EN

Həbsdə olan tədqiqatçının filmi başqa bir kinofestivalda mükafat alıb

Talış tarixinin tədqiqatçısı, həbsdə olan İqbal Əbilovun "Fraqmentlər" adlı qısametrajlı filmi daha bir beynəlxalq kinofestivalda mükafat alıb.

Bu dəfə o, Prisma Awards – Rome Independent Film Award çərçivəsində oktyabr ayının ən yaxşı filmləri siyahısına daxil olub, Əbilovun müdafiəsi üzrə beynəlxalq kampaniyanın məlumatında deyilir.

2018-ci ildə təsis edilmiş Prisma Awards müstəqil kinonu təbliğ edən beynəlxalq  platformadır. Hər ay İtaliyanın paytaxtı Romada müsabiqələr keçirilir və ən yaxşı filmlər tarixi Cinema Farnese kinoteatrında illik mərasimə qatılmaq  imkanı qazanır. Festival dünyanın hər yerindən istedadları üzə çıxarmaqla  məşhurdur və Prisma-da nümayiş etdirilən bir çox film sonradan Kann və Sandens kimi nüfuzlu festivallarda tanınır, məlumatda deyilir.

Bundan əvvəl Əbilovun "Fraqmentlər" filmi Monza (İtaliya) beynəlxalq kinofestivalda "ən yaxşı elmi-fantastik film" nominasiyasında mükafata layiq görülüb.

* "Fraqmentlər" adlı qısametrajlı bədii film 2023-cü ildə çəkilib və süni intellekt mövzusuna həsr olunub. Filmdə bir-birinə aşiq olan iki androidin hekayəsindən bəhs edilir, onların gündəlik həyatından müxtəlif səhnələr əks olunur. Androidlərin vaxt keçirməsi, söhbətləri və görünüşləri insanlardan demək olar ki, fərqlənmir. Filmin kuliminasiyası androidlərdən birinin ölümü ilə nəticələnən avtomobil qəzasıdır, digər android isə sevgilisinin qəza nəticəsində sağalması mümkün olmayan xəsarətlər aldığını biləndə intihar etmək qərarına gəlir.

* İqbal Əbilov 22 iyul 2024-cü ildə dövlətə xəyanət, xarici təşkilatların və ya onların nümayəndələrinin tapşırığı ilə dövlətə qarşı yönəlmiş ictimai çağırışlar, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin qızışdırılması ittihamları ilə saxlanılıb.

Əsasən bildirilir ki, bu cinayətlərin hamısı Ermənistanın xüsusi xidmət orqanlarının göstərişilə törədilib.

Əbilov ittihamları rədd edir və bildirir ki, sadəcə, elmi fəaliyyətlə məşğul olub. Dünyanın müxtəlif ölkələrindən alimlərdən ibarət böyük qrup Azərbaycan rəhbərliyinə müraciət edərək Əbilovun azad edilməsinə köməklik göstərilməsini xahiş ediblər. Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus kimi tanıyıblar. Noyabrın 19-da məhkəmə İqbal Əbilovun həbs müddətini daha 4 ay uzadıb.

Chosen
9
1
turan.az

2Sources