EN

“Anar mənim kimi 88 yaşlı yazıçı-filosofa 300 manatı çox gördü”

“Yazıçılar Birliyinin ömürlük sədridir, Anar indi mahnı da oxuyar, istədiyini də edər”.

Yenicag.az yazıçı-filosof Əlisa Nicatla blits-müsahibəni təqdim edir.

– Ötən ilin sonlarında maddi vəziyyətinizin ağırlığı ictimailəşəndə, gündəm oldununz, hər kəs sizdən danışırdı və inanılmaz mənəvi-maddi dəstək verildi. Təqribən yeddi ay keçib, insanların sizə qarşı diqqəti azalmayıb ki?

– O hadisə keçən ilin dekabrında olmuşdu, indi sakitlikdir. Bir həftə-on gün hamı maraqlandı, sonra hər şey keçdi. Camaat əlli cildlik külliyatı nəşr olunan bir yazıçının, ilk fəlsəfə antalogiyalarının müəllifinin yaşadığı şəraiti görüb dəhşətə gəlmişdi. Ona görə də imkanı çatan insanlar kömək elədilər. Qaz pulu çox pul yazırdı deyə, evdəki “peç”i gündə ancaq bir-iki saat yandıra bilirdim. Bu məsələ qalxandan sonra Şahbaz Xuduoğlu kömək elədi, evin aşağısına da, yuxarısına da təzə “peç” quraşdırdılar. Sonra özümün oturub işləməyim üçün kiçik yer düzəltdilər, evdə bir az təmir işləri apardılar. Sağ olsunlar, tanıdığım-tanımadığım insanlar beş-altı min manat pul toplayıb göndərdilər.

– Məsələnin maddi tərəfini bir kənara qoyaq. Yaşanan o bumdan sonra yazıçı-filosof Əlisa Nicat indi yenə diqqətdən kənardadır?

– Həmişə necə idisə, indi də elədir. Bu məsələ qalxanda mənə dedilər ki, bəs Yazıçılar Birliyi hamıya təqaüd verir. Mən də həvəslənib oraya getdim. Anar yerində olmadı, onu görə bilmədim. Əməkdaşlar mənə dedilər ki, təqaüd alacaq şəxslərin siyahısında sizin də adınız var. Ancaq yoxlayanda gördülər ki, siyahıya salınmamışam. Narahat oldular və məni o siyahıya daxil edib ayda üç yüz manat alacağımı dedilər. Anar işə gələn kimi mənim adımı siyahıya salan əməkdaşları qatıb bir-birinə, adımı da siyahıdan çıxartdırıb. Yəni beləcə məni təqaüdə salmadılar.

– Bu münasibətin səbəbi hər halda sizə aydın olmalıdır…

– Səbəb deyəndə ki… Mən danışmışdım axı, Rəsul Rza cavanlıqda məndən balıq istəmişdi, gətirməmişdim. Qalan əsərlərimiz çapa hazırlayanda baxıram ki, müsahibəmdə bu balıq məsələsindən danışmışam (gülür). Yəni demək lazım olmayanları deməklə çox səhvlər eləmişəm. Düzdür, günah məndədir, ancaq olanı demişəm də, nəsə uydurmamışam ki… Keçən dəfə Rəfibəylilər haqqında olan kitabda qəribə iddia gördüm. Orada Rəsul Rzanın da, xanımının da sovet dövründə guya müsavatçı olduqları deyilir. Amma Lenini, Stalini nədh edən bir şair sovet vaxtı necə müsavatçı ola bilərdi, başa düşmürəm… Əvvəlki müsahibələrimdə də bu barədə danışmışam. Görünür, bu fikirlərimə görə Anarda o qədər kin yaranıb ki, mənə qarşı belə davranır.

– Xəbəriniz varsa, Anar indi də bir məclisdə oxuduğu mahnı ilə diqqət mərkəzinə düşüb…

– Anar indi nə istəsə, edə bilər… Bilirsiniz də, oğlu on beş ildir səfirdir, xanımı da, qızı da yüsək vəzifədədir, özü isə Yazıçılar Birliyinin ömürlük sədridir. Ona görə indi mahnı da oxuyar, istədiyini də edər… Ancaq mənə, səksən səkkiz yaşlı yazıçı-filosofa üç yüz manatı çox gördü”.

Chosen
13
millitv.net

1Sources