EN

Problemli kreditlər artıb: Hər kəs kredit götürərkən öz öhdəliyini yaxşı ölçüb biçməlidir -Rəy

Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 479,8 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,1 % azdır.
Bununla belə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 9,6 %, son 1 ildə isə 8,95 % artıb.
Noyabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət oktyabrın 1-nə də 1,7 %, ilin əvvəlinə 1,8 %, ötən il noyabrın 1-nə isə 1,9 % olub.


İqtisadçı -ekspert Eyyub Kərimli “Sherg.az”a bildirib ki, kreditlər ödəmə vaxtından 2-3 ay keçdikdən sonra problemli kreditlər siyahısına düşür:

“Problemli kredit kredit götürənin maliyyə problemlərinin olması ilə bağlı olur. Yəni vəsaiti ödəyə bilmir. Sözsüz ki, bəzi hallarda faiz borcları da üzərinə gələrək ödəniləcək borc böyüyür. Hər kəs kredit götürərkən öz öhdəliyini yaxşı ölçüb biçməlidir. Bəzən insanlar istehlak kreditlərini lazım oldu-olmadı məişət əşyaları almaq və digər vacib olmayan ehtiyaclarını ödəmək üçün götürür. Ödənmədikdə isə problemlər yaranır. Baxmayaraq ki, bizdə banklar bəzi hallarda şərtləri sərtləşdiriblər. Lakin gördüyümüz kimi problemli kreditlər böyüyür. Böyümənin səbəbi isə iqtisadi proseslərlə bağlıdır. Yəni insanlar bəzən gəlirlərini, işlərini itirirlər ona görə də ödəmələrində problemlər yaranır. Problemli kreditləri daha çox istehlak kreditlərində müşahidə edirik. İnsanlar kredit götürərkən ölçüb-biçsələr, yəni 1 ildən sonra işsiz qalsalar, hazırkı gəlirlərini itirsələr krediti hansı vasitə ilə ödəyəcəklərini düşünməlidirlər. Əgər bunları ölçüb-biçsələr və maliyyə savadlılığını artırsalar problemli kreditlərin sayı artmaz. Bu baxımdan da ötən il ilə müqayisədə problemli kreditlərin faizi azalıb. Düşünürəm ki, kredit olan yerdə problemli kreditlər də olacaq. Yəqin ki, insanlar bu məsələlərin həllini tapacaq. Hesab edirəm ki, iqtisadiyyatda daha çox iş yerləri və insanların gəlirləri artmalıdır ki, bu cür hallar yaşanmasın”.
Chosen
19
sherg.az

1Sources