mümkün oldu ki, bu da çox ciddi nailiyyətdir. İnkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliklərindən dəyən zərəri ödəmək məqsədilə hər il 300 milyard dollar vəsaitin ayrılması, təbiidir ki, çox böyük irəliləyişdir. Çünki bundan əvvəl 100 milyard dollar  ayrılması barədə qərar qəbul olunmuşdu, onu da inkişaf etmiş ölkələr axıra qədər ödəmək istəmirdilər. Bütün dünya bu qərarların mühüm əhəmiyyətini anlayır və qeyd edir. Azərbaycanda keçirilən COP29-un uğursuz olması üçün əllərindən gələni edən dövlətlər və müəyyən qurumlar tam iflasa uğradılar. COP29 indiyə qədər keçirilən konfransların ən uğurlularından biri oldu və bunu bu konfransda iştirak edən nümayəndələr təsdiq etdilər. Bu baxımdan, Azərbaycan Prezidentinin COP29-u iqlim diplomatiyasında dönüş nöqtəsi kimi qiymətləndirməsi tamamilə reallığa uyğundur. Çünki bundan əvvəl keçirilən konfranslarda bu cür mühüm qərarlar qəbul olunmamışdı, bu cür mühüm addımlar atılmamışdı. Ən əsası, bu qədər real işlər görülməmişdi. Bir daha təkrar etmək istəyirəm, söhbət Zərər və İtki Fondunun işlək vəziyyətə gətirilməsindən gedir ki, bu, Misirdə yaradılmasına baxmayaraq, işlək vəziyyətdə deyil. Söhbət eyni zamanda karbon bazarına dair 6-cı maddənin işlək vəziyyətə  gətirilməsindən gedir, bu da çox mühüm nailiyyətdir. Nəhayət, iqlim dəyişikliklərindən zərər görən dövlətlərə yardım etmək üçün 300 milyard dollar vəsaitin ayrılması çox mühüm addım oldu. Təbiidir ki, Azərbaycan bu məbləğin artıq olması üçün əlindən gələni etdi, ancaq 300 milyard dollar vəsait çox ciddi uğurdur və bu addımın atılmasında Azərbaycanın göstərdiyi səylər dünya dövlətləri tərəfindən, ilk növbədə iqilim dəyişikliklərindən zərər görmüş dövlətlər tərəfindən yüksək qiymətləndirilir”.

İradə SARIYEVA





Chosen
29
baki-xeber.com

1Sources