EN

Deputatın təklifinə ekspertdən reaksiya: Ciddi problemlərə səbəb ola bilər

Deputatın təklifinə ekspertdən reaksiya: Ciddi problemlərə səbəb ola bilər

"Azərbaycanda şagird sayı az olan məktəblərin bağlanması və ya optimallaşdırılması məsələsi həm təhsil sistemi, həm də sosial-iqtisadi baxımdan ciddi problemlərə səbəb ola bilər. Xüsusilə, dağlıq və ucqar rayonlarda yerləşən məktəblərin bağlanması bir çox mənfi təsirlər yarada bilər". Bunu Qaynarinfo-ya açıqlamasında təhsil ekspert Kamran Əsədov Milli Məclisin deputatı Fazil Mustafanın kəndlərdə şagird sayı az olan məktəblərin distant təhsilə keçməsi ilə bağlı fikirinə münasibət bildirərkən deyib. Ekspert hesab edir ki, ucqar ərazilərdə məktəblərin bağlanması, həmin bölgələrdə yaşayan uşaqların təhsilə çıxışını çətinləşdirə bilər: "Şagirdlərin bağlanan məktəblərin yerinə daha uzaqda yerləşən məktəblərə getməsi üçün çox vaxt uzun məsafələr qət etməsi tələb olunur. Bu, xüsusilə təhlükəli və çətin yol şəraitləri olan dağlıq rayonlarda ciddi problem yaradır. Nəticədə, bəzi valideynlər uşaqlarını məktəbə göndərməkdən imtina edir və ya uşaqlar təhsildən tamamilə kənarda qalır. Bu vəziyyət xüsusilə qız uşaqları üçün daha çox narahatlıq doğurur, çünki uzaq məsafələr və təhlükəsizlik məsələləri valideynlərin onları məktəbə göndərmək qərarına mənfi təsir göstərir".Ekspert qeyd edib ki, sosial və mədəni təsirləri nəzərə almaq vacibdir: "Məktəblər yalnız təhsil müəssisəsi deyil, həm də kənd və qəsəbələrin sosial-mədəni həyatında mərkəzi rol oynayan strukturlardır. Məktəblərin bağlanması icmaların sosial həyatına mənfi təsir göstərir, mədəni tədbirlərin keçirilməsi üçün mərkəzlərin azalmasına və icma ruhunun zəifləməsinə səbəb olur. Məktəblər həmçinin kəndlərdə uşaqların bir yerə toplaşdığı, sosiallaşdığı və mədəniyyətlə tanış olduğu yerlərdir. Onların bağlanması bu proseslərin dayanmasına və icmalar arasında bağlılığın azalmasına gətirib çıxarır. Bundan əlavə, məktəblərin bağlanması kəndlərin boşalmasına səbəb ola bilər, çünki valideynlər övladlarının təhsili üçün daha əlverişli yerlərə köçməyi üstün tuta bilər".Kamran Əsədov vurğulayıb ki, iqtisadi baxımdan məktəblərin bağlanması müəllimlərin və digər təhsil işçilərinin işsiz qalmasına səbəb olur:"Bu, yalnız fərdlərə deyil, həm də yerli iqtisadiyyata mənfi təsir göstərir. Təhsil sektoru iş yerləri ilə yanaşı, kəndlərdə iqtisadi dövriyyəyə töhfə verir. Məktəblər bağlandıqda, müəllimlər və təhsil işçiləri gəlirlərini itirir və bu da yerli bazarda dövriyyənin azalmasına səbəb olur. Belə bir vəziyyət kənd yerlərinin iqtisadi zəifləməsinə və sosial problemlərin artmasına gətirib çıxara bilər".Ekspetin fikirincə, maliyyə baxımından az şagirdi olan məktəblərin saxlanılması dövlət büdcəsi üçün böyük maliyyə yükü yarada bilər: "Elm və Təhsil Nazirliyinin məlumatına görə, şagird sayı az olan məktəblərdə bir şagirdin illik təhsil xərci 7 min manatdan başlayır və bəzi məktəblərdə bu rəqəm 64 min manata qədər yüksəlir. Bu rəqəmlər