EN

"Tağıyev: Neft" filminin rejissoru: O, oğlunu da, arvadını da məqsədinə qurban verib..." - Müsahibə

Kulis.az Aytac Sahədin "Tağıyev: Neft" filminin rejissoru Zaur Qasımlı ilə söhbətini təqdim edir.



- Bizim ekranda gördüyümüz, sizin görmək istədiyiniz idi?

- Çox xırdaçılığa getməsək, hə. Gördüyüm işdən razıyam. O dövrdə Zaurun nəyə imkanı var idisə, əlindən gələni elədi.

- Azərbaycan reallığında sizə kifayət qədər yaxşı imkan yaradılmışdı.

- Əlbəttə, müəyyən resurs var idi. Ancaq bu o demək deyil ki, sandığı açıb kartı da vermişdilər ki, Zaur, istədiyini elə. Belə bir şey yox idi. Təbii ki, beş-on il sonra baxıb nələrisə dəyişmək istəyi normal ola bilər. Film körpə uşaq kimidir - necə yaşayacaq, bunu zaman göstərəcək.

- Tağıyevi sevirsiniz?

- Sevməsəydim, bu filmi çəkə bilməzdim.

- Təşəbbüs özünüzdən gəldi, yoxsa bu mövzunu sizə təklif eləmişdilər?

- Əvvəl mənim belə bir fikrim olmayıb. Təxminən, 2018-ci ildə Nobel qardaşları haqqında "Miras" filmini çəkirdim. Həmin filmin üzərində işləyərkən, müxtəlif arxiv sənədləri, şəkillər, maraqlı faktlarla tanış oldum. Prosesin gedişatında mütəmadi olaraq Hacı Zeynalabdin Tağıyev haqqında nələrsə çıxmağa başladı. Beləcə, bu filmin ideyası yarandı.

Fikrimi Orman Əliyevlə bölüşdüm. Sağ olsun, o da məni dəstəklədi. Orman bəy pulu tapdı və başladıq çəkilişlərə. Əlbəttə ki, dəstək mühüm faktordur. Qeyd edim ki, proses boyu Arzu xanım Əliyevanın dəstəyini xüsusilə hiss edirdik. Arzu xanım çəkiliş meydançasına gəlir, daimi olaraq problemlərimizlə maraqlanırdı. Biz də əlimizdən gələni etməyə çalışdıq ki, yaxşı iş ərsəyə gətirək.

- Beş il davam edən yol... Hardasa Tağıyevin neftə gedən yolu qədər.

- Hə. Əslində, belə paralellər çoxdur. Mənim bir xasiyyətim var ki, iş görəndə istəyirəm ya çox yaxşı eləyim, ya da heç eləməyim. Bunun ucbatından film bir neçə dəfə dayandı. Çünki Tağıyev elə bir adamdır ki, onun haqqında yaxşı film çəkmək lazımdır. Hər dəfə proses dayananda özümüzdə güc tapıb, qaldığımız yerdən davam edirdik. Hətta aktyorlarla yığılıb hazırlıq dönəmi ssenarini oxuduğumuz yerdə məni çağırdılar ki, film olmayacaq. Təsəvvür edin, mən qayıdıb ssenarinin oxunuşunu davam etdim, ancaq hansı hisslərlə? Bax bunu heç kim bilmir. Bu, Tağıyevin neft çıxararkən rastlaşdığı haqq-hesaba çox bənzəyir.

- Yusif Qasımlının canlandırdığı "Rəcəbəli" obrazını çox bəyəndim.

- "Rəcəbəli" mənim oğlumdur.

- Bunu bilmirdim.

- Çox adam bilmir. Mən bunu reklam eləmirəm. Hətta çəkiliş qrupumuzda belə Yusifin mənim oğlum olduğunu bilməyənlər vardı. Təsəvvür edin, filmin nümayişindən sonra Qurban İsmayılov mənə yaxınlaşdı ki, "Rəcəbəli" rolunu oynayan aktyor mənə lazımdır, ancaq tapa bilmirəm. Deyəndə ki, o, mənim oğlumdur, Qurban müəllim çox təəccübləndi.

- Yusif həqiqətən hardadır ki?

- Əsgərlikdə.

- "Rəcəbəli"dən xəbəri var?

- Hə. Yusifə deyirəm ki, burada sənin oyununu çox bəyəniblər. Deyir, ata, mən axı operatoram. Məni bundan sonra aktyor kimi qəbul edəcəklərmi?

- Bəs necə oldu ki, Yusif kamera arxasından kameranın önünə keçdi?

- Yusif Mədəniyyət və İncəsənət Universitetində operator təhsili alıb. Bizim filmdə də ikinci operator idi. Filmdə kastinq işlərini aparan Reyhan xanım da təsdiq edə bilər ki, bu rol üçün aktyor çox axtardıq, ancaq tapa bilmədik. Axırda Reyhan təklif etdi ki, bəlkə Yusifi də yoxlayaq? Biz onu sınayandan sonra mən bütün hisslərimi qırağa qoydum və onda bu rol üçün lazımi potensialı gördüm. Beləcə, Yusif filmdə həm kameranın önündə oldu, həm arxasında.

- Bəzi obrazlar bəyənilsə də, tənqid edilənlər də oldu. Məsələn, bu siyahıda "Tağıyev"in həyat yoldaşı Natəvan Hacıyevanın rolunu qeyd edə bilərik. Sizcə də, bu obraz sönük alınmamışdı ki?

