EN

"Ərim sağ olsa da, onu itirməyə görə təqaüd almışam" - MƏHKƏMƏ

Dövlət Sosial Müdafiə Fondunun 6,5 milyon manat vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq əməkdaşı Vüsal Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Aznews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid Sofiya Yedigarova ifadəsi zamanı təqsirləndirilən şəxsi tanımadığını bildirib: “Mən Vüsalı tanımıram. Rüfət və İlqarla danışmışam. Rüfət rəhmətə gedib. İlqarla əlaqəm yoxdur. Mənim yoldaşım sağdır, lakin mən ailə başçısını itirməyə görə təqaüd almışam. Hər ay 100 manat məbləğində vəsait mənə verilirdi”.

Digər şahid Məmmədəli Zeynalov ifadəsində bildirib ki, onun adından təqaüd alınıb, amma o nə təqaüd, nə də bankdan kart alıb: “Mənə müstəntiq bildirdi ki, dövlət tərəfindən sənə 9000 manatdan artıq vəsait ödənilib. Həmin pullar karta köçürülüb və kartdan nağdlaşdırılıb. Kart “Bank of Baku”nun plastik kartıdır. Lakin mən banka yaxınlaşıb kart belə almamışam. Bildiyimə görə, kartı bankdan Bəhruz götürüb”.

Təqsirləndirilən şəxs kartı başqa bir adamın götürməsini qeyri-mümkün adlandırıb və məhkəmədən “Azəricard”a bununla bağlı sorğu göndərməyi xahiş edib.

Məhkəmə yerində müşavirə edərək məsələni baxılmamış saxlayıb. Qeyd olunub ki, növbəti prosesdə sorğu məsələsinə qayıdılacaq.

Daha sonra digər şahidlər ifadə verib.

Chosen
16
14
aznews.az

10Sources