məktəblərin fəaliyyətinin maliyyə baxımından səmərəsiz olduğunu göstərir. Lakin bu məktəblərin bağlanmasının uzunmüddətli sosial və iqtisadi nəticələri də nəzərə alınmalıdır. Təhsil müəssisələrinin bağlanması nəticəsində yaranan sosial bərabərsizlik və kadrların itirilməsi uzunmüddətli dövrdə ölkənin ümumi inkişafına mənfi təsir göstərə bilər”. Ekspert əlavə edib ki, dünya təcrübəsi göstərir ki, ucqar ərazilərdə təhsilin əlçatanlığını təmin etmək üçün alternativ modellərdən istifadə olunur:"Məsələn, Skandinaviya ölkələrində mobil tədris mərkəzləri və distant təhsil həlləri tətbiq olunur. Bu yanaşma, ucqar və azsaylı məktəblərdə təhsilin davamlılığını təmin etmək üçün effektiv bir üsuldur. Azərbaycanda da bu təcrübədən yararlanmaq mümkündür. Distant təhsil və ya hibrid təhsil modeli tətbiq edilərək, şagirdlərə lazımi biliklər ötürülə bilər. Bunun üçün internet infrastrukturunun inkişaf etdirilməsi, müəllimlərin distant təhsilə uyğun təlimlərə cəlb olunması və müvafiq texnologiyaların təmin edilməsi vacibdir. Digər bir yanaşma olaraq, azsaylı məktəblərin birləşdirilməsi və ya tədris mərkəzlərinə çevrilməsi təklif edilə bilər. Bu mərkəzlər bir neçə kəndin şagirdlərini bir yerə toplamaqla daha səmərəli fəaliyyət göstərə bilər. Lakin bu yanaşmanın uğurlu olması üçün şagirdlərin mərkəzlərə daşınmasını təmin edən təhlükəsiz və rahat nəqliyyat vasitələri təşkil edilməlidir”. Kamran Əsədov deyir ki, şagird sayı az olan məktəblərin bağlanmasının qarşısını almaq üçün icmaların sosial və iqtisadi xüsusiyyətləri nəzərə alınmalıdır:"Hər bir məktəbin bağlanmasının yerli əhali üzərindəki təsirləri qiymətləndirilməli və bu qərar yalnız maliyyə səmərəliliyi baxımından deyil, həm də sosial və mədəni baxımdan araşdırılmalıdır. Məktəblər sadəcə təhsil müəssisələri deyil, həm də yerli icmaların mədəni irsini qoruyan və gələcək nəsilləri formalaşdıran mərkəzlərdir. Buna görə də, onların bağlanması son çarə kimi nəzərdən keçirilməli və hər bir halda alternativ həll yolları araşdırılmalıdır”. Ekspert bildirib ki, Azərbaycanda ucqar bölgələrin inkişafı üçün təhsil infrastrukturunun qorunması və gücləndirilməsi prioritet olmalıdır: "Məktəblərin bağlanması yerinə daha innovativ yanaşmalar tətbiq olunaraq, həm təhsil keyfiyyəti artırıla bilər, həm də sosial problemlərin qarşısı alına bilər. Beləliklə, şagird sayı az olan məktəblər təkcə təhsil sistemi üçün deyil, həm də ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu məsələyə diqqətlə yanaşaraq, ölkənin bütün bölgələrində təhsilin əlçatanlığını və keyfiyyətini təmin etmək mümkündür”. Qeyd edək ki, Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında kənd məktəblərinin qorunmasından danışıb: "Hər bir kənddə istər məktəblər, istər kitabxanalar mütləq qorunmalıdır. Necə ki, biz məscidləri qoruyuruq. Şagirdi az olan məktəblərdə distant təhsilə keçməklə bu məktəbləri qorumaq mümkündür. Belə olduqda həmin məktəblərdə 30 yox, 10 müəllim bu işin öhdəsindən gələ bilər”.

Chosen
11
1
afn.az

2Sources