- Fikrimcə, bu obraz məhz belə olmalı idi. Baxın, Tağıyev neft çıxarmağa aludə olub. Çünki uduzmağı sevmir, möhkəm adamdır və qarşısına qoyduğu bütün məqsədlərə çatmaq istəyir. Bunun da qurbanı həm oğludur, həm arvadı. O, lazım olan vaxtı ailəsinə ayıra bilmir. Filmdə bir dialoq var, qapının ağzında xanımı ona deyir ki, uşaqlar səni doyunca görə bilmədilər. Tağıyev nə cavab verir? Deyir, siyirmədə sizin üçün pul qoymuşam. Xanımı haradan danışır, o, hardan cavab verir. Tağıyevin səhvi də bundadır ki, ailəsinə pul verməklə missiyasını bitmiş hesab edir. Xanımın bədbəxtçiliyi isə belə bir adama ərə gəlməsindədir. Təsəvvür edin ki, Tağıyev bütün pulu qurtaranda evini belə girov qoyur. Görün, nə boyda risk edir.

- Növbəti seriyalarda Tağıyev-Nərimanov münasibətlərinə dair nəsə görə biləcəyikmi?

- Yox. Çünki dördüncü seriya 1901-ci ildə bitir. Onların münasibətinə dair əsas hadisələr isə sonra olub.

- Ssenari yazılarkən hansı mənbələrə istinad etmisiniz?

- Təbii ki, tarixi mənbələrə əsasən, ciddi araşdırmalar aparmışdıq. Bizim məsləhətçilərimiz vardı. Onlardan biri də tarix elmləri doktoru Fərhad Cabbarov idi.

- Tağıyevdən başqa hansı tarixi şəxsiyyət haqqında film çəkmək istərdiniz?

- Şah İsmayıl Xətai.

- Xətai də Tağıyev kimi ziddiyyətli obrazdır. Bəlkə bu məqam sizi özünə çəkir?

- Ola bilər. Bilmirəm. Mənim üçün ümumiyyətlə tarixin özü çox maraqlıdır.

- Filmdə müəyyən təsirlənmə detalları sezilir.

- Düşünürəm ki, bu, çox normaldır.

- Plagiat iddiası da səslənir.

- Biz plagiat eləmirik. Təsirlənmə və plagiat ayrı-ayrı şeylərdir. Əlbəttə, mənim də sevdiyim filmlər, səhnələr var ki, bu, necəsə özünü göstərə bilər. Bütün dünya belə işləyir.

- Komandanızda azərbaycanlıların çoxluğu xüsusilə təqdir olundu. Bu, düşünülmüş strategiya idi, yoxsa belə alındı?

- Əlbəttə ki, yaxşı aktyorlarımızın, rəssamlarımızın olması sevindirici haldır. Ancaq bu, mənim üçün ikinci plandadır. Əsas olan filmin alınıb-alınmamasıdır. Bu gün sənətdə sərhədlər yoxdur. Mən xaricdən aktyor gətirirəmsə və o da rolunun öhdəsindən gəlirsə, niyə də olmasın? Əgər tikdiyim bina möhkəmdirsə və onun içərisində azərbaycanlı rahat yaşayacaqsa, fərqi nədir kiminlə tikirəm? Mənim güvəndiyim komanda olmalıdır.

Əgər Ceyhun kimi dekor rəssamım varsa, təbii ki, onunla işləyəcəyəm. Ancaq istədiyim məqsədə çatmaq üçün mənə xaricdəki lazımdırsa, onu gətirəcəm. Bu filmdə isə əsas məqsədim Tağıyevin haqqını vermək idi. Məsələn, "Miras"ıçəkəndə Belarusiyadan çox aktyor dəvət etmişdik. Çünki Bakıda yaşayan ruslar buranın çörəyini yeyiblər deyə o dəqiqə bilinir ki, bu, azərbaycanlı rusdur. Həm də o filmdə yeni simaya ehtiyac vardı. Yəni mən bizdən kimisə Nobel roluna çəksəydim, istədiyim nəticə olmaya bilərdi. Sən axı bilirsən ki, bu, filan serialda Əhmədi oynayıb.

- Filmin bu qədər maraqla qarşılanacağını gözləyirdinizmi?

- Əslində, belə ajiotaj yaradacağını gözləmirdim.

- Biz niyə Tağıyevi bu qədər "yaxşı" gördük? Bəs mənfi tərəfləri?

- Hamı deyir ki, əl çək neftdən, ordan neft çıxmayacaq. Tağıyev isə deyir ki, yox, çıxacaq. O, sonadək hamını bezdirir. Sizcə, bu, mənfi cəhət deyilmi?

- Bəs sizə necə, "Bundan film olmayacaq" deyənlər vardı?

- Çoxu düşünürdü ki, bir şey alınmayacaq. Çünki çəkilişlər çox çətin keçirdi. Biz planlaşdırmışdıq ki, 90 çəkiliş günü olacaq, ancaq çəkiliş 135 gün davam etdi. Artıq bütün komanda bezmişdi. Fikrimcə, mən bu qədər inanmasaydım, film sona çatmayacaqdı.

Birinci çəkiliş günü - mayın 25-i Tağıyevin məzarını ziyarətə getmişdim. Özümlə yüz ədəd gül aparmışdım. Həmin gün büstünün qarşısında dayanıb and içdim ki, nə olursa-olsun bu filmi sona çatdıracağam. Bəlkə də, bəzi hallarda yarıda saxlamağa bu and imkan vermədi. Çox çətinliklərlə üzləşdik. Nə qədər dözümlü olduğumu bu filmdə öyrəndim...

Chosen
27
kulis.az

1Sources