EN

“Düşünürəm ki, Musayevlə Renduliçin işini müqayisə etmək o qədər düzgün deyil” – “Sabah”dan ayrılan məşqçi

Premyer-liqanın hər turu hansısa maraqlı hadisə ilə yadda qalır.

14-cü turdan sonra Krunoslav Renduliç istefa verdi. Onun “Sabah”dan ayrılacağı bəlkə də bir neçə tur öncədən gözlənilirdi. Artıq 7 oyundu qələbəyə həsrət qalan “bayquşlar” xorvatiyalı ilə sağollaşıb yerinə rusiyalı mütəxəssis Vasili Berezutskini gətirdi. Bir neçə gün əvvəl Renduliçin qapıçılar üzrə köməkçisi Vitali Kovalyov da komandadan ayrılmışdı. Artıq onun AFFA-nın qapıçılar üzrə maarifləndirmə kursunun baş təlimatçısı təyin edildiyi deyilir.

Bütün bu məsələlərlə bağlı Kovalyovla söhbətləşməyi lazım bildik. Mütəxəssis “Football-plus.az”ın suallarını cavabladı.

-“Sabah”dan ayrılandan sonra AFFA-da işləyəcəyiniz deyilir. Hazırda AFFA-da çalışırsız, yoxsa yenidən sizi məşqçi kimi görəcəyik?
- Bəli, internetdə AFFA-dakı fəaliyyətimlə bağlı yazılanları görmüşəm. Gələcəkdə belə ehtimalı istisna etməsəm də, indi konkret bir söz deyə bilmərəm. Üç il AFFA-da təlimatçı işləmişəm və deyə bilərəm ki, artıq bu sahədə təcrübəm var. Məşqçiliyə gəlincə, təkliflərə açığam və əminəm ki, yaxın gələcəkdə dəyişikliklər olacaq.

- Krunoslav Renduliç istefa verdi. Onun istefa verəcəyini əvvəldən bilsəydiz, yenə də klubdan ayrılardız?
- Klubdan getməyimin Renduliçlə heç bir əlaqəsi yoxdu.

- Onda rəhbərliklə aranızda hansısa problem, yaxud xoşagəlməz hal yaşanıb?
- Əvvəlki müsahibələrimdə demişdim ki, 6 ildi klubun üzvü olduğum üçün şadam. Gənc yerli qapıçılarla bağlı xeyli iş görülüb.Burda çoxlu təcrübə topladım və müəyyən uğurlar qazandım.

- “Sabah” “Makkabi” ilə səfər oyunundan sonra inanılmaz eniş yaşadı. Bunu nə ilə əlaqələndirirsiz? “Sabah”ın problemi nədədi?
- Təkcə Azərbaycanda yox, xaricdə də bir çox klublar avrokuboklardan sonra yerli çempionatda çətinlik yaşayır.Çox misal çəkmək olar.“Sabah”ın səbəbləri və problemləri ilə bağlı sualları daha konkret yalnız komandanın baş məşqçisi cavablaya bilər.

- Uzun illər “Sabah”da çalışdız. Əksəriyyət Murad Musayevin “Sabah” tarixində ən uğurlu məşqçi olduğunu düşünür. Siz necə düşünürsüz? Musayevi və elə Renduliçi də necə xarakterizə edərdiz?
- Sözsüz, Musayev "Sabah"ın tarixində ən uğurlu və titullu məşqçidi.Təsadüfi deyil ki, o, hazırda Rusiya premyer-liqasında liderlərdən biridi.Düşünürəm ki, Musayevlə Renduliçin işini müqayisə etmək o qədər düzgün deyil.Bunlar ikifərqli məşqçidi, hər birinin futbola öz baxışı və iş prinsipləri var.

- "Sabah" il ərzində iki dəfə baş məşqçisini dəyişib. Bu amil komandanın nəticələrinə nə dərəcədə təsir edir? Ümumiyyətlə, məşqçiləri tez-tez dəyişmək düzgün yoldumu?
- Məşqçinin dəyişdirilməsi komanda üçün həmişə stressdi. Bəzən müsbət təsir göstərir. Əksi də baş verə bilər.Bu nə dərəcədə düzgündü? Bunu ancaq müəyyən vaxt keçəndən sonra demək olar.

- Vasili Berezutskinin “Sabah”ı avrokuboklara çıxaracağına inanırsızmı? Rəhbərlik “Sabah”ı gənc mütəxəssisə tapşırmaqla risk etmədimi?
- Berezutski haqda heç nə deyə bilmərəm. Çünki onu şəxsən tanımıram və onun məşqçi fəaliyyətini də görməmişəm. Nəticələrə gəlincə, müasir futbolda baş məşqçinin yaşı ən önəmli meyar deyil.

RÖYANƏ OĞUZ

Chosen
24
football-plus.az

1Sources