EN

Tramp transgenderləri ordudan azad edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bütün transgenderlərin ABŞ Silahlı Qüvvələrinin sıralarından təxris edilməsinə səbəb olacaq fərman verməyi planlaşdırır.

Herbiand.az bildirir ki, bu barədə “The Times” mənbələrə istinadən məlumat yayıb.

Hazırda hərbi qulluqçular arasında təxminən 15 min transgender var. Jurnalistlərin sözlərinə görə, onlar tibbi səbəblərə görə xidmətə yararsız kimi azad olunacaqlar.

The Times-a görə, yeni fərman Trampın 2018-ci ilin martında ilk prezidentlik dövründə (Co Bayden 2021-ci ilin yanvarında sələfinin qərarını ləğv etmişdi) verilən əvvəlki fərmandan daha sərt olacaq. Həmin vaxt Tramp transgenderlərin hərbi xidmətə qəbulunu qadağan etmişdi və artıq hərbidə olanların xidmətini davam etdirməsinə icazə vermişdi. Lakin bu dəfə hətta Silahlı Qüvvələrdə karyerası olanlar da tərxis olunacaqlar.

2019-cu ilə olan məlumata görə, ABŞ ordusundakı transgender-əsgərlərin sayı təxminən 14,7 min nəfər olub. 2021-ci ildə təxminən 2,2 min hərbi qulluqçuya gender disforiyası diaqnozu qoyulub. Gender disforiyası, bir insanın öz cinsi statusunu tam qəbul edə bilmədiyi bir transgender vəziyyətinə aiddir.

Ümumilikdə, ABŞ Silahlı Qüvvələrində 1,3 milyon insan xidmət edir.

Qəzet yazır ki, hərbi xidmətdə olan transgenderlərin sayının dəqiq hesablanmasına Pentaqonun məxfilik siyasəti mane olur.

Transseksuallar ABŞ Silahlı Qüvvələrində xidmət etmək hüququnu 2016-cı il iyunun 30-da alıblar. Müvafiq sərəncamı o zamankı prezident Barak Obama imzalayıb.

Qeyd edək ki, Donald Trampın ikinci prezidentlik müddəti 2025-ci il yanvarın sonunda başlayacaq.

Bəxtiyar CƏFƏRLİ

Chosen
15
herbiand.az

1Sources