Çoxlarının bir yol seçdiyi dünyada Leyla Tabasaranskaya sübut edir ki, eyni zamanda bir neçə istiqamətdə uğur qazanmaq mümkündür.
İdman.biz xəbər verir ki, Londonda yaşayan həmyerlimiz neft-qaz şirkətindəki karyerasını boks məşğuliyyəti ilə birləşdirir. Nüfuzlu "Miss Böyük Britaniya 2024" müsabiqəsində ikinci yer tutması da onun çoxşaxəli istedadının əyani təsdiqidir. "Yaş yeni başlanğıclara maneə deyil" - Leyla xanım üçün bələdçi olan bu şüar onu yeni nailiyyətlərə ruhlandırır.
Media.Az-a müsahibəsində Leyla Tabasaranskaya boksla məşğul olmasından da danışıb:
"Düzünü desəm, uşaqlıqdan atletik məşqləri xoşlayırdım. Artıq 12 yaşımda əzələlərimi gücləndirir və "jim" edirdim. Fiziki güc hissi həmişə mənə emosional təkan verib. Boksa kifayət qədər yetkin yaşda gəlmişəm: ilk məşqlərə başlayanda yaşım 40-ı keçmişdim. Bu idman növü məni, sözün əsl mənasında, özünə aşiq edib. Əlbəttə, o, zədə və risklərlə əlaqəlidir, lakin eyni zamanda bədən quruluşunu düzəldir, əla möhkəmlilik və güclü psixoloji dözümlülük verir. Bu, azadlığı hiss etmək üçün gözəl fürsətdir.
İndi artıq 49 yaşım var və hələ də böyük məmnuniyyətlə boksla məşğul oluram. Bu idman növünü həmişə qadınlar arasında təbliğ edirəm. Boksda mənim üçün prioritet psixoloji üstünlük qazanmaqdır.
Müntəzəm olaraq boks zalına gedir və müxtəlif həvəskar yarışlarda iştirak edir, rinqdə məşq döyüşləri keçirirəm. Yeri gəlmişkən, növbəti döyüşüm noyabrın 30-da olacaq (gülür)".
İdman.biz