EN

Marneulidə Azərbaycan Kəlağayısı Günü qeyd olunub

Gürcüstanın Marneuli şəhərində Azərbaycan Kəlağayısı Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “İnkişaf və Təhsil Mərkəzi” və Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə “Tea House”da keçirilən tədbirdə mədəniyyət və incəsənət nümayəndələri, tələbə və gənclər iştirak ediblər.

“İnkişaf və Təhsil Mərkəzi”nin rəhbəri Emin Əhmədov çıxış edərək, bu günün Azərbaycandan kənarda qeyd edilməsinin incəsənətin və mədəniyyətimizin təbliğində böyük rol oynadığını bildirib.

Bildirib ki, “Tea House”da “Kəlağayı guşəsi” yaradılıb. Bu guşədə nümayiş etdirilən kəlağayılar Mərkəzin ziyarətçilərinə Azərbaycanda kəlağayı sənətinin, mədəniyyətinin tarixi barədə dolğun məlumat çatdırılmasında mühüm rol oynayacaq.

Sonra Mirvarid Dilbazi Poeziya Məclisinin Gürcüstan üzrə nümayəndəsi Nurlana Məmmədova, Savalan Osmanlı, Səmra Həsənova və Aminə Əhmədova çıxış edərək, milli mədəni dəyərlərin qorunmasından, gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıb, Azərbaycan kəlağayısının növləri və qədim tarixi haqqında geniş məlumat veriblər.

Qeyd edək ki, “Kəlağayı guşəsi”ndə kəlağayı sənətinə həsr olunmuş kitablar, 50 ədəd qədim və müasir kəlağayı nümayiş etdirilir.

1Sources