EN

Son 10 ildə 91 milyon kubmetr məişət tullantısı təkrar istehsal olunub

MTM Dövlət Statistika Komitəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən açıqladığı rəsmi rəqəmlərə əsasən təhlil aparıb. Nəticələrə görə, son 10 ildə Azərbaycanda atmosfer havasına atılan çirkləndirici maddələrin həcmi 11 638,4 min ton olub və bunun da 83,76%-ni və ya 9 748,0 min tonunu avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələr təşkil edib. Qalan 16,24%-ni  yəni 1 890,4 min tonunu stasionar mənbələrdən atılan çirkləndirici maddələr tutub. 

Məlumat üçün bildirək ki, hər il Azərbaycanda atmosfer havasına atılan çirkləndirici maddələrin 82-85%-ni avtomobil nəqliyyatından atılan maddələr təşkil edir. 

Son 10 ildə Azərbaycanda atmosfer havasına atılan çirkləndirici maddələrin həcminə ayrı-ayrılıqda diqqət etsək, bu göstəricinin 2013-2019-cu illərdə yüksək, lakin 2020-ci ildə kəskin endiyini görə bilərik. Enməyə səbəb isə dünyada mövcud olan “COVID-19” virusuna görə Azərbaycanda karantin rejiminin tətbiq edilməsi olub. Belə ki, həmin il həm stasionar mənbələrin böyük əksəriyyətinin, həm də bir sıra təhsil və digər müəssisələrin qapalı olması nəqliyyatdan istifadəni minimuma endirib və nəticədə atmosfer havasına 25,1% daha az çirkli maddə buraxılıb.

Pandemiyadan sonrakı illərdə bu göstərici artan xətti ilə davam etsə də, pandemiyadan öncəki mənfi göstəriciyə çatmayıb. Bu da əlbəttə ki, son illər ölkəmizdə ekoloji təmiz minik avtomobillərinin sayının sürətlə artması və stasionar mənbələrin atmosfer havasına buraxdığı çirkləndirici qazların normasına ciddi şəkildə nəzarət olunması ilə bağlıdır. 

Rəsmi rəqəmlər göstərir ki, son 10 ildə su itkilərinin həcmi azalır. Yalnız 2018, 2019 və 2022-ci illərdə bu göstərici cüzi olaraq artıb. 2023-cü ildə itkiyə gedən suyun həcmi 3 034 milyon kubmetr olub və bu da 2022-ci il ilə müqayisədə 8,4% azdır.

Ötən ilin göstəricilərini 10 il əvvəlki rəqəmlərlə müqayisədə etdikdə isə su itkisi ilə bağlı göstəricinin ümumilikdə 41,1% azaldığını görə bilərik. Azalmanın əsas səbəblərindən biri son illərdə kənd təsərrüfatında damcılı suvarma üsulundan istifadənin genişlənməsidir.

Azərbaycanda bərpa olunan şirin su ehtiyatlarının həcmi 2023-cü ildə 4,6% artaraq 17 819 milyon kubmetrə çatıb. Bərpa olunan şirin su ehtiyatları daxili axın və qonşu ölkələrdən səth sularının axını sayəsində formalaşır. Daxili axın isə yağıntıların miqdarı ilə faktiki buxarlanmanın fərqindən əmələ gəlir. Qeyd edək ki, ən yüksək bərpa olunan su ehtiyatı 2016-cı ildə 19 830 milyon kubmetr, ən az isə 2020-ci ildə 13 915 milyon kubmetr olaraq qeydə alınıb. Onu da qeyd edək ki, hər il bərpa olunan şirin su ehtiyatlarının 70-80%-ni qonşu ölkələrdən səth sularının axını təşkil edir.

Son 10 ildə şəhər sutəmizləmə stansiyalarında çirkab sularının təmizlənməsi üzrə göstəricilər  müsbət istiqamətdə dəyişib. Daha dəqiq desək, 2022-ci ildə bu göstərici 2013-cü il ilə müqayisədə 37,7% artıb.

