EN

“Yaşıl enerji” istehsalında rekord göstərici

Ölkəmizdə 10 ay ərzində bərpaolunan enerji istehsalı 80 faizdən çox artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda bərpaolunan enerji mənbələrində istehsal edilən elektrik enerjisinin həcmi rekord həddə çatıb. Bu dövr ərzində respublika üzrə 23,8 milyard kVt·st elektrik enerjisi istehsal edilib ki, onun təxminən 3,4 milyard kVt·st-ı “yaşıl enerji” mənbələrinin payına düşür. Belə ki, bərpaoluna enerji portfelində ilk güc “yaşıl hidrogen” və ya su elektrik stansiyalarının (SES) üzərində cəmləşib. SES-lər tərəfindən 2,6 milyard kVt·st-a yaxın enerji istehsal olunub ki, bu son illərin ən yüksək göstəricisidir. Külək elektrik stansiyalarında 44,8 mln. kVt·st, günəş elektrik stansiyalarında 515,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 192,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Son bir ildə 1,5 milyard kVt·st əlavə “yaşıl güc”...

Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında “yaşıl güclər” üzrə istehsal həcmi 1,9 milyard kVt·st-a bərabər olmuşdu. Göründüyü kimi ötən 10 ay ərzində “yaşıl enerji” mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1,5 milyard kVt·st artaraq 3,4 milyard kVt·st təşkil etməklə yüksək rekord nümayiş etidirib. Cəmi bir il ərzində “yaşıl enerji” istehsalının 80 faiz artması rekord göstərici olmaqla Azərbaycanın “yaşıl enerji” strategiyasının gözlənildiyindən də uğurla həyata keçirilməsindən xəbər verir.

Hazırda “yaşıl enerji”nin payı ölkə üzrə ümumi enerji balansında 15 faizi ötməklə əhəmiyyətli dərəcədə perspektiv ümidləri artırır. Bu, Azərbaycanda bərpaolunan enerji sahələrinin hər birində dayanıqlı artımın baş verdiyini göstərir və yaxın 5 il ərzində “yaşıl enerji” gücünün cəmi enerji istehsalında 25 faizi ötəcəyini əsaslandırır. Mövcud ssenari hökumətin 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin payının 30 faizə çatdırmaq planlarının vaxtından əvvəl yerinə yetiriləcəyinə də işarə edir. Yaxın 6-7 ildə bərpa olunan enerji sitehsalının təxminən 5 milyard Kvt-st-a çatacağı proqnozlaşdırılır ki, bu da cəmi enerji hasilatının təxminən 34 faizi deməkdir. Göründüyü kimi Azərbaycan “yaşıl enerji” gücünü artırmaqla bölgədə yeni enerji arxitekturasını da möhkəmləndirir.

Azad ərazilərin “yaşıl hidrogen” potensialı artır

Azərbaycanın “yaşıl enerji” potensialı qiymətləndirmələrə əsasən, quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır.Təkcə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 10 ədəd kiçik su elektrik stansiyası inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir. Ümumilikdə, 2 il ərzində Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bu isə bu bölgədə bərpa olunan təmiz enerjinin gücünün 1 QVt-ı ötməsinə səbəb olacaq.

Xarici investorlarla imzalanan sazişlər

Ölkəmizdə bərpa olunan enerji istehsalında davamlı artımların qeydə alınması, külək və günəş enerjisi üzrə hasilatın kəskin yüksəlişi xarici investorların və donorların marağını artırır. Son 2 ildə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə  bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb. Ümumilikdə, Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Bundan başqa, Azərbaycanda Dünya Bankı (DB) , Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) , Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının inşasına kreditlər ayıracaq. 2 ay əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə maliyyə tutumu 1 milyard dollar olan müqavilələrin imzalanması isə “yaşıl enerji” hərəkatında yeni dalğanın başlanğıcı sayıla bilər. Bu, yeni enerji sərmayələrinin açar sazişi kimi digər çoxhəcmli investisiyalar üçün əsaslı zəmin demıəkdir. Həmin sərmayə proqramının davamı kimi digər potensial investorlarla daha iritutumlu “yaşıl sərmayələr”in qoyuluşuna dair ilkin razılaşmalar da əldə edilib. Məsələn, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti qarşıdakı illərdə ölkəmizin yaşıl güclərinə 5 milyard dollara yaxın investisiya yatırmaq niyyətini bəyan edib.

