Məlum olduğu kimi, Azərbaycanda məktəblərin qarşısında enerji və spirtli içkilərin, tütün məmulatlarının satışına qanunla müəyyən məhdudiyyətlər və nəzarət tədbirləri mövcuddur.Azərbaycan qanunvericiliyi, xüsusən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun və digər müvafiq hüquqi aktlar, bu məhsulların azyaşlılara yaxın yerlərdə satışını qadağan edir. Bununla belə bəzən məktəb yaxınlığında bu məhsulların satıldığını müşahidə edirik.
“Məktəblərin qarşısında enerji içkilərinin, tütün məmulatlarının və spirtli içkilərin satışı ciddi sosial və sağlamlıq problemlərinə yol açır. Bu məhsulların məktəb yaşlı uşaqlar üçün əlçatan olması, onların erkən yaşda zərərli vərdişlərə yiyələnməsinə və fiziki-psixoloji sağlamlıqlarına mənfi təsir göstərməsinə səbəb ola bilər”.
Musavat.com bildirir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert qeyd edib ki, məktəblərin qarşısında zərərli məhsulların satışına qarşı ciddi nəzarət mexanizmləri tətbiq edilməlidir:
“Enerji içkilərinin tərkibində yüksək miqdarda şəkər və kofein olduğu üçün onların uşaqlar tərəfindən istifadəsi diqqət pozğunluğu, yuxusuzluq, ürək-damar problemləri kimi ciddi sağlamlıq riskləri yaradır. Tütün məmulatları və spirtli içkilər isə yalnız sağlamlığa deyil, həm də uşaqların davranışına, sosial inkişafına və gələcəkdə asılılıq problemlərinə səbəb ola bilər.
Məktəblərin qarşısında fəaliyyət göstərən köşklərdə bu məhsulların satışının təşviq edilməsi cəmiyyətdə məsuliyyət və nəzarət mexanizmlərinin zəifliyini göstərir. Bu, həm qanunvericiliyin gücləndirilməsini, həm də ictimai nəzarətin artırılmasını tələb edir. Valideynlər, müəllimlər və yerli idarəetmə orqanları bu məsələdə daha aktiv iştirak etməli və uşaqların sağlamlığını qorumaq üçün lazımi tədbirlər görməlidir.
Məktəblər uşaqların yalnız təhsil aldığı yerlər deyil, həm də onların sağlam və təhlükəsiz mühitdə böyüdüyü məkanlar olmalıdır. Bu səbəbdən, məktəblərin qarşısında zərərli məhsulların satışına qarşı ciddi nəzarət mexanizmləri tətbiq edilməli, həmçinin maarifləndirmə kampaniyaları həyata keçirilməlidir”.