EN

SHAM sədri: Trampın rəhbərliyində ABŞ Azərbaycanın sülhdən yana olan mövqeyinə dəstək göstərəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Amerika Birləşmiş Ştatlarının Prezidenti seçilməsi münasibətilə Donald Trampa zəng edib.
 Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edən dövlətimizin başçısı seçkilərdə inamlı qələbənin Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsi olduğunu bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq.
Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını ifadə edib.
Xatırladaq ki, Prezident İlham Əliyev Donald Trampa ABŞ-də prezident seçkilərindəki qələbəsindən sonra təbrik məktubu ünvanlayıb.

Mövzu ilə bağlı "Sherg.az"a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi dövrdən bəri ABŞ ilə münasibətlərini inkişaf etdirməkdən yana olub:

"Rəsmi Bakı bu münasibətlərin bərabərhüquqlu əməkdaşlıq fonunda hər iki dövlətin və xalqın maraqlarına xidmət etməsinin tərəfdarı olub. Bu gündə bizim mövqeyimiz dəyişmir. Donald Tramp bizə yad olan siyasətci deyil. O, 2017-2021-ci illərdə ABŞ-yə rəhbərlik edib. Həmin dövrdə dünyada təhlükəsizliyin təmin olunmasında ciddi işlər görüb. Trampın ikinci prezidentliyi dövründə konkret proqnozlar vermək çətin olsa da, Bakı-İrəvan münasibətlərində mövqe fərqliliyi ilə bağlı fikir sürmək mümkündür. Xatırlayaq ki, İkinci Qarabağ savaşı Donald Trampın hakimiyyəti dövründə baş verdi və biz Tramp Adminstrasiyası tərəfindən ciddi təzyiqlər görmədik. Əksinə həmin dövrdə ABŞ regiondakı yeni reallıqlardan yana idi". 

Ekspert əlavə edib ki, Azərbaycan bu gün Cənubi Qafqazda növbəti qarşıdurmadan yana olmadığını dəfələrlə bildirib:
"Hazırkı sülh danışıqlarında Azərbaycan regionda sabitlik yaratmaqla bərabər, kommunikasiya xətlərinin açılmasına, iqtisadi münasibətlərin bərpasına çalışır. Qeyd edim ki, Donald Tramp bir biznesmendir və o dövründə iqtisadi məsələləri əsas prioritet kimi qəbul edir. Bu amilləri nəzərə alaraq Trampın prezidentliyi dövründə ABŞ-nin Cənubi Qafqazda Azərbaycanın sülhdən yana olan mövqeyinə dəstək nümayiş etdirəcəyini demək olar".

Yusif Sultanoğlu
Chosen
13
sherg.az

1Sources