EN

İsrail və Livan arasında atəşkəs razılaşması qüvvəyə mindi

İsrail və Livan arasında atəşkəs razılaşması qüvvəyə mindi.

ABŞ prezidenti Co Bayden mətbuata açıqlamasında Livan və İsrail hökumətləri arasında atəşkəs razılaşmasının əldə edildiyini açıqlayıb.

Tərəflər arasında atəşkəsin yerli vaxtla saat 04:00-da qüvvəyə mindiyini açıqlayan C.Bayden Livan Silahlı Qüvvələrinin 60 gün ərzində ölkənin cənub sərhədinə yerləşdiriləcəyini və bu bölgənin nəzarətini təmin edəcəyini bildirib. Razılaşma Hizbullah qüvvələrinin sözügedən bölgədən tərksilah edilməsini və Litani çayının şimalına keçməsini nəzərdə tutur.

İsrail əsgərləri 60 günlük müddət ərzində mərhələli şəkildə bölgədən çəkiləcək. Bu müddət ərzində heç bir Amerika əsgəri Livanda xidmət etməyəcək. ABŞ və Fransanın başçılıq etdiyi beynəlxalq koalisiya atəşkəs razılaşmasının həyata keçirilməsinə dəstək verəcək.

İsrailin hücumları üzündən yerindən-yurdundan didərgin düşmüş livanlıların və İsrailin şimalındakı yəhudi köçkünlərin öz evlərinə qayıtmalarına şərait yaradılacaq.

Atəşkəsin qüvvəyə minəcəyi ilə bağlı açıqlamadan əvvəl mətbuatda yer alan məlumatlara görə, İsrail ordusu və Hizbullahın çəkildiyi İsrail-Livan sərhədindən Litani çayına qədərki bölgəyə 5-10 min arası Livan əsgəri yerləşdiriləcək.

BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) 1701 saylı qətnaməsinə uyğun olaraq, Livandakı bu qrupların yenidən silahlanmasının qarşısını almaq üçün Livana silah satışı və ya Livan daxilində silah istehsalına Livan hökuməti tərəfindən nəzarət ediləcək.

Digər tərəfdən, mətbuatda yer alan başqa bir iddiaya görə, ABŞ Hizbullahın müqaviləni pozduğu aşkar edilərsə, İsrailə yenidən hücum etmək hüququ verən və müqavilənin mətnində olmayan vəd verib.

Cozef Bayden Livan və İsrail hökumətləri arasında atəşkəs razılaşmasının əldə olunduğunu elan etdikdən sonra Baş nazir Mikati ilə telefonla danışıb. Mikati görüşdə ABŞ və Fransanın töhfəsi ilə əldə edilən atəşkəs qərarını alqışladığını bildirib. Mikati İsraildən atəşkəs qərarına tam əməl etməyi, Livandakı bütün işğal olunmuş ərazi və bölgələrdən çəkilməsini və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə tam əməl etməyi tələb edib.

Livanın Mülki Müdafiə İdarəsi isə “rəsmi səlahiyyətlilər atəşkəs rejiminə tam nail olunduğunu bəyan edənə qədər” ictimaiyyətə ölkənin cənubuna qayıtmamaq barədə xəbərdarlıq edib.

Mülki Müdafiə Müdirliyinin Əməliyyat İdarəsinin məlumatında Livan xalqından təhlükəsizlikləri və təhlükəsiz geri qayıtmaları üçün təlimatlara əməl etmələri istənilib.

Bəyanatda müvafiq qurumların rəsmi açıqlaması olmadan kənd və rayonlara getməmək, kənd və şəhərlərə gedən yollarda araşdırmaların aparılması, təhlükəsizlik qüvvələrinin göstərişlərinə əməl olunması tələb olunub. 

Livanın rəsmi xəbər agentliyi NNA İsrail ordusunun Beyrutun cənubuna hava hücumları təşkil etdiyini bildirərkən, yerli mətbuatda da İsrail ordusunun atəşkəsə qədər ölkənin cənub və şərqinə hava hücumları təşkil etdiyi bildirilib. Atəşkəs razılaşmasının yerli vaxtla saat 04:00-da (Türkiyə vaxtı ilə 05:00) qüvvəyə minməsindən sonra İsrailin hücumlarının dayandırıldığı bildirilib.



Chosen
12
50
trt.net.tr

10Sources