EN

"COP29: İqdim diplomatiyasinda Azərbaycanin zəfəri" - Deputat



Azərbaycan hər zaman əməkdaşlığa əhəmiyyət verməsi ilə seçilən ölkə olub. Onun üçün zəminində qarşılıqlı hörmət dayanan hər cür fəaliyyət qəbulolunan sayılıb. Mahiyyətində qələbə, zəfər, sülh anlayışlarının ehtiva olunduğu hər proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üçün sevərək qoşuldığı və icra etdiyi işlərdir. Çünki o, nəinki ölkəsinin, bütün dünyanın yaxşılığını düşünən və qayğısına qalan liderlər sırasında qərar tutan böyük siyasətçidir!

COP 29 bizə, Azərbaycana olan böyük etimadın göstəricisi idi. İlk növbədə, elə bundan başlamaq lazımdır. Necə oldu ki, Azərbaycana COP29 kimi mötəbər, qlobal bir tədbirə ev sahibliyi etmək həvalə olundu?! Cavab əlbəttə ki, sadə və aydındır. Düşünülmüş siyasət və strategiya, düzgün taktika və diplomatiyamızın bir sıra digər aspektləri! 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü, 2012-2013-cü illərdə həmin təşkilatın sədri funksiyasını yerinə yetirən, 2019-cu ildə Qoşulmama Hərəkatına sədr seçilən və 2022-ci ildə sədrliyi daha bir il uzadılan Azərbaycana göstərilən etimad onun inkişaf etmiş ölkələr qrupuna doğru sürətli irəliləyişinin labüd elementləri, qlobal nüfuzunun mühüm komponentidir.

Azərbaycan COP29-un - bu böyük tədbirin öhdəsindən gəlmək üçün uğurlu addımlar atdı. “Təmiz ətraf mühit və yaşıl artım” üzrə sosial-iqtisadi prioriteti uğurla reallaşdırdı. Qlobal iqlim fəaliyyətinə dəstək vermək əzmi Azərbaycanın mənəvi simasını uğurla xarakterizə edən bir məqam idi. Dünyanın xilası, bəşəriyyətin nicatı, sağlam dünya, kainatla bağlı düşüncələr yönündə çalışmalar varkən, ölkəmiz bir də Qərbin qarayaxma kampaniyaları ilə üzləşdi. Gözlənilən idi. Beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamı rahat həzm edilə bilməzdi. Azırbaycan sübut etdi ki, o, eyni anda heç nəyə məhəl qoymadan öz yolu ilə irəliləyə, qarşısındakı böyük məqsədə doğru hədəflənə bilər. Məgər 44 günlük haqq savaşımızda belə olmadımı? Hər tərəfdən edilən hücumlara rəğmən qarşındakı məqsəddən dönməmək əzmi! Bu mənada, COP29 həm də bizim hekayəmizin davamıdır. Bu iqlim konfransı ölkəmizin birmənalı şəkildə planetar səviyyədə nigaranlığını sərgiləyən platforma oldu. Azərbaycanın lokal olaraq iqlim problemləri mövcud idi. Məsələn, biz hər il çaylarımızda suyun səviyyəsinin azaldığını, Xəzər dənizinin səviyyəsinin aşağı düşdüyünü görürük. Azərbaycan su qıtlığı problemi ilə də üzləşir. Amma ölkəmiz lokal göstəricilərimizdən də qlobal problemlərin həllinə yardımçı olmaq üçün yararlanmağı təklif etdi. COP29-a hazırlığın ilkin mərhələlərində davamlı şəkildə bildirilirdi ki, zəngin külək və günəş enerjisi potensialımız bizə bərpa olunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir. “Yaşıl enerji” zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpa olunan enerji mənbələrinə malikdir. Azərbaycan, həmçinin neft və qaz hasilatından əldə etdiyi gəlirləri yaşıl enerjiyə yatırır. Bu, açıq şəkildə göstərir ki, qazıntı enerji növləri ilə zəngin olmağımız yaşıl gündəliyi təşviq etmək istiqamətində addımlarımıza mane olmur. Yaxud, qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi Azərbaycan nümunəvi ölkə kimi daha kiçik emissiya payına sahib dövlətlərin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyini nümayiş etdirir.

Bütün bu müddət ərzində - COP29-a hazırlığın son mərhələsinə qədər prezident dövlət başçılarını bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırdı. Bildirdi ki, “dövlətlərin ümumi, lakin fərqli öhdəlikləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə haqqımız yoxdur”.

Bəli, ölkə başçısının da dəfələrlə vurğuladığı kimi, Bakı COP-u multilateralizm üçün həlledici sınaq oldu. Amma bu sınaq daha çox Azərbaycanın özünə gərək oldu. Bütün mənfi təsirləri adlamaq, Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına baş qoşmadan irəliləmək, iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyadan vaz keçməmək, daha da güclənən Azərbacan olaraq özünü tarix və bəşəriyyət qarşısında yenidən sübut etmək üçün COP29 mənəvi varlığımızda önəmli bir missiya daşıyıcısına çevrildi.

Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru




Chosen
16
4
aia.az

5Sources