EN

Əli Əkbər Vilayətidən İran-Azərbaycan birgə hərbi təliminə REAKSİYA

İran İslam Respublikası ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti hazırda İran və Azərbaycan arasında keçirilən birgə hərbi təlimi yüksək qiymətləndirib.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Vilayəti hərbi təlimlər barədə deyib: “İki ölkə arasında qarşılıqlı etimadın artdığını göstərən bu təlimlər dönüş olacaq. Təlimlər Allahın izni ilə bu həssas bölgənin tarixində və sülh və təhlükəsizliyin bərqərar olmasında bir nöqtədir”.

"İran və Azərbaycan arasında birgə təlimin əhəmiyyəti nədir?" - Vilayəti sualı cavablandırarkən deyib:

“İran və Azərbaycan arasında keçirilən birgə hərbi təlim ali rəhbərin Cənubi Qafqazla bağlı ehtiyatlı siyasətinin nəticəsi olan mühüm hadisədir. Bu təlimlər İran və Azərbaycan arasında qardaşlıq və mehriban qonşuluq münasibətlərinin getdikcə möhkəmləndiyini göstərir".

Vilayəti sözlərini belə davam etdirib: “İran və Azərbaycan kimi çox az xalq bu qədər yaxındır, çünki bu iki ölkənin tarixi, dini, dili, mədəniyyəti, ənənəsi və ortaq maraqları var”.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları və Azərbaycan Silahlı Qüvvələrinin xüsusi əməliyyat bölmələri dünən İranın Ərdəbil əyalətinin Aslandüz sərhəd rayonunda birgə hərbi təlimlərə başlayıblar.

Bu təlimin keçirilməsində məqsəd ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, mütəşəkkil qeyri-qanuni silahlı birləşmələrlə mübarizədə birgə əməkdaşlıq, ümumi sərhədlərin təhlükəsizliyi, hərbi potensialın artırılması və müdafiə sahəsində əməkdaşlığın taktiki-operativ səviyyədə genişləndirilməsidir.

Chosen
7
3
modern.az

10Sources