EN

Qarabağın inciləri: mikrofonsuz xanəndə

“İsfəndiyar Cavanşirov” deyəndə əksəriyyət onun kim olduğunu bilmir, amma “Xan əmi” demək kifayətdir ki, kimdən bəhs etdiyimiz anlaşılsın. 16 yaşından sonra öz adı istifadə edilməyən, Xan Şuşuniski kimi tanınan məşhur xanəndə 1901-ci ildə avqust ayının 20-si Şuşada anadan olub. Ailəsinin Qarabağ xanları nəsli ilə qohumluq əlaqəsi olub.

Öz xatirələrində danışırdı ki, lap uşaq ikən evdə oxuyarkən səsinin gücündən evdəki qab-qacaq cingildəyirmiş. Buna görə də təbi gələndə evdə yox, açıq səma altında, dağlarda oxuyurmuş. Onun peşəkar müsiqi təhsili 16 yaşında başlayır. Onun səsinin möcüzəsinə görə İtaliyaya dəvət edirlər, lakin atası getməsinə icazə vermir. Elə həmin yaşlarda da ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən Xan İqbalın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa edir, müəllimi ona ifa etdiyi muğamın müəllifinin şərəfinə Xan adını verir. Xanın bir xanəndə kimi yetişməsində, müəllimindən əlavə Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub.

Qeyd etmək lazımdır ki, Xan Şuşinskinin təsirləndiyi şəxslərdən biri olan Şeyid Şuşinski o dövrün görkəmli xanəndəsi Əbdülhəsən xan İqbali Azər ilə yaxından dost olub. Əbülhəsən xan vallarından birində "Hümayun" muğamını oxuyaraq, üzərində onu Seyid Şuşinskiyə həsr etdiyini yazdırmışdı.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirir. 1920-ci ildə Bakıdan Qarabağa təbliğat konsertləri vermək üçün gələn bolşevik təşviqat briqadasına daxil olan Cabbar Qaryağdıoğlu Xan Şuşinskini də briqadaya dəvət edir və birlikdə bütün Qarabağda konsert verirlər. Bakıya gəldikdən sonra buradakı ilk rəsmi çıxışı isə 1923-cü ildə olur. Bu çıxış Azərbaycan Dövlət Filarmoniyasında baş tutur. Səsi bütün ölkəyə, ölkəı hüdudlarından kənara yayılan Xan gündən günə məşhurlaşır, bir çox ölkələrdə və şəhərlərdə qastrol səfərlərində olur.

Xan Şuşinistki ilə Səməd Vurğunun möhkəm dostluq əlaqələri olub. Səməd Vurğun Xan Şuşinskinin səsini ilk dəfə ötən əsrin iyirminci illərində Gəncədə eşidib, elə o vaxtdan da xanəndənin sənəti, ecazkar səsi onu məftun eləyib. Çox çəkmədən hər iki sənətkar şəxsən tanış olur və bu tanışlıq sonralar möhkəm və səmimi bir dostluğa çevrilir. Vaqif Səmədoğlu öz xatirələrində deyir ki, Səməd Vurğunun elə bir məclisi olmazdı ki, Xan orda iştirak etməsin. Xanəndənin səsinin məftunu olan Səməd Vurğun özünün məşhur “Azərbaycan” şeirində Xanın səsini təsvir edir:

Könlüm keçir Qarabağdan,

Gah o dağdan, gah bu dağdan,

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görülür. 1943-cü ildə Azərbaycan Xalq Artisti adına layiq görülür. Bu fəxri ada layiq görülməsindən bir il sonra, yəni 1944-cü ildə Məhəmməd Rza Şah Pəhləvinin dəvəti ilə İrana qastrol səfəri edir. Bu səfər zamanı Tehran da daxil olmaqla, 4 şəhərdə konsert verir.

Xan Şuşiniski 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaradır və burada gənc xanəndələrə muğamın sirrlərini öyrədir. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslini yaradır. Xan Şuşinski həmçinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (Asəf Zeynallı adına Musiqi Məktəbi) müəllimliklə də məşğul olub.

Xanın repertuarında "Mahur–Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan öz repertuarına yalnız xalq mahnılarını daxil edir, bəstəkar mahnılarından yalnız Üzeyir Hacıbəyovun bəstələrini ifa edib. Ötən əsrin əvvəllərində xanəndələr öz səslərini Polçada lentə yazdırırdılar. Xan da orada səs yazdırdığı zaman onu doğulduğu Şuşanın şərəfinə Şuşiniski deyə çağırırlar, beləcə Xan Şuşiniski adı yaranır. Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin səsindən cəmi 240 dəqiqəlik lent yazısı qalıb.

Xan Şuşiniskinin ən məşhur ifalarından olan “Şuşanın dağları” mahnısının orijinalında “başı dumanlı” ifadəsi var. Lakin SSRİ rəhbərliynin “Sovet Şuşasının başı dumanlı ola bilməz” iradı ilə mahnı sözləri dəyişdirilir və “deyil dumanlı” edilir. 1937-ci ildə Hüseyn Cavidin qəzəllərini məsnəvi üstündə ifa etdiyinə görə Xan Şuşiniski efirlərə buraxılmır. Üzeyir Hacıbəyob onu Opera və Balet teatrına dəvət edir. Lakin xanəndə “mən üzümə qrim çəkib səhnəyə çıxa bilmərəm” deyib imtina edir, amma “O olmasın, bu olsun” filmində çəkilməyə razılıq verir.

İki dəfə ailə quran xanəndənin övladı çox gec olur. Xatirələrində “süsən sünbül bitirmişəm, ömrü başa yetirmişəm, balam hanı” deyə oxuyarkən əslində öz övlad qübarını dilə gətirdiyini deyirdi. 55 yaşı olanda qızı Bəyimxanım doğulur. Bundan sonra daha 3 övladı dünyaya gəlir. Övladları onun ikinci evliliyindən olur, ilk xanımı ona övlad verə bilmədiyi üçün ikinci dəfə evlənməyə məcbur edir. Xanın hər iki xanımı eyni evdə yaşayıb.

Xan Şuşiniski ilə bağlı ən maraqlı məqamlardan biri də odur ki, o ömrünün sonuna kimi mikrofonsuz oxuyub. 1943-cü ildə Moskvadan gələn musiqişünaslar Xandan rica ediblər ki, ağzının içinə, boğazına baxmağa icazə versinlər. Onlar inanmayıblar ki, səsgücləndirici olmadan bir insan bu qədər zildən oxuya bilər. Xanın güclü yaddaşı olub, o qədər güclü ki, çoxları onun yadında bu qədər qəzəli, mahnını saxlaya bilməsinə heyran olurdu. Ömrünün ixtiyar çağlarında belə yaddaşında minə yaxın şeir və qəzəli təhrifsiz saxlayıb, söyləyə və oxuya bilirdi.

Xanəndə ömrünün son illərində şəkərli diabetdən əziyyət çəkir. Ölümndən 10 il əvvəl qavalı yerə qoyur və bir daha oxumur. O bu addımını səhnədən vaxtında getməyin mühüm olması ilə əlaqələndirir. O 18 mart 1979-cu ildə, 78 yaşında vəfat edir və İkinci Fəxri Xiyabanda dəfn olunur.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Chosen
26
sesqazeti.az

1Sources