EN

Deputatdan SOS: “1500 məktəbin bağlanması planlaşdırılır”

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Ceyhun Məmmədov bildirib ki, 2024-cü ilin büdcəsində olduğu kimi, bu ilin büdcəsində də ötən illərdə əldə etdiyimiz uğurların davam etdirilməsi məqsədilə müdafiə və təhlükəsizlik, sərhədlərimizin qorunması, Böyük Qayıdışın sürətləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və təhsil sahəsinə ayrılan vəsaitin artırılması xüsusi əhəmiyyət daşıyır.

Musavat.com xəbər verir ki, deputat qeyd edib:

“Heç şübhəsiz ki, bu gün regional və beynəlxalq müstəvidə baş verən hadisələr sözügedən sahələrə ayrılan vəsaitin artırılmasını zəruri edir. Bu, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın artan gücünü və qüdrətini göstərir. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir ölkəyə çevrilib.

Heç şübhəsiz ki, ötən dövr bir çox mühüm hadisələrlə, o cümlədən prezident seçkiləri və Milli Məclisə seçkilərlə yadda qaldı. Azərbaycan xalqı hər iki seçkidə fəal iştirak edərək dövlətə və dövlətçiliyə səs verdi”.

Ceyhun Məmmədov əlavə edib ki, bu gün Azərbaycan tarixdə heç zaman olmadığı qədər güclü və müstəqildir:

“Bu gün Azərbaycan bütün bu işləri öz gücünə görür. Ötən dövrün əlamətdar hadisələrindən biri də torpaqlarımızın işğaldan tam azad olunması, bütövlüyümüzün, suverenliyimizin daha da gücləndirilməsi və Böyük Qayıdışın sürətlə həyata keçirilməsidir. Bu gün bütün işğaldan azad olunmuş rayonlar kimi, Cəbrayıl da yenidən qurulur, artıq cəbrayıllılar da öz doğma yurdlarına qayıdırlar”.

Bütün bunlarla yanaşı, deputat bölgələrdə vətəndaş qəbulu və seçicilərlə göruşlər zamanı qaldırılan bir sıra məsələlərlə bağlı təklifləri səsləndirib:

“Birinci, bölgələrdə yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlərin gücləndirilməsi və bu istiqamətdə ayrılan vəsaitin daha da artırılması. Bu gün bölgələrdə ən aktual məsələlərdən biri əhalinin işlə təmin olunması məsələsidir. Qəbullar zamanı əhalinin müraciətlərinin mütləq əksəriyyəti iş və maddi dəstəklə bağlı olur. İkinci, qazlaşdırma prosesinin sürətləndirilməsi. Saatlının Nərimankəndində məcburi köçkünlər üçün tikilmiş bir qəsəbə var. Hələ də qaz təchizatı həyata keçirilməyib. İnsanlar soyuq havalarda çox ciddi əziyyət çəkirlər. Bir neçə dəfə məsələ qaldırlmasına baxmayaraq, məsələ həllini tapmayıb. Bu məsələnin həlli o qədər də böyük vəsait tələb etmir. Üçüncü, bu ilin dövlət büdcəsində təhsilə ayrılan vəsait artırılması xüsusi əhəmiyyət daşıyır. Bu öz növbəsində dövlətimizin bu sahəyə diqqət və qayğısını göstərir. Ötən dövrün əlamətdar hadisələrindən biri də Qarabağ və Azərbaycan-Türkiyə Universitetinin yaradılmasıdır. Dördüncü, məlum olduğu kimi, 2025-ci ilin dövlət büdcəsində elmə ayrılan vəsait 244 000 000 manat müəyyənləşdirilib. Digər sahələrə bu sahə ilə müqayisədə daha çox vəsait ayrılıb”.

Qeyd olunanlara istinad edən Ceyhun Məmmədov aşağıdakı təkliflərlə çıxış edib:

“1. Elmi dərəcələrə görə verilən vəsaitin artırılması. Sonuncu dəfə bu məsələyə bir neçə il öncə baxılıb. Hazırda bu məbləğ fəlsəfə doktorları üçün 60, elmlər doktorları üçün 100 manatdır. Nazirliyin verdiyi məlumata əsasən, bu məsələ ilə bağlı yeni mexanizm tətbiq olunacaq. Əgər belə plan varsa, sürətləndirilməsini, yoxsa vəsaitin az da olsa artırılmasını təklif edirəm.

2. Universitetlərdə müəllimlərin maaşlarına baxılması, universitetlərin tədqiqat yönlü fəaliyyəti, maddi-texniki bazalarının gücləndirilməsi üçün ayrılan vəsaitin artırılması. Ümumilikdə universitetlərin maliyyələşmə sisteminə yenidən baxılması.

3. Yeni məktəbəqədər və orta təhsil müəssisələrinin inşası. Əksər ərazilərdə ciddi sıxlıq var. Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırlması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır. Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq”.

E.Paşasoy,
Musavat.com

Chosen
28
1
musavat.com

2Sources