Milli Məclisin icıasında "Gömrük tarifi haqqında" qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qanun layihəsinə əsasən, gömrük rüsumundan azadolmalarla bağlı qanuna dəyişiklik edilir.
Qanun layihəsinə görə, dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilir.
Bundan başqa, gömrük rüsumları üzrə güzəştlərin müəyyən edilməsi qaydasına da dəyişiklik olunur. Belə ki, gömrük rüsumları üzrə güzəştlərin və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə gömrük rüsumları üzrə güzəştlər və azadolmalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş qaydada təsnifləşdiriləcək.
Bildirilib ki, gömrük rüsumları üzrə güzəşt və azadolmaların qiymətləndirilməsinin aparılması məqsədilə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təsnifləşdirilməsinə zərurət yaranıb. Qanun layihəsinin tətbiqi ölkəmizin investisiya mühitinin təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinin davamlı inkişafının stimullaşdırılmasına, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların həcminin artırılmasına öz töhfəsini verəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul edilib. (Musavat)