EN

Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı

Şərqi Zəngəzur və Qarabağda iqtisadiyyatının dirçəldilməsi yaxın gələcəkdə bu diyarın yenidən bütün Cənubi Qafqazın inkişaf edən mədəniyyət və turizm mərkəzlərindən olacağını deməyə əsas verir. Əlbəttə ki, Azərbaycan inkişaf etmiş turizm ölkəsidir. Ölkəmizin flora və faunası, zəngin tarixi mədəniyyət abidələri Odlar diyarını xarici turistlər üçün cəlbedici edib. Azərbaycanın dinamik inkişafı, ölkəmizdəki əsaslı dəyişikliklər, respublikamızın siyasi-iqtisadi və mədəni mərkəz, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi çıxış etməsi ölkəmizin dünyada olan imicini daha da yüksəldib. Bütün sahələrdə həyata keçirilən layihələr Azərbaycanın hər bir bölgəsində turizm üçün geniş imkanlar açıb. Azərbaycanın hər bir bölgəsi turizm üçün yararlıdır. 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın da turizm potensialı genişdir. Zəngin Qarabağ torpağı istənilən əcnəbi turistin marağından kənar qala bilməz. Məlumdur ki, tarixi kökü olmayan və ərazinin tarixi ilə heç bir bağlılığı olmayan ermənilər 30 ilə yaxın işğal dövründə qəddarcasına Qarabağın və ətraf rayonların təbii landşaftı, tarixi-memarlıq abidələri, tranzit-kommunikasiya şəbəkəsi dağıdıb, bir sözlə regionun turizm infrastrukturunu tamamilə məhv ediblər. Talançılıq missiyasını reallaşdıran Ermənistan "sivilizasiyalı" dövlət kimi dünya ölkələri tərəfindən qəbul olunmuş konvesiya, qərar, bəyanat və qətnamələrə əməl etməyib. İşğaldan azad olunmuş Şuşa, Ağdam, Füzuli, Cəbrayıl kimi rayonların turizm potensialı böyükdür. Bu ərazilərdə aparılan abadlıq-quruculuq işləri turistlərin diqqətini həmin məkanda olan flora və faunaya, mədəniyyət abidələrinə cəm edəcək.

Qarabağın işğaldan əvvəlki dövrdə fəaliyyət göstərmiş mədəni və səhiyyə obyektlərini yenidən dirçəltmək də önəmlidir. Şuşanın istirahət evləri, məktəblilərin yay tətilində dincəlməsini təmin edən düşərgələr də turizmin inkişafında önəmli faktorardır. Bu turizm və müalicə obyektləri Azərbaycan xalqının milli-tarixi dəyərlərini dünyaya tanıtmaqla yanaşı dövlət büdcəsinə gəlir gətirəcəkdir.

Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və s. daş yaddaşımızdır. Ermənilərin qurbanına çevrilən abidələrimizin artıq bərpa və təmir edilməsinə başlanılıb və bir neçəsində aparılan işlər yekunlaşıb. İlk insan məskənlərindən olmuş məşhur Azıx mağarası, Qaraköpək, Üzərliktəpə kurqanları, Şuşada Tarix Muzeyi, Daş Sənətkarlığı Muzeyi, Dərman Bitkiləri Muzeyi, Mir Möhsün Nəvvabın ev muzeyi və s. çoxsaylı turistlərin ziyarətgahına çevriləcək. Bu onu deməyə əsas verir ki, yaxın zamanlarda Azərbaycanın turizm məkanlarının coğrafiyası daha da genişlənəcəkdir.

Öz təbii sərvətləri ilə seçilən torpaqlarımızın səfalı və müalicəvi əhəmiyyət daşıyan yerləri, flora və faunasının başqa bir ab-havası var. Kəlbəcər rayonu ərazisindəki İstisu mineral suları, Şuşanın Cıdır düzü və saymaqla bitib-tükənməyən nümunələri böyük maraq doğurur. Dövlət başçısı İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək.

Bildiyimiz kimi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Qarabağ" hoteli istifadəyə verildi. 1980-cı ildə inşa edilən hotelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı nəticəsində öz fəaliyyətini dayandırıb və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşmüşdü. Şuşa şəhəri müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistanın işğalından azad edildikdən sonra 2021-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilməyə başlandı. Müasir səviyyəyə çatdırılan hoteldə Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran və bar qonaqların ixtiyarına verilib. Oteldə işgüzar görüşlərin və tədbirlərin keçirilməsi üçün konfrans otağı yaradılıb.

