EN

"Həmin nöqtələrdən şəkil, video çəkmək, haqqında şərh vermək yolverilməzdir" - ŞƏRH EDİLDİ

"Ədalət Verdiyev media-turda iştirak edirdi, hərbi ekspertdir. Orada hərbi obyektlərin, müəyyən məntəqələrin şəklini çəkib onlara şərh verərək öz hesablarında paylaşıb". Bu sözləri SİA-ya açıqlamasında milli təhlükəsizlik mütəxəssisi Rəşad Rza deyib.

O bildirib ki, bilirsiniz ki, müharibə gedən zona həssas nöqtədir: "Həmin nöqtələrdən şəkil, video çəkib yaymaq, haqqında sosial şəbəkələrdə şərh vermək yolverilməzdir. Çünki onun tərkibində hərbi sirri yaymaq statusu da qoyula bilir. Ona görə də, bu məsələlərdə ehtiyatlı olmaq lazımdır.

Əsasən dövlət sirrini yaymaq məsələsi dövlət qurumlarında işləyən, müəyyən güc strukturlarına, müəyyən səlahiyyətli şəxslərə aid olur. Hansısa sirr, bilgini yaymaq, ifşa etməklə məcəllə onun üzərinə qoyula bilər. Amma bu hallar da ola bilir ki, adi vətəndaş da müharibə zonasında, münaqişəli zonalarda hansısa obyekti çəkib yayır, bu da həmin məsələyə daxil ola bilir. Ona görə, bu mövzuda vətəndaşlarımız da ehtiyatlı olsunlar.

Bununla bağlı mətbuatda maarifləndirmə işləri geniş şəkildə aparılır. Müharibə dövründə də kütləvi şəkildə getdi. Bundan başqa sosial şəbəkələrdə də geniş şəkildə paylaşıldı ki, hərbi obyektlərin şəklini, videosunu çəkib yaymaq, paylaşmaq olmaz. Hərbi ekspert, media nümayəndəsi bu məsələləri yaxşı bilir. Davamlı olaraq maarifləndirmə işlərinin getməsində fayda var. Müharibə şəraitində olan problemli ölkələrdə daimi televiziya, radio, sosial şəbəkələr vasitəsilə davamlı maarifləndirmə işləri aparılmalıdır".

Müəllif: Söylü Ağazadə
Chosen
10
sia.az

1Sources