İşsizlikdən sığorta nədir?
Hurriyyet.az xəbər verir ki, Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, işsizlikdən sığorta sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaitidir.
Ramil Süleymanov / Foto: Bizimyol.info
“Sığorta hadisəsi dedikdə, sığortanın ödənilməsi üçün əsas olan hallar nəzərdə tutulur. Bura işçinin işdən çıxması, işçinin əmək müqaviləsinə xitam verilməsi və işçiyə xəstəliyə görə ödənişlərin olunması nəzərdə tutulur. Qanunvericiliklə sığorta olunan şəxslər Azərbaycan Respublikasının ərazisində işləyən şəxslərdir. Sığorta edənlər dövlət orqanları, fiziki şəxslər və seçkili orqanların rəhbərləridir.
Sığorta ödənişi hər hansı bir hüquqi şəxsin ləğv olunması, işçilərin ixtisar olunması, ştat vahidlərinin ixtisar olunması və yaxud da müəssisənin mülkiyyətçisinin dəyişməsi nəticəsində əgər işçinin əmək müqaviləsinə xitam verilərsə, belə olan təqdirdə işçi çıxarıldığı iş yerində özünün qeydiyyatda olduğu yer üzrə Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin rayon şəhər şöbələrinə və ya DOST mərkəzlərinə müraciət edir.
Daha sonra şəxs işsiz şəxs kimi, işsiz statusunda olan şəxs kimi qeydiyyata alınır və qeydiyyata alındığı müddət ərzində ona ilkin müraciət üzrə 6 ay müddətinə, təkrar müraciət üzrə 3 ay müddətinə deməli işsiz statusu verilir və ona işsizlikdən sığorta ödənişi ödənilir”-deyə hüquqşünas bildirib.
Ramil Süleymanov qeyd edib ki, işçi işdən çıxdıqdan sonra işsiz kimi qeydiyyata alınarsa, ona işlədiyi dövr üzrə orta aylıq əməkhaqqının 100 faizi birinci-ikinci aylar üzrə ödənilir. İşsiz statusunda olduğu zaman 3-4-cü ay üzrə orta aylıq əmək haqqının 80 faizi miqdarında ödənilir. 5-6-cı ay 70 faiz ödənir.
“Əgər işçinin orta aylıq əməkhaqqısı 1000 manat olmuşdursa, deməli 1-2 ay üzrə o 1000 manat, 3-4-cü ay üzrə 800 manat, 5-6-cı ay üzrə 700 manat sığorta ödənişi alacaq.
Sığorta ödənişi sığortaedən tərəfindən ödənilir. Həmin ödəniş işçinin əmək haqqının 1 faizini təşkil edir. Həmin 1 faizin 0, 5 faizi əməkhaqqının 0,5 faizi isə işəgötürən tərəfindən ödənilir”-deyə Ramil Süleymanov vurğulayıb.