DAĞINTIYA NİSBƏTƏN AZ MƏRUZ QALAN YEGANƏ TİKİLİ

İşğaldan azad olunan ərazilərimiz sırasında Ağdam da var ki, 27 ildən sonra günəş şüaları ilə nurlanmış bu şəhər yeni dövrünə qovuşub. 20 noyabr 2020-ci il tarixində Ağdam rayonu Azərbaycan Respublikasına qaytarıldı. Rayonun ərazisində qədim tarixə malik yüzlərlə memarlıq və incəsənət abidələri vardır. Buradakı tarixi memarlıq abidələri, yaşayış məskənləri, sərdabələr, kurqanlar və s. müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Rayonun onlarla tarixi yaşayış məskənləri eneolit dövründən günümüzə kimi gəlib çatmışdır. Buranın hər bir daşı tarixi dövrləri əhatə edir və əlbəttə ki, turistlər ücün cəlbedicidir. Bu sırada Ağdam Cümə məscidin də xüsusi yeri var. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir. İşğaldan azad olunan ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası layihələri çərçivəsində Ağdam Cümə məscidindəki işlər yekunlaşıb və məscid əvvəlki görkəminə qaytarılıb. Torpaqlarımız işğaldan azad olunduqdan sonra 2022-ci ilin martından Ağdam Cümə məscidinin bərpasına başlanılmışdı. Restavrasiya prosesinin qüsursuz yerinə yetirilməsi məqsədilə ilkin tikinti zamanı istifadə olunan materiallar avstriyalı ekspertlər tərəfindən araşdırılıb. Ərazidəki dağıntılar aradan qaldırılıb, məscidin daxilində sütunların və kənar divarların yanında kəşfiyyat qazıntıları, giriş hissəsindəki tarixi daş döşəmənin üzə çıxarılması, tarixi və texniki tələblər əsasında müvafiq suvaq nümunələrinin və laboratoriya analizləri əsasında boya nümunələrinin yaradılması, sınıq günbəzin və tağların taxta konstruksiyalarla bərkidilməsi işləri yerinə yetirilib.

Qeyd edək ki, işğal dövründə - 2000-ci il mayın 9-da Ümummilli Lider Heydər Əliyevə təqdim olunmuş Ağdam Cümə məscidinə aid daş parçası da burada nümayiş etdirilir.

Damdakı günbəzlərin zədələnmiş suvağının aradan qaldırılması, günbəzlərin və anbarların əhəng suyu və əhəng qatı ilə gücləndirilməsi, divar tacının yenidən qurulması və uyğun təbii daşlarla doldurulması prosesi tamamlanıb. Məscidin içindəki daşlar, giriş qapısı bərpa olunub, fasadı tarixi görkəminə uyğun restavrasiya edilib.

AĞDAM ÇÖRƏK MUZEYİ

Əlbəttə ki, Ağdamın turizm məkanlarından söz açarkən, Ağdam Çörək muzeyini xüsusi olaraq qeyd etməliyik. Azərbaycanın Ağdam şəhərində yaradılan Çörək muzeyi 25 noyabr 1983-cü ildə ilk ziyarətçilərini qəbul etmişdi. Muzeydə 2800-ə yaxın eksponat vardı. Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü. İlk atılan mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. Digər mərmi isə 1992-ci ilin avqust ayının 12-də Əsgəran rayonunun Xanabad və Naxçıvanik kəndi istiqamətindən atılan zaman muzeyə düşərək, muzeyi tamamilə məhv etmişdir. Nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv olmuşdur. Onu da vurğulamaq yerinə düşər ki, 1980-cı illərdə Ağdamda keçirilən "Natəvan" qızlar bayramı, "Xarı Bülbül" beynəlxalq festivalı məhz muzeyə baxışla başlanarmış. Hər daşı bir tarix olan Ağdam şəhəri öz keçmiş imicini yenidən özünə qaytarır və Azərbaycanın turizm bölgəsi kimi Ağdamın da bu sırada öz yeri və payı olacaqdır.

TURİSTLƏRİN ƏN ÇOX MARAQ GÖSTƏRƏCƏKLƏRİ MƏKAN

İstirahət üçün böyük məkan olan və ekoloji cəhətdən əhəmiyyət daşıyan "Daş-başı" və "Leşkar" meşələrində ermənilərin yanğın törətmələri də hər kəsin xatirindədir. "Leşkar" meşə sahəsində isə yararlı ağaclar tam qırılıb. Xatırladaq ki, Laçın dövlət yasaqlığında cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Burada 1989-cu ildə aparılan yoxlanmada: dağ-keçisi (bezoar keçisi) 96 baş, qaban 360 baş, cüyür 320 baş, ayı 110 baş, canavar, porzuq, dələ və s. heyvanlar, quşlardan qırqovul 200, kəklik 1500 məskunlaşmışdır. Qubadlı dövlət yasaqlığında isə işğaldan əvvəl müəyyən olmuşdur ki, burada 101 baş çöl donuzu, 21 baş qonur ayı, 35 baş çüyür, 420 baş dovşan, 25 baş canavar, 310 baş çaqqal, 75 baş porsuq vardır. Quşlardan ən çox kəklik yayılıb. Qırqovul, turac, bildirçin, göyərçin bu yerlərin daimi sakinlərindəndirlər. Belə bir səfalı yerlərə malik, turizmin inkişafına böyük təkan olacaq yerlərimizin ermənilərin əlində 30 ilə yaxın qalması Azərbaycanın iqtisadi inkişafına, onun turizm imkanlarının genişlənməsinə zərbə vurmuşdur. İşğal dövründə ermənilər bu xəzinədən vəhşicəsinə istifadə etmişdirlər. Cənnətməkan hesab olunan ərazilərimizi xarabalığa çevirən ermənlər yaxın bir zamanda buranın əvvəlkindən də gözəl bir məkan olacağının şahidi olacaqlar. Öz milli xüsusiyyət və təlabatlar çərçivəsində bu məkanlarda ab-hava yaradaraq Qarabağı turistlərin ən çox maraq göstərdiyi bir mərkəzə çevirəcəyik.

Son illər Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülsə də, ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ bölgəsi işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar Müzəffər Ali Baş Komandanın qətiyyəti və Ordumuzun rəşadəti sayəsində artıq düşmən tapdağından azad edilib.

Zümrüd BAYRAMOVA

Chosen
38
sesqazeti.az

1Sources