EN

Gürcüstanın “Dəyişiklik Koalisiyası” partiyası mandatdan imtina edib

Oktyabrın 26-da keçirilən seçkilərdə ikinci yeri tutan Gürcüstanın müxalifət partiyası olan Dəyişikliklər Koalisiyası deputat mandatından imtina ilə bağlı parlamentə bəyanat təqdim edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

“Bu gün gördüyümüz iş o demək deyil ki, biz xalqın təmsilçiliyindən, dəyişikliyə nail olmaq mandatından imtina edirik. Əksinə, bu gün gördüyümüz iş bu parlament adlanan qurumun tamamilə legitimlikdən çıxarılması yoludur”, - deyə partiyanın liderlərindən biri Nika Melia jurnalistlərə mandatlardan imtina ilə bağlı parlament ofisinə bəyanat təqdim edərkən bildirib.

Seçkilər nəticəsində mandat alan digər partiya nümayəndələri də parlamentə bəyanatlar veriblər. Bundan əvvəl Dəyişikliklər Koalisiyası, eləcə də daha iki müxalifət partiyası – “Güclü Gürcüstan” və “Birlik – Milli Hərəkat” öz seçki siyahılarının ləğvi ilə bağlı Mərkəzi Seçki Komissiyasına bəyanatlar verib. Bu o deməkdir ki, mandatlarından imtina edən deputatlar siyahıda olan növbəti şəxslərlə əvəz oluna bilməz. Parlamentə daxil olan dördüncü müxalifət partiyası olan “Gürcüstan üçün Qaxariya” partiyasına gəlincə, o, digər üç partiya kimi seçkinin nəticələrini tanımır, lakin mandatlarından imtina etmək niyyətində olduğunu bəyan etməyib.

Müxalifət liderlərindən biri, “Birlik – Milli Hərəkat” partiyasının nümayəndəsi Giorgi Vaşadze daha əvvəl bəyan etmişdi ki, mandatdan imtina etmək üçün parlamentə elektron ərizə göndərib.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gələrək qanunverici orqandakı 150 yerdən 89-unu qazanıb. Dörd müxalifət partiyaları – “Dəyişikliklər üçün Koalisiya”, “Birlik – Milli Hərəkat”, “Güclü Gürcüstan” və “Gürcüstan üçün Qaxariya” beş faizlik baryeri keçib. Parlamentə daxil olan bütün müxalifət partiyaları seçkinin nəticələrini tanımaqdan imtina edib.

Deputatın mandatının ləğvi ilə bağlı yekun qərarı parlament səsvermə yolu ilə qəbul edir. Hakim partiyanın müxalifət deputatlarının mandatlarının ləğvinə səs verib-verməyəcəyi hələlik məlum deyil./Bizimyol.info/

Chosen
3
1
hurriyyet.az

2Sources