EN

"Türkiyə Qəzza bölgəsində atəşkəs sazişinin əldə edilməsinə kömək göstərməyə hazırdır" - Ərdoğan

 
"Livanda atəşkəs Müqavimət Hərəkatının qələbəsidir, növbə Qəzza bölgəsində atəşkəsə nail olmaqdır..."
 
Ankara Qəzza bölgəsində atəşkəsə nail olmaq üçün istənilən zəruri kömək göstərməyə hazırdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 27-də bəyan edib.
 
Türkiyə lideri İsrail ilə "Hizbullah" arasında döyüş əməliyyatlarının dayandırılmasını alqışlayıb.
 
Bundan öncə məlumat verilib ki, İsrail Türkiyəyə müraciət edərək girovların azad edilməsi üzrə sazişin əldə edilməsi üşün vasitəçilik səylərinə qoşulmağı xahiş edib.
 
İsrail bu məlumatı təkzib etsə də, ABŞ prezidenti Co Bayden noyabrın 26-da bəyan edib ki, "ABŞ Türkiyə ilə birgə işləməyə və onun köməyilə Qəzza üzrə sazişə nail olmağa hazırdır".
 
Noyabrın 18-də İsrail Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar gizli şəkildə Türkiyəni ziyarət edib və öz türkiyəli həmkarı İbrahim Kalınla görüşüb. İsrail hökumətinin yüksək vəzifəli məmuru bəyan edib ki, Türkiyə HƏMAS-a təzyiq göstərə bilər.
 
Bu arada isə Fransanın AFR informasiya agentliyi HƏMAS-ın yüksək vəzifəli  nümayəndəsinə istinadən məlumat verib ki, "təşkilat Livanda nizamlanmadan sonra Qəzza bölgəsində atəşkəsə hazırdır".
 
Mənbə bəyan edib: "Livanda atəşkəsin elan edilməsi Müqavimət Hərəkatının qələbəsi və xeyli nailiyyətidir. Biz atəşkəs və əsirlər mübadiləsi barədə ciddi sazişə hazırıq".
 
İsrail müdafiə naziri İsrael Kats bəyan edib: "Şimalda aparılan kampaniyanın nəticələri HƏMAS-a əlavə təzyiq imkanı yaradır və biz girovların azad edilməsi üçün bütün səylərimizi qoyacağıq. Bu, hazırda qarşımızda duran ən vacib məqsədimizdir".
 
Son dəyərləndirmələrə görə, Qəzzada 101 nəfər girovdan təxminən 50 nəfəri sağ qalıb. Misir, Qətərlə danışıqların nəticələri və Türkiyədən verilən məlumata görə, 42 gün ərzində girovların azad edilməsi üzrə sazişin mərhələli şəkildə hələ Donald Trampın Ağ Evə gəlişindən öncə əldə edilməsi imkanı var.
Chosen
14
moderator.az

1Sources