EN

Dörd qitəyə yayılmış "ASAN" brendi Azərbaycana nə qədər gəlir gətirir?..

Image

Vüqar Bayramov: “ASAN xidmət” modeli bir sıra ölkələrdə tətbiq olunur”

Azərbaycanın “ASAN xidmət” modeli dörd qitədə təşviq ediləcək. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ("ASAN xidmət") məlumat verilib. 

Bildirilib ki, bununla bağlı Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Töhfə Sazişi imzalanıb. Sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua imzalayıb.

Saziş çərçivəsində BMT-yə üzv ölkələrdə “ASAN xidmət” modeli əsasında dövlət xidmətlərinin göstərilməsi üçün innovasiyaların tətbiqi və müvafiq sahə üzrə potensialın inkişafı nəzərdə tutulur. Bununla da BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və təşkilata üzv dövlətlərə təşviq edir. 

Qeyd etdiyimiz kimi, Azərbaycanın “ASAN xidmət”modeli bir çox ölkələrdə tətbiq olunur. Maraqlıdır, Azərbaycan brendinin xarici ölkələrdə təşviqi ölkəyə  maliyyə qazancı gətirirmi? 

“Modelin tətbiq imkanlarının genişləndirilməsinə, dünyada daha çox ölkənin “ASAN xidmət”dən faydalanmasına və tətbiqinə imkan yaradır”

Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “ASAN xidmət” modeli bir sıra ölkələrdə tətbiq olunur və araşdırılır. “ASAN xidmət” modeli xidmətlərin elektronlaşması və şəffaflaşması üçün bir nümunədir: “Məlumdur ki, “ASAN xidmət” bir model olaraq kifayət qədər çoxlu sayda beynəlxalq təşkilatların sertifikatına, mükafatına layiq görülüb. Bu konteksdən artıq “ASAN xidmət” modelindən 4 qitədə istifadə olunması sevindiricidir. Bu pozitiv məqam olmaqla yanaşı, Azərbaycanda elektronlaşma, eyni zamanda, şəffaflığın güclənməsi, məmur vətəndaş təmasının inkişafına səbəb olur. Bu istiqamətdə həyata keçirilən işlər bir sıra ölkələrin, o cümlədən, inkişaf etmiş ölkələrin belə diqqətindədir. Bu kimi faktlar həmin modelin tətbiq imkanlarının genişləndirilməsinə, dünyada daha çox ölkənin “ASAN xidmət”dən faydalanmasına və tətbiqinə imkan yaradır”.

Günel CƏLİLOVA





Chosen
17
baki-xeber.com

1Sources