COP29 çərçivəsində ilk “yaşıl hərrac”...

Bərpaolunan enerji layihələrinə xarici investorların böyükhəcmli sərmayələr qoyacağına dair gözləntilər çox ümidvericidir. Bunu COP29 çərçivəsində keçirilən iclaslarda aparıcı maliyyə instututlarını və nüfuzlu xarici investorların nümayəndələrinin açıqlamları və Azərbaycan hökuməti ilə imzaladıqları niyyət sazişləri də təsdiqləyir. Həmçinin COP29 tədbirlərində ilk bərpaolunan enerji hərracının keçirilməsi və xarici investorlardan birinin qalib elan olunması bu sahədə sərmayə həmrəylinin artmasının göstəricisi hesab edilə bilər. COP ailəsinin Azərbaycanda bərpaolunan enerji potensialının reallaşdırılmasına sadiqliyini təsdiq edən və təmiz ekoloji enerji sektoru üçün bu uğur hadisəsi investorların Azərbaycanda “yaşıl enerji” layihələrinə marağını və etimadının daha da artmasına zəmin yaradacaq.

Onu da qeyd edək ki, COP29 çərçivəsində imzalanan “İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığına dair Bakı Bəyannaməsi” də imzalanıb ki, bu sənəd üzv ölkələr arasında yeni hədəflərin gerçəkləşməsində, o cümlədən sosial, iqtisadi və ekoloji sahələrdə təşəbbüslərin dəstəklənməsində əlaqələndirici platformanı formalaşdıracaq. Sənəd “yaşıl prinsiplər”ə çatmaqda bir sıra texniki-hüquqi proderların təkmilləşdirilməsinə, yeni fəaliyyət çərçivəsinin müəyyənləşməsinə və nəticədə birgə qarşılıqlı əlaqələrin güclənməsinə ciddi töhfə verəcək. Ticari və investisiya bloklarında daha asan rejimlərinin qurulması tərəflərin manesiz tranzitləri həyata keçirməsi, rəqəmsal mübadilələri tənzimləməsi proseslərini də yaxşılaşdıracaq. Bu isə Azərbaycanın “yaşıl enerji” sektorunun investisiya imkanlarını daha da artıracaq.

Beləliklə, Azərbaycan özünün günəş və külək, habelə hidrogen generasiyalarını inkişaf etdirərək “yaşıl enerji dəhlizi”nin rentabelli və dayanıqlı güc balansını da təmin etməyə doğru irəliləyir. “Yaşıl enerji” siyasətinin əsas istiqamətlərindən biri kimi yaxın illərdə ixracın şaxələndirilməsi əsas prioritetdir və həmin istiqamət üzrə fundamental hüquqi baza yaradılıb, hazırda yaşıl infrastrukturların qurulması işləri sürətlə icra olunur. “Yaşıl enerji”nin ixracını təmin edəcək “Mərkəzi Asiya -Xəzər-Qara dəniz-Avropa” dəhlizinin yaradılması ilə bağlı niyyət razıalşmaları imzalanıb. Azərbaycan bərpaolunan enerji gücünün yaxın 10 ildə ən azı 4 dəfə artırmaqla bu dəhlzilə 4 Gvt gücündə “yaşıl enerji”ni ixrac edə biləcək.

Təkcə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur.

ELBRUS CƏFƏRLİ

Chosen
33
29
yeniazerbaycan.com

10Sources