EN

Məktəb psixoloqları da sertifikasiyadan KEÇMƏLİDİR

Orta məktəblərdə müəllim və direktorlar əsas diqqət mərkəzində olsa da, məktəbin səmərəli fəaliyyətində digər işçilərin – psixoloqların, dərnək rəhbərlərinin, laborantların, sosial işçilərin və texniki heyətin rolu əvəzolunmazdır. Lakin Azərbaycanda bu kateqoriyadan olan işçilərin bilik və bacarıqlarının mütəmadi olaraq yoxlanılması, təkmilləşdirilməsi və qiymətləndirilməsi sistemi zəif inkişaf edib.

Bunu Apress.az-a açıqlamasında elm və təhsil eksperti Kamran Əsədov  bildirib.

O qeyd edib ki, beynəlxalq təcrübə ilə müqayisədə bu sahədə çox ciddi boşluqlar mövcuddur.

Ekspertin sözlərinə görə, Azərbaycanda məktəb psixoloqlarının rolu çox vaxt formal xarakter daşıyır.

“Rəsmi məlumata görə, 2023-cü ildə məktəblərin yalnız 55%-ində psixoloq vəzifəsi tam şəkildə icra olunur. Eyni zamanda, psixoloqların çoxu bu sahədə peşəkar hazırlıq səviyyəsinə malik deyil, çünki onlara tədris zamanı müasir psixoloji metodlarla işləmə bacarıqları öyrədilməyib”.

Ekspert bildirib ki, dünya təcrübəsində isə məktəb psixoloqları daha geniş səlahiyyətlərə və imkanlara malikdirlər.

“Məsələn, ABŞ-da məktəb psixoloqları məcburi şəkildə “National Association of School Psychologists” tərəfindən təsdiqlənmiş sertifikat almalı və hər beş ildən bir yenidən sertifikatlaşdırmadan keçməlidirlər. Finlandiyada psixoloqların fəaliyyətləri məktəb rəhbərliyi ilə birgə qiymətləndirilir və mütəmadi təlimlər keçirilməklə onların peşəkarlığı artırılır. Araşdırmalara görə, Finlandiyada məktəb psixoloqlarının 85%-i hər il təlimlərdə iştirak edir, bu isə şagirdlərin psixoloji problemlərinin vaxtında həll edilməsinə imkan yaradır”, – Kamran Əsədov vurğulayıb.

Ekspertin sözlərinə görə, məktəb psixoloqlar, dərnək rəhbərləri və digər işçiləri də sertifiksiyadan keçməlidir: “Azərbaycanda məktəb işçilərinin bilik və bacarıqlarının yoxlanılması ilə bağlı sistemli dəyişikliklər həyata keçirilməlidir. Bu dəyişikliklərə işçilərin sertifikatlaşdırılması, mütəmadi təlimlərin təşkili və fəaliyyətlərinin şəffaf şəkildə qiymətləndirilməsi daxildir. Dünya təcrübəsinə uyğun olaraq bu prosesin tətbiqi təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək və şagirdlərin hərtərəfli inkişafına xidmət edəcək”.

Chosen
13
2
apress.az

3Sources