EN

“Qərb qoşunları Ukraynaya göndərilməməlidir”

Hanno Pevkur: “Qərb qoşunlarının hərbi əməliyyatlara cəlb edilməsinin riskləri faydalarından daha çoxdur”

“Ukrayna Silahlı Qüvvələrində şəxsi heyətin az olması və Rusiya tərəfdən Şimali Koreya hərbçilərinin döyüşlərdə iştirakına baxmayaraq, Qərb ölkələri Ukraynaya qoşun göndərməməlidir”. Bu sözləri Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.

Nazirin sözlərinə görə, Qərb qoşunlarının hərbi əməliyyatlara cəlb edilməsinin riskləri faydalarından daha çoxdur: “Mən bildiyimə görə, ukraynalılara Rusiya ilə döyüşmək üçün lazım olan hər şeyi verə bilsək, özləri rusların öhdəsindən gələ bilərlər”.

“Ukrayna öz hərbi istehsalına daha çox sərmayə qoymalıdır və Qərb dövlətləri bu işdə Kiyevə kömək etməlidir. Ukraynalılar ildə Fransadan 6-7 dəfə çox haubitsa yığırlar və ölkənin hərbi sənayesi ildə təxminən 30 milyard dollar dəyərində hərbi texnika istehsal etmək gücündədir. Ona görə də öz ehtiyatlarımızdan verməyə heç nəyimiz olmadıqda, onlara pul verilməlidir”, - Estoniya müdafiə naziri qeyd edib.

Qərb qoşunlarının Ukraynaya göndərilməsi məsələsini ilk dəfə bu ilin əvvəlində Fransa Prezidenti Emmanuel Makron qaldırıb. Makron buna səbəb kimi, Kiyevin müvafiq xahişini göstərib.

Estoniya hakimiyyəti Makronu dəstəkləyərək Ukrayna Silahlı Qüvvələrinə maddi-texniki dəstək vermək üçün öz qoşunlarını Ukraynanın qərbinə göndərmək imkanını nəzərdən keçirdiklərini açıqlayıb. Lakin Almaniya və İtaliya da daxil olmaqla bir sıra Avropa ölkələri bu cür planları istisna edib. NATO da öz əsgərlərini Ukraynaya göndərmək niyyətində olmadığını bəyan edib.

Noyabrın əvvəlində ABŞ “Patriot” hava hücumundan müdafiə sistemlərinin və F-16 qırıcılarının təmiri və saxlanması üçün Ukraynaya amerikalı podratçılar göndərilməsinə icazə verib. Lakin noyabrın sonuna qədər Pentaqonun məlumatına görə, onlar hələ ölkəyə gəlməyiblər.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bundan əvvəl Avropa ölkələrini ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın atəşkəslə bağlı danışıqlar aparacağı təqdirdə Ukraynaya qoşun göndərməyə hazırlaşmağa çağırıb. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin ordusu Ukrayna üçün təhlükəsizliyin qarantına çevriləcək və onu Rusiyanın yeni təcavüzündən qoruyacaq.

Rusiya Prezidenti Vladimir Putin isə iyun ayında bildirmişdi ki, Qərb hərbi təlimatçıları və məsləhətçiləri artıq Ukraynadadırlar. /ayna.az/

Chosen
18
turkustan.az

1Sources