EN

Ölən şəxsin kimsəsi yoxdursa, cəsədi yandırıla bilər

Bu gün dünyanın müxtəlif ölkələrində yüzminlərlə azərbaycanlı yaşayır. Lakin xaricdə vəfat edən azərbaycanlıların dəfn məsələsi problemə çevrilir. Bəzi hallarda hətta ailələr öz yaxınlarının cənazəsini ölkəyə gətirə bilmir.

Bu cür vəziyyətlərdə nə etmək lazımdır?

Məsələ ilə bağlı Milli.Az-a vəkil Emil Aslanov bildirib ki, ilk növbədə vəfat edən şəxsin ölümünün rəsmi şəkildə qeydə alınması lazımdır. 

"Xaricdə vəfat edən şəxsin ölümü qeydiyyatdan keçiriləndən sonra ona ölüm şəhadətnaməsi veriləcək. Bu şəhadətnamə cəsədin vətənə gətirilməsi üçün vacib olan hüquqi sənəddir. Ölüm səbəbi və digər məlumatlar həmin şəhadətnamədə qeyd olunur.  Daha sonra ölkənin konsulluğuna və ya səfirliyinə müraciət etmək xaricdə vəfat edən şəxsin cəsədinin vətənə gətirilməsi ilə bağlı bir çox prosedurun yerinə yetirilməsi üçün zəruridir. Konsulluq ölüm şəhadətnaməsinin və digər sənədlərin rəsmiləşdirilməsi və lazım olan sənədlərin alınmasında ailəyə kömək edəcək. Konsulluq həmçinin, cəsədin ölkəyə gətirilməsi üçün icazə verəcək". 

Vəkil qeyd edib ki, xaricdə vəfat etmiş şəxsin cəsədinin vətənə gətirilməsi prosesinə repatriasiya deyilir. 

"Repatriasiya cəsədin hava yolu ilə, bəzən isə yerüstü və ya dəniz yolu ilə ölkəyə göndərilməsini əhatə edir. Hava yolu ilə daşınan cəsəd xüsusi morg konteynerlərində və ya küləfli cəsəd qutularında göndərilir. Bu, cəsədin qorunmasını və təhlükəsiz daşınmasını təmin edir.

Cəsədin daşınması üçün beynəlxalq nəqliyyat şirkətləri və ya xüsusi repatriasiya xidmətləri ilə əlaqə qurulur. Bu xidmətlər bütün sənəd işlərini və logistikanı təşkil edir.

Cəsəd vətənə gəldikdən sonra müvafiq orqanlar tərəfindən qəbul edilir. Vətəndə ölüm şəhadətnaməsi və digər müvafiq sənədlərin təsdiqlənməsi davam edir. Əgər şəxsin vətəndaşlığı ilə bağlı hər hansı bir rəsmi məsələ varsa, bu da həll olunmalıdır.

Cəsəd vətəndə olarkən onun dəfn edilməsi prosesi başlanır. Əgər vəfat edən şəxs əvvəlcədən dəfn yeri və ya dini mərasimlərlə bağlı müəyyən istəyini bildirmişsə, bu istəklər nəzərə alınacaq. Ailə məzarlıq və ya dini icma ilə əlaqə quraraq dəfnə dair son qərarı qəbul edir".

Bəs bütün bu proseslərin xərc aqibəti necə tənzimlənir?

"Xaricdə vəfat edən şəxsin cəsədinin vətənə gətirilməsi və dəfn xərcləri adətən yüksək ola bilər. Ölən şəxsin ölkəyə gətirilmə xərcləri vəfat etdiyi ölkəyə görə dəyişir. Bu xərclər arasında nəqliyyat, balzamlanma, sənəd xərcləri və s. daxildir. Əgər mərhumun həyat sığortası varsa, bunu sığorta xərcləri qarşılaya bilər. Bunun üçün sığorta şirkəti ilə əlaqə qurmaq vacibdir".

Vəkil qeyd edib ki, əgər mərhumun həmin ölkədə yaxınları və ya tanışları yoxdursa, cəsəd müvafiq olaraq morqa yerləşdirilir. Həmin şəxsin sahibinin tapılmaması halında, bəzi ölkələrdə, cəsədin yandırılması proseduru tətbiq olunur.

Aysel Əkbər
Milli.Az

Chosen
6
milli.az

1Sources