EN

"Ərim sağ olsa da, təqaüd almışam" - 6,5 milyon manatlıq DƏLƏDUZLUQ

Dövlət Sosial Müdafiə Fondunun 6,5 milyon manat vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq əməkdaşı Vüsal Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid Sofiya Yedigarova ifadəsi zamanı təqsirləndirilən şəxsi tanımadığını bildirib: “Mən Vüsalı tanımıram. Rüfət və İlqarla danışmışam. Rüfət rəhmətə gedib. İlqarla əlaqəm yoxdur. Mənim yoldaşım sağdır, lakin mən ailə başçısını itirməyə görə təqaüd almışam. Hər ay 100 manat məbləğində vəsait mənə verilirdi”.

Digər şahid Məmmədəli Zeynalov ifadəsində bildirib ki, onun adından təqaüd alınıb, amma o nə təqaüd, nə də bankdan kart alıb: “Mənə müstəntiq bildirdi ki, dövlət tərəfindən sənə 9000 manatdan artıq vəsait ödənilib. Həmin pullar karta köçürülüb və kartdan nağdlaşdırılıb. Kart “Bank of Baku”nun plastik kartıdır. Lakin mən banka yaxınlaşıb kart belə almamışam. Bildiyimə görə, kartı bankdan Bəhruz götürüb”.

Təqsirləndirilən şəxs kartı başqa bir adamın götürməsini qeyri-mümkün adlandırıb və məhkəmədən “Azəricard”a bununla bağlı sorğu göndərməyi xahiş edib.

Məhkəmə yerində müşavirə edərək məsələni baxılmamış saxlayıb. Qeyd olunub ki, növbəti prosesdə sorğu məsələsinə qayıdılacaq.

Daha sonra digər şahidlər ifadə verib.

Proses dekabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Əliyev Vüsal Arif oğlunun qanunsuz əməlləri ilə bağlı daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla Vüsal Əliyevin saxta əmək kitabçaları, şəxsiyyət vəsiqələri və digər sənədlər hazırlayaraq ayrı-ayrı vətəndaşlara əsassız olaraq güzəştli şərtlərlə ailə başçısını itirməyə və ya yaşa görə əmək pensiyalarının təyin olunmasına nail olması, nəticədə Dövlət Sosial Müdafiə Fonduna məxsus ümumilikdə 6 milyon 500 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Vüsal Əliyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Chosen
16
14
hurriyyet.az

10Sources