EN

İsrail HƏMAS-ı divara dirədi, Ermənistan Dudaya qucaq açdı: Türkiyəli generalla gündəm müzakirəsi


Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz Musavat.com-un müxbirinin suallarını cavablandırıb.

-Yücel bəy, İsraillə Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs barədə razılaşma qüvvəyə minib. Sənəd BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə Livan ordusunun cənub sərhədi boyunca yerləşən ərazilərə mərhələli şəkildə nəzarətini nəzərdə tutur. İsrail isə öz növbəsində iki ay ərzində öz hərbçilərini Livanın cənubundan çıxaracaq. Sizcə bu razılaşma nə qədər davamlı olacaq.

- Əvvəlcə bunu qeyd edək ki, Orta Şərqdə atəşkəsin əldə olunması sevindirici bir hadisədir. Çünki qışın çətin şərtləri və uzun müddət davam edən münaqişə şəraiti başda mülki əhali olmaqla hamını çətin vəziyyətdə qoymuşdu. Bu vəziyyət müəyyən mənada müvəqqəti bir fasilə kimi qiymətləndirilə bilər. Oyunlarda olduğu kimi, münaqişədə də bəzən belə fasilələr olur, bu da müvəqqəti bir addımdır.

Ümumilikdə isə bu mərhələdə və bu zaman çərçivəsində İsrail öz məqsədinə çatıb. Buna görə də Livandakı bu fasilə nisbətən uzun müddət davam edə bilər. Çünki İsrailin eyni vaxtda bir neçə cəbhədə - həm Qəzzada, həm Livanda, həm də İrana qarşı fəaliyyət göstərməsi milli güc resursları baxımından çətinlik yarada bilər.

Təbii ki, bu məsələdən BMT, əsasən də ABŞ istifadə edəcək. Hər ikisi atəşkəsin daha uzun müddətli olması üçün təkid göstərəcək. Çünki ABŞ-də yeni rəhbərlik hakimiyyətə gəlir. Yeni hakimiyyət isə münaqişələri sona çatdırmaq barədə söz verib.

-HƏMAS Livan və İsrail arasında atəşkəsin elan edilməsindən sonra, Qəzza zolağında da atəşkəsə razılıq verəcəyini açıqlayıb. Sizcə İsrail Hizbullah və HƏMAS-ı küncə sıxışdıra bildimi?

- Uzun müddətdir HƏMAS-la İsrail arasında atəşkəs müzakirə olunurdu. Təşkilatın atəşkəslə bağlı uyğun addımlar atacağı bildirilirdi. HƏMAS-ın bu müqaviməti, bu münaqişə mühitini uzun müddət davam etdirmək imkanı artıq yoxdur. Təbii ki, atəşkəs müzakirə olunarkən, eyni zamanda sülh şərtləri də əvvəldən müzakirə edilir. ABŞ sülhün memarı rolunu üzərinə götürmək məcburiyyətində qalacaq.

Əvvəldən qeyd etdiyim kimi HƏMAS-ın insan itkiləri çoxdur, logistika ilə bağlı çətinliklərlə üzləşir. Buna görə də mücadilə gücü getdikcə azalırdı.  İsrail isə həm Qəzzada, həm Livanda məqsədinə çatdı. Lakin bu, ona da baha başa gəldi. 

-İsrail-Türkiyə münasibətlərindən danışaq. Münasibət yenicə düzəlmişdi ki, İsrailin Qəzzadakı əməliyyatlarından sonra əlaqələr yenidən pisləşdi. Türkiyə-İsrail münasibətlərinin düzəlmə ehtimalı varmı?

    -Türkiyədə hazırki iqtidarın hakimiyyəti dövründə münasibətlərin normallaşacağına ümid yoxdur. Hər iki tərəf diplomatik əlaqələrdə sərt üslublara yer verir. Halbuki münasibətlərin yumşalması onların özünə faydalı ola bilərdi.   

-Polşanın prezidenti Andjey Duda noyabrın 26-da Ermənistana rəsmi səfər etdi. O, Azərbaycan-Ermənistan sərhədinə - Arazdəyənə baş çəkdi. Dudanın səfərində məqsəd Aİ-nin müşahidə missiyasının Ermənistanda qalma müddətini uzatmaqdır. Azərbaycan isə müşahidə missiyasının müddətinin uzadılmasına qarşıdır. Bu haqda nə deyə bilərsiniz?

-Bu, Qərbin ikiüzlü siyasətinin bir hissəsidir. Sülh prosesi imzalanana qədər Qərb bu cür missiyaları Ermənistanda saxlamağa davam edəcək.  Bu, həm Ermənistanın, həm də Brusselin ürəyindəndir. Çünki Ermənistan sülhdən yayınmağa çalışır. Dünya təcrübəsi göstərir ki, bir yerə sülhməramlı adı altında  girən təşkilat asanlıqla oradan çıxmır. Kiprdə 60 ilə yaxındır ki, sülhməramlılar var, lakin bu münaqişə illərdir ki, həllini tapmır. Azərbaycan və Ermənistan sərhədində də müşahidə missiyasının olması buna bənzəyir. Bu güclər ölkələrə sülh gətirmir.  

-Rusiya -Ukrayna savaşında gərginlik artır. ABŞ Ukraynaya ötən həftə Rusiyanı ATACMS uzaqmənzilli raketləri ilə vurmağa icazə verdi.  Rusiya isə ilk dəfə “Oreşnik” ballistik raketləri ilə Ukraynanı vurdu . Sizcə, bu nüvə müharibəsinin başlanğıcı hesab oluna bilərmi?

- Bu silahlar ən son məqamda istifadə ediləcək strateji sistemlərdir. Ölkələr bir-birlərinin iqtisadi-mədəni varlıqlarını yox etməyə təşəbbüs göstərir və bu yolda hərbin bütün dayanma gücünü yoxlayırlar. Həm Rusiya, həm də Ukrayna bu məsələdə aktiv iştirak edir.  Amma bunun nüvə müharibəsinə qədər gedəcəyini düşünmürəm. Fikrimcə, maksimum orta və qısa mənzilli nüvə silahı istifadə edilə bilər. Lakin növbəti müharibəyə səbəb olacaq nüvə silahının istifadəsi mümkün görünmür. 55 gün sonra hər kəs Trampla birgə atəşkəsə doğru addım atacaq. Savaş diplomatiyaya, masalara qayıdacaq. 

Şahanə Rəhimli
Musavat.com

Chosen
7
musavat.com

1Sources