Sədərək rayonundan olan şəhid Nadirli Ərtoğrul Hümbət oğlunun Şəhidlik zirvəsinə ucalmasının 4-cü ildönümü şəhidlər xiyabanında qeyd olunub.
Tədbirdə rayonda fəaliyyət göstərən təşkilatların rəhbərləri və əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, döyüş yoldaşları, qazilər, müəllimlər və rayon sakinləri iştirak ediblər.
Tədbirə başlamazdan əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur. Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə 44 gün davam edən Vətən müharibəsində, eləcə də Ermənistan silahlı qüvvələri birləşmələrinin Qarabağ iqtisadi rayonunda törətdikləri genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, Zəfərlə başa çatan döyüşlərdə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Bildirilib ki, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda başlanan savaşda Sədərək rayonunun qəhrəman oğulları da rəşadətlə vuruşub, şəhid olublar. Bu Qələbə şəhidlərimizin canı, qazilərimizin qanı hesabına qazanılıb, hərbçilərimizin rəşadəti sayəsində əldə olunub. İcra başçısı Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirdiklərinə görə şəhidlərin valideynlərinə dərin ehtiramını bildirib.
Yeni Azərbaycan partiyasının Sədərək rayon təşkilatının sədri Arif Qasımov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Mahir İsmayılov, Şəhidin əmisi Həsən Rzayev, Şəhid Sadıqlı Məmmədhəsənin atası Sadıqov Meydan, müəlliməsi Vüsalə Əliyeva çıxış edərək ərazi bütövlüyünü bərpa edən, torpaqlarımızda üç rəngli bayrağımızı ucaldan hərbi qulluqçularımıza can sağlığı, şəhidlərimizə rəhmət diləyərək Azərbaycan ordusunun əldə etdiyi bu zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirmişlər. Sonra məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər dinlənilmiş, şəhidlərimizin ruhuna dualar oxunmuş və məzarları üzərinə gül qoyulmuşdur.
Sonda şəhidin atası Rzayev Hümbət çıxış edərək, Vətən uğrunda canlarından keçən qəhrəman oğullarla hər zaman qürur duyduqlarını bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.