EN

Yaxın Şərqdə “cəbhə” dəyişir...

Livanı İran əvəz edəcək?

Tehran İsrailə qisas hücumu planlaşdırır...

İsrail ilə Livan arasında atəşkəs elan edilsə belə, Tehranın bir ay öncə edilən hücumu cavabsız buraxmaq kimi bir niyyəti yoxdur. Siyasi ekspertlərin fikrincə, Livan ilə, daha doğrusu Hizbullah ilə İsrail arasında atəşkəsə nail olunması istəyi də məhz İranla bağlıdır - Təl-Əviv İran ilə hər hansı bir mümkün qarşıdurma zamanı başqa bir cəbhədə döyüşmək istəmir.

Bir ildən artıqdır ki, davam edən İsrail-Livan (Hizbullah) qarşıdurmasının sona çatması, tərəflər arasında atəşkəs elan olunması reallaşmaq üzrədir. Bəlli olduğu kimi, ABŞ-ın təklif etdiyi atəşkəs sazişi bir müddət öncə Livan və Hizbullah təşkilatı tərəfindən təsdiqlənmişdi. Bununla bağlı yayılan məlumatda bildirilirdi ki, təsdiqlənmə ilə bağlı yazılı cavab məktubu ABŞ-ın Beyrutdakı səfiri Liza Consona göndərilib - atəşkəsin şərtləri və qarşı tərəflərin öhdəlikləri ilə bağlı hər hansı bir təfərrüat bildirilməsə də, bütün bəndlərin bir neçə gün öncə Beyruta səfər etmiş ABŞ rəsmisi Eymos Xokstin ilə müzakirə edildiyi diqqətə çatdırılırdı. Beləliklə, Hizbullah və Livan atəşkəs sazişini imzaladıqdan sonra Yaxın Şərqdə atəş səslərinin kəsilməsi İsraildən asılı olmuşdu...

Sazişdən öncə son hücum...

Rəsmi Təl-Əviv isə atəşkəsə razılıq verməsinə az müddət qalmış yenidən Beyrutda “Hizbullah”ın yerləşdiyi güman edilən cənub bölgələrinə hücumlar edib - hərbi əməliyyatlar Haret-Horeik məhəlləsinə ardıcıl yeddi hava hücumu ilə başlayıb. Ardınca Leylaki və Kəfaat məhəllələrinə də ən azı üç zərbə endirilib. Şueifat ətrafında hərbi əməliyyatlar keçirilib. Bu arada Livanın Səhiyyə Nazirliyi son hücumda 84 nəfərin həlak olduğunu açıqlayıb. Beləliklə, ötən ilin oktyabr ayından başlayan hücumlar nəticəsində həlak olanların sayı 3754 nəfərə çatıb.

Atəşkəs sazişi son təsdiqə verildi...

Qeyd olunduğu kimi, son hücumdan sonra İsrail tərəfi də atəşkəslə bağlı sazişi təsdiqləyib - İsrail, Amerika və Livan mənbələri bildiriblər ki, ilkin təsdiqdən sonra saziş Nazirlər Kabinetinin son təsdiqinə təqdim olunub. Xarici mətbuatın xəbərində deyilir ki, ABŞ-ın regiondakı xüsusi nümayəndəsi və bir neçə gün öncə Beyrutu ziyarət etmiş Eymos Xokstin Livan rəsmilərinə İsrailin qərarı barədə məlumat verib. Bildirilib ki, Hokstin İsrail hakimiyyətini Livanda atəşkəsə tezliklə razılıq verməyəcəyi təqdirdə vasitəçilik səylərini dayandırmaqla hədələyib.

“Doğru Vəd-2”-dən sonra...

Livanda silahların susması üçün tədbirlər görüldüyü bu günlərdə İsrail ilə İran arasındakı gərginlik davam edir - xüsusilə, son iki ayda edilən qarşılıqlı hücumlar qarşıdurmanın miqyasının artacağını istisna etmir. Xatırladaq ki, İran tərəfi oktyabrın 1-də SEPAH İsrailə qarşı “Doğru Vəd-2” adlı hərbi əməliyyat keçirmişdi. Buna qarşılıq olaraq isə oktyabrın 26-na keçən gecə İsrail Müdafiə Qüvvələri (İDF) İran ərazisinə hücum etmişdi. İran rəsmiləri hava hücumundan müdafiə sisteminin uğurlu fəaliyyət göstərdiyini desələr də, İsrail hərbçiləri bir dənə də olsun raketin tutulmadığını bildirmişdilər. Zərbələr sırf hərbi hədəflərə endirilmişdi - üç əyalətdə - Tehran, Xuzistan və İlamda baş verən hücumlarda beşinci nəsil F-35 qırıcıları da daxil olmaqla 100-dən çox təyyarədən istifadə edildiyi bildirilirdi.

İran hücum hazırlığındadır...

İran isə qısa zamanda bu hücumlara cavab veriləcəyini açıqlamışdı - hətta “Azad İran”ın məlumatına görə, İran hökumətinə bağlı və ivrit dilində paylaşımlar edilən “X” hesabında İranın İsrailə qarşı “Doğru Vəd-3” əməliyyatını keçirəcəyi bildirilmişdi. Düzdür, son qarşıdurmadan ötən bir ay ərzində sükut pozulmasa da, yeni hücumlarla bağlı anonslar səslənməkdədir. Belə ki, İranın ali lideri Seyid Əli Xameneinin baş müşaviri Əli Laricani ölkəsinin bir ay öncə İsrail tərəfindən həyata keçirilən bombardmanlara cavab hazırlığına başladığını bildirib. O, bu haqda Tasnim xəbər agentliyinə müsahibəsində açıqlama verib. Laricani bildirib ki, İran hərbi rəhbərliyi İsrailə cavab vermək üçün müxtəlif strategiyalar üzərində çalışır. Onun sözlərinə görə, bu addımların məqsədi İsrailin hərəkətlərinə qarşı ciddi cavab verməkdir. “Hərbi rəsmilərimiz İsrailə cavab üçün bir neçə strategiya hazırlayır. Cavabımız İsrailin regiondakı təxribatçı siyasətinə aydın mesaj olacaq,” - deyə Laricani vurğulayıb.

Beləliklə, İsrail ilə Livan arasında atəşkəs elan edilsə belə, Tehranın bir ay öncə edilən hücumu cavabsız buraxmaq kimi bir niyyəti yoxdur. Siyasi ekspertlərin fikrincə, Livan ilə, daha doğrusu Hizbullah ilə İsrail arasında atəşkəsə nail olunması istəyi də məhz İranla bağlıdır - Təl-Əviv İran ilə hər hansı bir mümkün qarşıdurma zamanı başqa bir cəbhədə döyüşmək istəmir. Digər tərəfdən, İranın Hizbullah və Livan ilə yaxınlığı səbəbilə, İsrailə qarşı qisas almaqdan əl çəkəcəyi də güman olunur...

P.İSMAYILOV

1Sources