EN

Böyük güclər iqlim məsuliyyətindən qaçırlar -ŞƏRH


Dünyanı yaxın illərdə böyük fəlakətlər bürüyərsə, bunun səbəbkarı irəlidə olan inkişaf etmiş Qərb dövlətləri olacaq
 
 
 COP29 ərəfəsində dünya ABŞ və Avropa İttifaqının, Qərbin məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi oldu. Əfsuslar olsun ki, ABŞ Prezidenti Cozef Bayden Administrasiyası və Aİ rəhbərliyi əlaqəli şəkildə müzakirələri hədəfdən yayındırmaq yolunu tutdular. Bayden administrasiyası ümumiyyətlə yeni prezident seçilmiş D.Trampa mümkün qədər çox problem saxlayıb getmək yolunu tutub. Maliyyə hədəfinin müəyyən olunması prosesinin gərgin keçməsinin əsas səbəbkarı Avropa İttifaqı və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayendir. O, Bayden Administrasiyası ilə razılaşdırılmış şəkildə Avropa İttifaqının iqlim dəyişikliyinə qarşı mübarizə məqsədlərinə mümkün qədər az vəsait ayrılmasının qərarlaşdırıldığını bilirdi  və məhz buna görə Bakıya gəlmədi. Təsadüfi deyil ki, COP29-da Aİ-ni təmsil edən, artıq neçənci gündür Bakıda olan Almaniyanın xarici işlər naziri Annalena Berbok iqlim məsələləri ilə məşğul olmaq əvəzinə mətbuat konfransı keçirib Azərbaycanda insan haqlarından danışdı. Azərbaycan müxalifəti və Qərbin buradakı şəbəkə fəalları ilə görüşlər keçirdi. Sonuncu gün COP29-un müzakirələri zamanı isə yalnız gərginlik yaratmaqla məşğul oldu. Ancaq beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Qərb dövlətləri güzəştə getməli oldular. Digər tərəfdən, inkişaf etməkdə olan ölkələr də kompromisə getdilər. Bu tarixi razılaşma məhz Bakıda əldə olundu. COP29-da 300 mlrd. dollar maliyyə hədəfi həqiqətən tarixi nailiyyətdir və qarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün zəmin yaradıldı. Bütün maneçiliklərə baxmayaraq, Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi tədbir oldu. İqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfələri ilə yadda qalacaq.
 Azərbaycana qarşı hibrid müharibəni xatırladan bu hücum kampaniyası nəticə vermədi. Bakı COP29-a ləyaqətlə ev sahibliyi etdi və üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməklə bəşəriyyətin xilasına mühüm töhfə verdi. COP29-da gözlənilən nəticənin əldə edilməməsi isə Qərb ölkələrinin öhdəliklərindən qaçması və prosesi pozmağa hesablanmış təxribat fəaliyyətlərindən qaynaqlanır.

 Siyasi şərhçi Azər Həsrət "Sherg.az”a açıqlamasında deyib ki, çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Qərbin aparıcı inkişaf etmiş qüdrətli dövlətləri bəşəriyyətin xilas edilməsi üçün üzərlərinə düşən vəzifənin icrasından hər vəchlə yayınmağa çalışır. Analitik bildirib ki, Qərbin məsuliyyətdən qaçması nəticə etibarilə təkcə kasıb, imkansız dövlətləri və xalqları deyil, bütün yer kürəsini vuracaq:

 "Yəni bu, böyük bir məsuliyyətsizlikdir. Onlar qüdrətli, daha güclü ola bilərlər, amma Yer kürəsini mütləq və mütləq birlikdə xilas etməliyik. Çünki həqiqətən də, dünya elə bir mərhələyə gəlib çatıb ki, burada hamımız əl-ələ verməsək, böyükdən kiçiyə Yer kürəsini xilas edə bilməyəcəyik. İqlim dəyişikliyi çox böyük fəsadlara səbəb olacaq. Çox dəhşətli qırğınlara, ölümlərə, təbiətin məhv olmasına, ümumiyyətlə, Yer kürəsinin acınacaqlı duruma düşməsinə səbəb olacaq. Yəni belə bir şəraitdə inkişaf etmiş Qərb dövlətləri təkbaşına xilas ola biləcəklərmi? Təbii ki, ola bilməyəcəklər. Bu, hamımızın içində olduğumuz bir gəmidir. Bu gəminin hansısa bir hissəsindən deşik açılıb su alırsa, o suyun qarşısını kəsmək böyüklü-kiçikli hamının borcudur".

 A.Həsrət vurğulayıb ki, təəssüflər olsun ki, Qərb dövlətləri, xüsusən də insan haqlarından, insana yüksək dəyərdən danışan Qərb dövlətləri bu məsuliyyətin altından qaçırlar:
 "Əlbəttə ki, Azərbaycan kimi nisbətən kiçik ölkələr üzərinə düşəndən artığını yerinə yetirir, yetirməyə hazırdır. Amma belə bir şəraitdə pulu, var-dövləti başından aşan, həqiqətən də, böyük məbləğləri mənasız işlərə xərcləyən Qərb dövlətləri yaxalarını kənara çəkirlər. Əlbəttə ki, bu, bəşəriyyətin başına gələcək bəlaların anonsudur. Dünyanı yaxın illərdə böyük fəlakətlər bürüyərsə, bunun səbəbkarı irəlidə olan inkişaf etmiş Qərb dövlətləri olacaq. Ona görə düşünürəm ki, dünya dövlətləri yığışıb BMT platformasında daha ciddi qərarların alınması üçün hərəkətə keçməlidir. Yəni Qərb dövlətləri məcbur edilməlidir ki, o qazandıqları böyük pullardan dünyanın xilası üçün xərcləsinlər. Hələ nəzərə almaq lazımdır ki, o pulların böyük əksəriyyətini də onlar talançılıq müstəmləkəçilik hesabına qazanıblar və ona görə gəlib bu qədər böyük vəsaitlərə sahib olublar, amma dünyanı xilas etmək istəmirlər. Bu məsuliyyət hamımızındır. Ona görə də onların yaxasından heç kim əl çəkməməlidir".
Chosen
16
sherg.az

1Sources