EN

Gürcüstan hökumətinin yeni tərkibi noyabrın 28-də təsdiqlənəcək

Baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi Gürcüstan hökumətinin yeni tərkibi parlamentin noyabrın 28-də keçiriləcək plenar iclasında təsdiqlənəcək. Yerli media xəbər verir ki, bunu parlamentin sədri Şalva Papuaşvili deyib.

Spikerin sözlərinə görə, bu tarixə qədər Gürcüstan parlamenti  komitələrinin birgə iclaslarında nazir vəzifələrinə namizədlərin dinləmələri keçiriləcək.

Bir gün əvvəl Kobaxidze hökumətdə üç nazirin dəyişdirildiyini açıqlamışdı. Kənd təsərrüfatı naziri Otar Şamuqiya, ədliyyə naziri Rati Breqadze və xarici işlər naziri İlya Darçiaşvili istefa veriblər.

Hökuməti yalnız hakim “Gürcü arzusu” partiyasından olan deputatlar təsdiq edəcək. Müxalifət parlament seçkilərinin nəticələrini tanımır və qanunverici orqanın işində iştirak etmir.

Bundan əvvəl Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deputatlara növbəti prezident seçkilərinin dekabrın 14-də, andiçmə mərasiminin isə dekabrın 29-da keçirilməsini təklif edib.

P.ƏMİRCANOV
XQ

Chosen
13
xalqqazeti.az

1Sources