EN

Azərbaycanın növbəti uğuru

Ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət müstəqil Azərbaycanı bütün dünyada sayılıb-seçilən ölkələr sırasına yüksəldib. Son olaraq ötən ilin dekabrında təxminən 200 dövlətin yekdil qərarı ilə BMT-nin ən böyük tədbirlərindən biri olan COP29 iqlim konfransına ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkəmizin beynəlxalq səviyyədə yüksək nüfuz qazandığını bir daha təsdiqlədi. Öz növbəsində Azərbaycan COP29-u yüksək səviyyədə keçirməklə növbəti böyük uğura imza atdı.

Azərbaycanın liderlik qabiliyyəti bir daha təsdiqləndi

İndiyədək respublikamız çoxlu sayda mühüm beynəlxalq tədbirə ev sahibliyi edib. Məsuliyyətli dövlət olan Azərbaycan bu tədbirlərdə özünəməxsus yüksək standartlar müəyyənləşdirib və sonradan bunlar bütün dünyada norma kimi qəbul olunub. Beynəlxalq birliyin etimadını böyük məsuliyyət kimi qəbul edən Azərbaycan COP29-a da cəmi bir il ərzində yüksək səviyyədə hazırlıqlar həyata keçirdi. Bu, həm də ölkəmizin hazırda aktuallığı heç vaxt olmadığı qədər artan iqlim çağırışlarına həssas yanaşmasını ifadə edir.

Çəkilən zəhmət, sərgilənən məsuliyyətli yanaşma  öz bəhrəsini verdi. Belə ki, COP29-un yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksəksəviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.

Ən nəticəyönümlü konfranslardan biri

Bakının ev sahibliyi etdiyi tədbir, heç şübhəsiz ki, COP tarixində ən nəticəyönümlü konfranslardan biri kimi qalacaq. Tədbir çərçivəsində aparılan aktual müzakirələr, qəbul olunan mühüm qərarlar, həmçinin dünya miqyasında konfransa göstərilən böyük maraq belə qənaətə gəlməyə tam əsas verir. Bir sıra dairələrin, o cümlədən də Fransanın baykot çağırışlarına rəğmən, COP29-a 80 dövlət və hökumət başçısı, bütövlükdə qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı qatıldı.

Eyni zamanda, Bakıda COP tarixində bir sıra ilklərə imza atıldı. Hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması COP29-un ən böyük uğurlarından biridir. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir.

Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.

İqlim dəyişmələrinə qarşı mübarizədə yeni dövr

COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur.

COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Daha bir mühüm məqam ondan ibarətdir ki, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu. Bütün bunlar onu deməyə əsas verir ki, COP29 qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə dönüş nöqtəsi oldu.

MÜBARİZ

Chosen
33
4
yeniazerbaycan.com

5Sources