“Milli Məclisin növbəti plenar iclasında pensiya sistemi ilə bağlı təkliflərimi təqdim etdim. Pensiyaların hesablanmasında kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət meyarlarından istifadə məqsədəuyğun olardı”.
Bu açıqlama ilə millət vəkili Vüqar Bayramov çıxış edib. O bildirib ki, əmək pensiyasının məbləği hesablanan zaman pensiya kapitalının məbləği orta pensiya müddətinə, yəni 144 əmsalına bölünməklə hesablanır:
“Nəticədə aydındır ki, kapitalı yüksək olmayanların pensiya məbləğləri də yüksək olmur. Bu baxımdan, daha məqsədəuyğun olardı ki, pensiya məbləğində keyfiyyət göstəricilərindən, məsələn, ailədə uşaqların sayı kimi indikatorlardan istifadə olunsun.
Bununla çoxuşaqlı ailələr daha tez pensiyaya çıxmaq hüququ ilə yanaşı, daha yüksək pensiya almaq imkanı da qazanarlar. Digər məqam - əmək pensiyaları üçün tələb olunan pensiya kapitalından, yəni 40 320 manatdan az yığımı olan vətəndaşlarımızın pensiya məbləğinin hesablanmasıdır. Prezidentin göstərişi ilə pensiya amnistiyasının tətbiq edilməsi çoxlu sayda vətəndaşımıza yığımı az olsa da, əmək pensiyası hüququ yaradıb.
Bu, olduqca yüksək qiymətləndirilməlidir. Bununla yanaşı, yığımları minimum kapital tələbinə yaxın olan vətəndaşlarımızın pensiya məbləği müəyyənləşən zaman onların yığımlarının əmsal kimi nəzərə alınması və pensiya məbləğinə əlavə edilməsi yaxşı olardı. Bu baxımdan, diferensial yanaşmaya ehtiyac var”.
Qeyd edək ki, son vaxtlar ən çox müzakirə mövzusu olan məsələlərdən biri məhz pensiya kapitalı ilə bağlıdır. Vətəndaşların bir çoxu 40 min manat pensiya kapitalının toplanmasının qeyri-mümkünlüyünü bildirirlər.
Millət vəkili tərəfindən irəli sürülən təklif həyata keçərsə, pensiya necə hesablanacaq?
İqtisadçı-ekspert Akif Nəsirli "Cebheinfo.az"-a bildirib ki, diferensial yanaşma fərdiləşmədir, yəni bu gün bir qrup pensiyaçını digərlərindən pensiya təminatında fərqləndirməkdir:
"Məsələn, bu gün 40-50 il müəllim olaraq çalışan şəxs aşağı maaş aldığına görə fəhlə ilə eyni pensiya alır. Yəni, 350-370 manat, bəzən fəhlədən də daha az pensiya alır. Ancaq belə ola bilər ki, müəllimlərin yığılan sığorta kapitalı ikiyə vurulsun. Əgər müəllim 40 min manat yığıbsa, ikiyə vurulsun, 80 min manat olsun. Yaxud həkimləri misal göstərmək olar.
Onların məbləğini 1,5-ə, bəzi sahələrdə 3-ə də vurmaq olar. Yəni, xidmətlərinə görə əhali qrupunu pensiyada fərqləndirmək təklifidir. Bu, çox yaxşı təklifdir. Mən bu təklifi dəstəkləyirəm”.
O, bu təklifin jurnalistlərə də aid olmasını yaxşı variant hesab edib:
“Bu gün jurnalistlər kifayət qədər aşağı maaş alır. Həmin maaşla da jurnalistlər 65 yaşına qədər tələb olunan sığorta kapitalını toplaya bilməyəcək. Bu gün onlar ortalama 500-700 manat əməkhaqqı alırlar. Çox az jurnalist var ki, 1500-2000 manat əməkhaqqı ala bilər. Jurnalistin xidmətinə görə pensiya kapitalı 3-ə vurulmalıdır. Yəni, bu cür həssas əhali qruplarının nəzərə alınması, onların pensiya kapitalının əmsallaşdırılması çox yaxşı təklifdir və mən bu təklifi alqışlayıram".