EN

İnformasiya təhlükəsizliyi və rəqəmsal transformasiya: Bəsti Nəsibova ilə MÜSAHİBƏ

İnformasiya təhlükəsizliyi, yalnız şəxsi məlumatların qorunması ilə məhdudlaşmır, həm də geniş mənada ictimaiyyətin məlumatlılığını artırmaq və yanlış məlumatların yayılmasının qarşısını almaq baxımından vacibdir. Bu mövzu ilə bağlı daha ətraflı məlumat almaq məqsədilə, "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova ilə müsahibə etdik. Onunla informasiya təhlükəsizliyi, Avropaya inteqrasiya prosesi və bu sahədə Azərbaycanın mövcud durumu barədə söhbət etdik.

 

QHT.az: Avropaya inteqrasiya prosesində informasiya təhlükəsizliyinin rolu nə qədər önəmlidir?

30 Noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününün qeyd olunması, bizim üçün çox vacib bir gündür. Çünki, indi hər birimiz internet və rəqəmsal dünyada daha çox vaxt keçiririk, məlumatlar sürətlə yayılır və bəzən bu məlumatlar doğru olmur. İnformasiya təhlükəsizliyi, yalnız şəxsi məlumatlarımızı qorumaqla bağlı deyil, həm də ümumi ictimaiyyətin məlumatlılığını artırmaq, yanlış məlumatların yayılmasının qarşısını almaqla bağlı çox önəmlidir. Bu günün qeyd olunması bizə, həm özümüzü, həm də cəmiyyəti rəqəmsal təhlükələrə qarşı daha hazırlıqlı etmək üçün bir fürsət yaradır. Bu sahədəki problemlərə diqqət çəkilməsi və daha çox maarifləndirmə işi aparılması çox vacibdir. Avropaya inteqrasiya prosesində informasiya təhlükəsizliyi milli təhlükəsizliyin qorunmasında, dövlətlərarası əməkdaşlıqda və strateji tərəfdaşlığın möhkəmləndirilməsində əsas amillərdən biridir. İnformasiya təhlükəsizliyi məlumat mübadiləsinin etibarlı şəkildə aparılmasını təmin edir, kibertəhlükələrə qarşı müdafiəni gücləndirir və regional həmçinin beynəlxalq səviyyədə inamı artırır. Bu, həmçinin Azərbaycanın Avropa standartlarına uyğunlaşması və rəqəmsal transformasiya prosesində önəmli addımlar atması üçün də vacibdir.

 

QHT.az: Bu sahədə Azərbaycanın Avropa təcrübəsindən hansı dərsləri öyrənməsi vacibdir?

Azərbaycanın Avropa təcrübəsindən öyrənməsi vacib olan əsas məqamlar arasında kibertəhlükəsizlik sahəsində müasir qanunvericilik bazasının qurulması və tətbiqi xüsusi yer tutur. Bundan əlavə, rəqəmsal infrastrukturun gücləndirilməsi üçün Avropanın qabaqcıl texnologiyalarının ölkəyə gətirilməsi, beynəlxalq əməkdaşlıq vasitəsilə təcrübə mübadiləsinin genişləndirilməsi, dövlət və özəl sektorun birgə çalışmasını təmin edən strategiyaların tətbiqi və rəqəmsal savadlılığın artırılması üçün uzunmüddətli tədris proqramlarının həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

 

QHT.az: İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq təcrübə və Azərbaycanın mövcud durumunu necə müqayisə edirsiniz?

Beynəlxalq təcrübə informasiya təhlükəsizliyi sahəsində güclü qanunvericilik bazası, müasir texnologiyalar və kibermüdafiə mexanizmlərinin mövcudluğu ilə fərqlənir. Bu ölkələrdə informasiya təhlükəsizliyi sahəsində dövlət və özəl sektor arasında sıx əməkdaşlıq, həmçinin ictimaiyyətin maarifləndirilməsi üçün geniş proqramlar həyata keçirilir. Azərbaycanda isə bu sahədə irəliləyişlər olsa da, beynəlxalq standartlara tam uyğunlaşmaq üçün qanunvericilik bazasının daha da inkişaf etdirilməsi, kibertəhlükəsizlik üzrə milli strategiyanın gücləndirilməsi və ixtisaslı kadrların yetişdirilməsi sahəsində daha çox iş görülməlidir.

 

QHT.az: Gənclərin rəqəmsal təhlükəsizlik sahəsində biliklərini artırmaq üçün hansı təşəbbüslər planlaşdırırsınız?

Gənclərin rəqəmsal təhlükəsizlik biliklərini artırmaq üçün rəqəmsal savadlılıq üzrə təlim proqramlarının hazırlanması, universitetlərdə və məktəblərdə kibertəhlükəsizlik mövzusunda seminar və mühazirələrin keçirilməsi, dövlət və özəl sektorun dəstəyi ilə interaktiv vebinarlar təşkil edilməsi əsas təşəbbüslər sırasındadır. Bundan əlavə, beynəlxalq sertifikatlaşdırma imkanlarının təmin edilməsi və gəncləri bu sahədəki ən yeni texnologiya və trendlərlə tanış etmək üçün müxtəlif forumlar və konfransların keçirilməsi də nəzərdə tutulur.

 

QHT.az: Sosial media platformalarında dezinformasiya ilə mübarizə aparmaq üçün ictimai birliklərin hansı töhfələri ola bilər?

İctimai birliklər sosial media platformalarında dezinformasiya ilə mübarizədə mühüm rol oynaya bilərlər. Onlar ictimaiyyətin məlumatlılığını artırmaq üçün maarifləndirici kampaniyalar təşkil edə, məlumatların doğruluğunu yoxlamaq üçün xüsusi platformalar və resurslar yarada bilərlər. Həmçinin rəqəmsal savadlılıq proqramları vasitəsilə insanları dezinformasiyanı ayırd etməyi öyrətmək, sosial media platformaları ilə əməkdaşlıq edərək istifadəçilərin məlumatların etibarlılığını daha rahat yoxlamalarını təmin edən vasitələr təqdim etmək bu birliklərin töhfələri arasında yer alır.

 

QHT.az: Dəyərli vaxtınızı ayırdığınız üçün təşəkkür edirik və bu sahədəki uğurlarınızın davamını arzulayırıq!

 

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
29
qht.az

1Sources