Rəsmi rəqəmlərə əsasən, 2022-ci ildə şəhər sutəmizləmə stansiyalarında təmizlənən çirkab sularının həcmi sutkada 743 min kubmetr olub ki, bu da əvvəlki il ilə müqayisədə 2,5% çox deməkdir.

Son 10 il müddətində təkrar xammal və tullantıların əmələ gəlməsi üzrə göstəricilərə baxsaq, bu sahə üzrə də böyük işlərin aparıldığını görə bilərik. Belə ki, 2013-cü ildə təkrar xammal və tullantıların təkrar emalı həcmi 3,4 min ton idisə, ötən ilin yekununda bu rəqəm 66,3 min ton olub. Bu isə son 10 ildə təkrar xammal və tullantıların təkrar emalının 19,5 dəfə artması deməkdir. Bununla yanaşı, 2023-cü ildə əvvəlki il ilə müqayisədə 28,7% daha çox təkrar xammal və tullantıların təkrar emalı yerinə yetirilib.

Ümumilikdə isə son 10 ildə 305,2 min ton təkrar xammal və tullantıların təkrar emalı baş tutub ki, bunun da 81,91%-ni və ya 250 min tonunu “kağız-karton” məmulatlarının təkrar istehsalı təşkil edir.

“Şüşə” məmulatları isə bu payın 8,39%-nə sahibdir. Belə ki, son 10 ildə 25,6 min ton həcmdə “şüşə” məmulatlarının təkrar istehsalı qeydə alınıb.

“Plastik” məmulatlarının təkrar istehsalı isə son 10 ildə 19,2 min ton təşkil edib ki, bu da ümumi göstəricinin 6,29%-ni təşkil edib.

Təkrar istehsal olunan məmulatların qalan 3,41%-i isə digər kateqoriyalara aid tullantılardır və 10,4 min ton həcmə sahibdir.

Hər il məişət tullantılarının təkrar istehsalı da artan xətt ilə inkişaf edir. Ümumilikdə son 10 ildə 91 milyon kubmetr həcmində məişət tullantısı təkrar istehsal olunub.

2023-cü ildə təkrar istehsal olunan məişət tullantılarının həcmi 11,4 milyon kubmetr həcmində olub və bu, əvvəlki il ilə müqayisədə 2,7%, 10 il öncə ilə müqayisədə isə 62,9% çox deməkdir.

Qeyd edək ki, Azərbaycanda məişət tullantılarının təkrar istehsalı məqsədi ilə iki əsas müəssisə fəaliyyət göstərir ki, onlardan biri Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu, digəri isə Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodudur. 

Məlumat üçün bildirək ki, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu qabaqcıl alman texnologiyaları əsasında qurulub və illik fəaliyyət gücü 200 min tondur. Burada çeşidlənmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olan kağız, şüşə, plastik və digər xammallar ayrılır.

Tullantıların yandırılması isə 2012-ci ildən fəaliyyətə başlayan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda həyata keçirilir. Müəssisə dördüncü nəsil texnologiyaların tətbiqi ilə Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt standartlarına tam uyğun şəkildə qurulub. Zavod atmosferə zərərli maddə atmır, tullantılar xüsusi vasitələrlə tam zərərsizləşdirilir. İllik gücü isə 500 min ton məişət və 10 min ton tibbi tullantının yandırılmasıdır. Tək 2023-cü ildə məişət tullantılarından istifadə hesabına 223 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Ümumilikdə son 10 ildə təbiətin mühafizəsinə ölkəmizdə 3,16 milyard manat pul xərclənib. 2023-cü ildə təbiətin mühafizəsinə çəkilən bütün xərclər son 10 ilin rekord həddinə (677,4 milyon manat) çatıb və əvvəlki il ilə müqayisədə 193% və ya 2,9 dəfə çox olub.

Xatırladaq ki, bundan əvvəlki ən yüksək göstərici 2013-cü ildə qeydə alınmışdı və həmin il təbiətin mühafizəsinə çəkilən xərcin məbləği 398,2 milyon manat olmuşdu.

Media Təhlil Mərkəzi (MTM) 

Chosen
13
3
qafqazinfo.az

4Sources