İsrail və Livan “Hizbullah”ı arasında əldə olunan atəşkəs razılaşması çərşənbə günü səhər saatlarında qüvvəyə minib. Bu addım dünya liderləri tərəfindən müsbət qarşılanıb və regionda sabitlik yaratmaq üçün əhəmiyyətli bir addım kimi qiymətləndirilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Arab News” məlumat yayıb.
ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makron verdikləri birgə bəyanatda atəşkəsin İsraili İran dəstəyi ilə fəaliyyət göstərən “Hizbullah” hərəkatının təhdidindən qoruyacağını və uzunmüddətli sükunət üçün şərait yaradacağını bildiriblər. Liderlər ABŞ və Fransanın bu razılaşmanın tam şəkildə icrasını təmin edəcəklərini və Livan ordusunun gücləndirilməsi üçün beynəlxalq səyləri dəstəkləyəcəklərini vurğulayıblar.
Bayden razılaşmanı “yaxşı xəbər” olaraq dəyərləndirib və ABŞ-nin İsrail ilə HƏMAS arasında da atəşkəs əldə etmək üçün səylərini davam etdirəcəyini bildirib. Makron isə Livandakı atəşkəsin Qəzza müharibəsinin sona çatması üçün yol açması arzusunda olduğunu qeyd edib.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidentinə atəşkəsin əldə olunmasında göstərdiyi dəstəyə görə təşəkkür edib və razılaşmanın müddətinin Livanda baş verənlərə görə müəyyən olunacağını bildirib. O, həmçinin İsrailin bu atəşkəsdən istifadə edərək HƏMAS üzərində təzyiqi artıracağını qeyd edib. Livanın Baş naziri Nacib Mikati də atəşkəsin regionda sabitliyi bərpa etmək üçün vacib bir addım olduğunu bildirərək, Fransaya və ABŞ-yə təşəkkür edib və hökumətinin cənubda ordu gücünü artırmağı hədəflədiyini vurğulayıb.
Bundan əlavə nəşr yazır ki, İran həm “Hizbullah”, həm də HƏMAS-ın əsas dəstəkçisi olaraq, İsrailin Livandakı aqressiyasının sona çatmasını alqışlayıb və Livan xalqına dəstəyini bir daha ifadə edib.
BMT və digər beynəlxalq təşkilatlar da atəşkəsi alqışlayıb, lakin razılaşmanın tam şəkildə həyata keçirilməsi üçün tərəflərdən ciddi öhdəlik tələb edilib. BMT-nin Livan üzrə xüsusi koordinatoru Janin Jennis-Plaşertin əlavə edib ki, hər iki tərəfdən tam və sarsılmaz öhdəlik tələb olunur.
KİV onu da əlavə edib ki, region dövlətləri olan İordaniya və İraq da bu razılaşmanı alqışlayaraq, beynəlxalq səylərin Qəzza müharibəsinin sona çatdırılması üçün gücləndirilməsini çağırıb. Türkiyə də İsrail ilə atəşkəsin qüvvəyə minməsindən sonra Livanı daxili sülhün qurulması üçün dəstəkləyəcəyini bildirib. İordan çayının qərb sahilindəki Fələstin hökuməti də Livandakı atəşkəsin regionda sabitlik yaradacağına ümid etdiyini və BMT-nin Qəzza atəşkəsi üçün verdiyi qətnamənin icra olunması lazım olduğunu qeyd edib.