EN

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üçün büdcəsi...

Fondun xərclərinin 96,52 faizini əhaliyə ödənişlər təşkil edəcək

Milli Məclisin dünənki iclasında  “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib. Qeyd edək ki, 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri 41 milyard 367 milyon 600 min manat məbləğində nəzərdə tutulur. 2025-ci il üçün icmal büdcəsinin gəlirləri 43 milyard 911 milyon manat, xərcləri 47 milyard 589 milyon manat, kəsiri isə 3 milyard 679 milyon manat proqnozlaşdırılır.

Daha sonra iclasda “Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev  bildirib ki, Fondun 2025-ci il üzrə xərclərinin maliyyələşdirilməsi üçün maliyyə mənbəyi 7 milyard 676 milyon manat nəzərdə tutulur, bu da 2024-cü il ilə müqayisədə 727 milyon manat və ya 10,5 faiz çoxdur. Fondun maliyyə mənbəyinin 7 milyard 617 milyon manatlıq hissəsini Fondun gəlirləri, 59 milyon manatlıq hissəsini isə Fondun əvvəlki illərdə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsait təşkil edir.

Fondun 2025-ci il üçün gəlirlərinin 78,1 faizi və ya 5 milyard 997 milyon manatının məcburi dövlət sosial sığorta (MDSS) daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 519 milyon manat və ya 9,5 faiz çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 66,1 faizi qeyri-büdcə sektorunun, 33,9 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək.

Dövlət Sosial Müdafiə Fondunun xərcləri ilə bağlı qeyd edilib ki, Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52 faizini və ya 7 milyard 408 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək. Əhaliyə ödənişlər üzrə xərclərin 7 milyard 210 milyon manatı əmək pensiyalarının, 198,4 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin payına düşür. Əhaliyə ödənişlərin 2025-ci il üçün nəzərdə tutulmuş proqnozu 2024-cü ilin təsdiqlənmiş proqnozundan 702,4 milyon manat, yaxud 10,5 faiz çoxdur. Əmək pensiyalarının orta aylıq məbləğinin 2025-ci ildə 535 manat olacağı, yaşa görə pensiyanın orta aylıq məbləğinin 571 manata yüksəlməsi proqnozlaşdırılır.

2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,41 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3 faiz, yaxud 16,83 milyon manat çoxdur. Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdiriləcək xərclər 25 milyon manat olacaq.

Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək  “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” fikirlərini bildirib. Nazir 2025-ci ilin dövlət və icmal büdcələrinin sosial çağırışlara cavab verdiyini, burada sosialyönlü xərclərin prioritet təşkil etdiyini söyləyib. O qeyd edib ki, dövlət büdcəsində növbəti il üçün sosialyönümlü xərclərə 16,9 milyard manat məbləğində vəsait ayrılıb. Elm, təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, incəsənət və bu qəbildən olan sosial xərclər üzrə növbəti ilin büdcəsi 12,6 milyard manat təşkil edəcək. Sosial müdafiə, sosial təminat xərcləri 4,8 milyard manat vəsait nəzərdə tutulub.

Sahil Babayev diqqətə çatdırıb ki, növbəti ildə Dövlət Sosial Müdafiə Fondunda büdcədən maliyyələşən təşkilatlar üzrə artım 135 milyon manat, qeyri-büdcə təşkilatları üzrə artım isə 385 milyon manat olaraq proqnozlaşdırılır. Transfertin həcmi 1,6 milyard manat müəyyən edilib. Növbəti ildə transfertin Fondun cari xərclərindəki payı 20,8 faiz təşkil edəcək. Bildirilib ki, pensiya sistemində əsassız və saxta ödənişlərin aradan qaldırılması nəticəsində 2024-cü ilin 9 ayı ərzində indeksasiya əmsalları tətbiq edilmədən 955 milyon manat, indeksasiya tətbiq edildikdə isə 1 milyard 363 milyon manat əsassız xərclərin qarşısı alınıb.

Onun sözlərinə görə, “Böyük Qayıdış” üzrə Dövlət Proqramı çərçivəsində azad edilmiş ərazilərə köçmüş əhalinin məşğulluğunun artırılması prioritet olaraq qalacaq. Belə ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və iqtisadi fəal olan şəxslərin 80 faizdən çoxunun məşğulluğu təmin edilib, digər şəxslərin də məşğulluğunun təmin olunması istiqamətində işlər aparılır.

Daha sonra çıxış edən millət vəkilləri Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi ilə bağlı fikir və təkliflərini bildiriblər.

Nardar BAYRAMLI

Chosen
16
10
yeniazerbaycan.com

10Sources