EN

Yığmamızın baş məşqçisi: “Bu uşaqlardan böyük bir şey gözləmək olmaz” - MÜSAHİBƏ

Azərbaycanın voleybol üzrə oğlanlardan ibarət U-16 millisinin baş məşqçisi Cahangir Seyed Abbasinin İdman.biz-ə müsahibəsi

- Yığma Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında çıxış edəcək. Komandadan gözləntiiniz nədir?
- ⁠Səmimi danışsaq, bu komanda bir aydır ki, yaradılıb. Biz uşaqları sadəcə bölgələrdən fiziki özəlliklərinə görə seçmişik. Onlarla cəmi 1 aydır məşq edirik. Çoxunun voleybolla heç tanışlığı yox idi. Çalışmışıq ki, ilkin olaraq voleybolun fundamental texniki amillərini aşılayaq. Ona görə bu uşaqlardan böyük bir şey gözləmək olmaz. Təbii ki, onlar gələcəkdə voleybolda böyük söz sahibi olacaqlar.

- ⁠Siz səhhətinizə görə yarışa yollanmamısız. Bu, komandada çətinlik yaratmayacaq ki?
- ⁠Bizim çox çalışqan və gənc yerli məşqçimiz onların yanında olacaqlar. Azərbaycana gəldiyim gündən mənimlə birgə əsas komanda ilə çalışıblar. Ayrıca olaraq, yüksək dərəcəli türkiyəli mütəxəssis Cengiz Akarçeşme də yığma ilədir. Zənn edirəm ki, onların olduğu yerdə mənə çox da ehtiyac olmaz. Onlar yüz faiz əllərindən gələni edəcəklər. Orada olmamağım heç hiss olunmayacaq.

- ⁠Səhhətiniz hazırda nə yerdədir? Problem ciddidir?
- ⁠Şükürlər olsun ki, ciddi problemim yoxdur. Biz U-18 komandamızla da 2 gündür Sumqayıt Olimpiya İdman Kompleksində məşqə başlamışıq. Federasiyanın uzaqgörən siyasəti nəticəsində onları Azərbaycan Super Liqasında oynadacağıq. Komanda gündə iki dəfə fitnes və topla məşq edir. Ayrıca olaraq, “Sumqayıt” regional komandası təşkil etmişik. Bir komandanı da Estoniyaya göndərmişik. Müxtəlif zallarda məşqlər keçirdik. Qaçaqaçda olduğum üçün xəstələndim və özümü yaxşı hiss etmirdim. Həkim də bildirdi ki, sən çox stress keçirirsən və istirahət etməlisən. Uzaq məsafə olduğundan həkim yarışa getməyi məsləhət bilmədi. Bir müddət istirahət etməli olduğumu dedi. Təəssüflər olsun ki, bu da komandamızın getmə ərəfəsinə düşdü.

- ⁠Komanda ilə birgə işləməyə nə zaman dönəcəksiniz?
- ⁠Burada başqa komandamız da var. Onlarla işlərimizə davam edirik, heç nəyi saxlamamışıq. Super Liqada mübarizə aparacaq gənclər komandamızla hər gün məşq edirik. Estoniyaya gedən yığma geri dönəndən sonra onları da nəzarətdə saxlayacağıq.

- ⁠ EEVZA çempionatında komandanın hədəfi nə olacaq?
- ⁠Komanda yeni olduğu üçün həqiqətən çox şey öyrənməlidirlər. Bu uzun bir zaman istəyir. Azərbaycanı təmsil etdikləri üçün əllərindən gələni edəcəklər. Bunlar bizim gələcəyimizdir. Onlara zaman verməliyik. Səbirli olmalıyıq. Əminliklə deyə bilərəm ki, bu komandadan çox şeylər görüb, çox şeylər eşidəcəyik.

Banuçiçək Hüseynli
İdman.biz

Chosen
10
idman.biz

1Sources