Avstraliyanın Nümayəndələr Palatası çərşənbə günü 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.
“Cebheinfo.az” xəbər verir ki, dünyada bir ilk olacaq qərarın Senatdan keçməsi və qanuna çevrilməsi gözlənilir.
Buna səbəb uşaqların müdafiəsində bəzi platformaların yetərsizliyi olub.
Avstraliyanın böyük siyasi partiyaları “TikTok”, “Facebook”, “Snapchat”, “Reddit”, “X” və “Instagram” kimi platformalara qoyulan qadağanı dəstəkləyib.
Tənzimləmə ilə, azyaşlı uşaqların hesab sahibi olmasına mane olmayan sosial media şirkətləri 33 milyon dollara qədər cərimələnəcək.
Qanun layihəsi parlamentin səs çoxluğu ilə qəbul edilib. Tənzimləmə Senatdan keçdikdən sonra, sosial media platformalarının cəzalar tətbiq edilməzdən əvvəl yaş məhdudiyyətlərini necə tətbiq edəcəklərini müəyyən etmək üçün bir il vaxtı olacaq.
Avstraliya Yayım Korporasiyasının (ABC) xəbərinə görə, təklif edilən qanun layihəsini dəstəkləyən Avstraliyanın baş naziri Entoni Albanese sosial media platformalarının uşaqların "ruhi sağlamlığına zərər verdiyini" və uşaqların çöldə oynaması lazım olduğunu bildirib.