EN

Vaşinqtona MÜHÜM ZƏNG: “Trampın hakimiyyəti dövründə…”

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Amerikanın növbəti dövr üçün seçilmiş prezidenti Donald Trampa zəng etməsi iki ölkə arasındakı münasibətlərin gələcəyi baxımından müsbət bir addım idi. Bu zəng qarşıdakı illərdə Azərbaycan-ABŞ əlaqələrinin inkişafı üçün yeni perspektivlər açacağına işarə edir”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Sahil Kərimli deyib.

Analitik Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ-nin yeni seçilən 47-ci prezidenti Donald Tramp arasında ötən gün baş tutan telefon danışığını şərh edib.

S. Kərimli diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Donald Trampla söhbəti zamanı iki ölkə arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi xüsusi vurğulanmışdır:

“Trampın prezidentliyi dövründə Azərbaycan və ABŞ arasındakı münasibətlər daha da möhkəmlənmiş, əməkdaşlıq dərinləşmişdir. Eyni zamanda, Donald Trampın qlobal səviyyədə sülhün və təhlükəsizliyin təmin olunması istiqamətindəki səyləri də diqqətəlayiqdir. Trampın hakimiyyəti zamanı Amerikanın beynəlxalq birlik üçün səmimi səylər göstərdiyinin şahidi olmuşuq”.
Siyasi təhlilçi hesab edir ki, yanvarın 20-dən sonra Tramp prezident kimi vəzifəsinin icrasına başladıqda, bu müsbət dinamikanın davam edəcəyini müşahidə edəcəyik:

“Doğrudur, ABŞ-də müəyyən xarici siyasət kursu mövcuddur və bəzi hallarda Azərbaycana qarşı ikili standartlar tətbiq edilib, təzyiq mexanizmləri işə salınıb, haqsız mövqe nümayiş etdirilib. Bunun səbəblərindən biri də erməni lobbisinin təsiri altında Ermənistanın müdafiəsinin dəfələrlə prioritetə çevrilməsidir. Lakin ABŞ-nin dövlət siyasəti ilə yanaşı, hakimiyyətdə olan şəxslərin baxışları da önəmli rol oynayır”.

“Təəssüf ki, Bayden administrasiyasının Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyi davamlı olaraq müşahidə edilmişdir. Bununla belə, ehtimal etmək olar ki, Trampın hakimiyyəti dövründə bu qərəzli siyasət müəyyən dərəcədə korrektə ediləcək. Azərbaycanın haqlı mövqeyinə qarşı maneələr azalacaq və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması üçün ABŞ-nin daha səmimi bir mövqe tutmasının şahidi ola bilərik”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Chosen
18
yenicag.az

1Sources