Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayır və bu razılaşmanın hərbi əməliyyatlara son qoyacağını gözləyir.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.
Qeyd olunub ki, Azərbaycan münaqişələrin sülh yolu ilə həllini dəstəkləyərək və COP29 Sədrliyinin 132 ölkə tərəfindən təsdiqlənmiş COP29 barışıq üçün birgə təntənəli müraciətinin təşəbbüskarı kimi, bütün tərəfləri atəşkəsə əməl etməyə və çətinliklərin öhdəsindən gəlməyə çağırır.
Xatırladaq ki, Livan və İsrail arasında atəşkəs razılaşması ABŞ və Fransa tərəfindən irəli sürülən təşəbbüsə uyğun olaraq yerli vaxtla saat 04:00-da qüvvəyə minib.
Razılaşmaya əsasən, Livan ordusu BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) dəstəyi ilə ölkənin cənub sərhədi boyunca mərhələli şəkildə yerləşdiriləcək. Paralel olaraq, İsrail ordusu da öz qoşunlarını tədricən Livanın cənubundan çıxaracaq.
Müqaviləyə əsasən, Livan hökuməti qeyri-qanuni silahlı qrupların fəaliyyətinə və onlara qaçaqmalçılıq yolu ilə silah tədarükünə son qoymağı öhdəsinə götürüb. Bununla yanaşı, silah və sursat istehsalı ilə məşğul olan qanunsuz obyektlər ləğv ediləcək, silah ehtiyatları isə müsadirə ediləcək.