EN

Sülhdən qaçmaq mümkün deyil- İlk razılaşma bu cür olacaq

Ermənistanın baş naziri Nikol Paşinyan ilin sonuna kimi Azərbaycanla sülhün əldə edilməsi ehtimalından danışıb. Bundan öncə isə o Bakıda keçirilmiş COP29 tədbirlərinə qədər yekun razılaşmanın əldə ediləcəyindən bəhs edirdi. Əslində, bu yanaşmalarla real addımlar arasında bir paradoks hökm sürür.

Bu sözləri Teleqraf.com-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

“Bu gün Paşinyanın vermiş olduğu açıqlamalarla, Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatları ilə mövcud vəziyyəti analiz etmək çox çətindir. Çünki bu açıqlamalar fonunda Ermənistanın davamlı silahlanması siyasəti həyata keçirilir”, - deyə S.Rüstəmxanlı söyləyib.

Partiya sədri hesab edir ki, Ermənistan rəhbərliyi sülhdən danışa-danışa digər yandan kiçik bir ölkəyə dünyanın müxtəlif ölkələrindən silahlar daşıyır:

“Kiçik bir ölkəyə bu qədər silahı doldurmaq Ermənistanı barıt çəlləyinə çevirmək deməkdir. Bu da gec-tez başlarında partlayacaq. İddia edirlər ki, Azərbaycan II Qarabağ müharibəsindəki qələbə ilə kifayətlənmir və yenidən Ermənistana hücum edəcək. Eyni zamanda Qərbi Azərbaycan mövzusunu da Ermənistan rəhbərliyi fərqli rakursda şərh edir. Bunu Azərbaycanın Ermənistanı işğal etmək siyasəti kimi qələmə verməyə çalışırlar. Aldıqları silahları özünümüdafiə məqsədi güddüyünü deyirlər. Amma Ermənistana göndərilən silahların böyük əksəriyyəti hücum xarakterlidir”.

Sabir Rüstəmxanlıya görə, bütün bunların fonunda sülhdən qaçmaq mümkün deyil:

“Ermənistan bunu başa düşür. Paşinyanın da etiraf etdiyi kimi, tarixi Ermənistan mif və uydurmadır. Əgər indi Azərbaycanla sülh bağlasalar, tarixə ilk dəfə bir erməni dövləti düşəcək. Çünki buna qədər beynəlxalq hüquq tərəfindən tanınan, sərhədləri tam aydın olan Ermənistan dövləti olmayıb. Ona görə də yekun sülh sazişinin imzalanması qaçılmazdır. Ola bilsin ki, sülhə keçid mərhələsi üçün başqa bir sənəd imzalansın”.


Müəllif: Tapdıq Qurbanlı
Chosen
15
1
teleqraf.com

2Sources