EN

Baş prokuror Qətərə işgüzar səfər etdi - FOTOLAR

Noyabrın 26-27-si tarixlərində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ikinci yüksək səviyyəli görüşündə iştirak üçün Qətər Dövlətinə işgüzar səfər edib.

"Unikal" xəbər verir ki, nümayəndə heyəti ölkəmizin Dohadakı səfirliyinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, Ulu öndərin əziz xatirəsi ehtiramla yad olunub.

İƏT üzvü olan 57 ölkənin baş prokurorları, ədliyyə, daxili işlər nazirləri, müstəqil antikorrupsiya qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının görüşünü giriş sözü ilə açan ev sahibi - Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Təşkilatının sədri Hamad Ben Nasser Al Misnad tədbirin işinin tərəf dövlətlərin korrupsiyaya qarşı mübarizə sahəsində birgə səylərinə verəcəyi töhfədən danışıb, gələcək fəaliyyətdə təşkilatın korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Məkkə Konvensiyasının tətbiqi mexanizmi və icra perspektivindən söz açıb.
Yüksək səviyyəli iclasda çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli prioritetlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış ardıcıl islahatlar, hüquqi və institusional tədbirlər barədə xarici həmkarlarına məlumat verib, İslam ölkələri ilə əməkdaşlığa ayrılan xüsusi diqqətin çoxsaylı nümunələrindən biri kimi Məkkə Konvensiyasının qəbul edilməsi təşəbbüsünün ilkin mərhələdən etibarən Azərbaycan tərəfindən dəstəkləndiyini vurğulayıb.

Çıxışında habelə, ölkəmizin prokurorluq orqanlarının qlobal və regional anti-korrupsiya təşəbbüslərində fəal iştirakına dair məsələlərə də yer verən Kamran Əliyev cari ildə ölkəmizdə keçirilmiş dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası - COP29, həmin tədbir çərçivəsində Azərbaycan Prokurorluğunun xarici tərəfdaşlarla birgə təşkil etdiyi yüksək səviyyəli plenar sessiya, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağın uğurlarına töhfə vermiş İslam ölkələrinin nümayəndə heyətlərinə bir daha təşəkkürünü ifadə edib.  

Mütərəqqi beynəlxalq təşəbbüslərə daim açıq olmaqla bu sahədə etibarlı platforma rolu oynayan ölkəmizdə aktual mövzu üzrə keçiriləcək tədbirlərə də toxunan Baş prokuror Kamran Əliyev BMT-nin "GlobE" Antikorrupsiya Şəbəkəsinin altıncı plenar sessiyasının 2025-ci ilin may ayında Bakıda keçiriləcəyini qeyd etməklə həmkarlarını həmin tədbirə dəvət edib, İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının üçüncü yüksək səviyyəli görüşünə 2026-cı ildə ev sahibliyinə ölkəmizin namizədliyinə göstərilən dəstəyə görə həmkarlarına minnətdarlığını bildirib.

Tədbirdə ölkəmiz İƏT-ə Üzv Dövlətlərin antikorrupsiya qurum rəhbərlərinin Bürosunun sədr müavini seçilib.

Səfər çərçivəsində Baş prokuror tərəfindən xarici həmkarlarla bir sıra ikitərəfli görüşlər keçirilib.

Belə ki, Qətər dövlətinin nümayəndə heyəti ilə keçirilmiş ikitərəfli görüşdə İnzibati Nəzarət və Şəffaflıq Təşkilatının sədri Hamad Ben Nasser Al Misnad ortaq dini və mədəni dəyərləri paylaşan ölkələrimiz arasında müxtəlif istiqamətlərdə mövcud olan sıx tərəfdaşlıq əlaqələrinin daim inkişaf etməsindən məmnunluğunu bildirib, öz növbəsində bu əlaqələrin korrupsiyaya qarşı mübarizə sahəsində qurumlararası əməkdaşlığa da töhfə verdiyini qeyd edib. 

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Kamran Əliyev Azərbaycan və Qətər prokurorluqları arasında əməkdaşlıq təcrübəsinə dair müsbət nümunələrə istinad edərək İnzibati Nəzarət və Şəffaflıq Təşkilatı ilə də uğurla inkişaf etməkdə olan ikitərəfli əlaqələrin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Səfər zamanı Kamran Əliyevlə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə üzrə Qurumunun (Nazaha) Prezidenti Mazin bin İbrahim Əl Kahmus arasında keçirilmiş ikitərəfli görüşdə 2023-cü ilin noyabr ayında ölkəmizin Baş Prokurorluğu ilə Krallığın Nazaha Qurumu arasında imzalanmış Əməkdaşlıq haqqında memorandumun icra vəziyyəti müzakirə olunub, eləcə də qarşılıqlı əlaqələrin növbəti inkişaf perspektivləri müəyyən edilib. 

Həmçinin, Baş prokuror Pakistan İslam Respublikasının ədliyyə naziri Azam Nazir Tararla görüşüb. Dərin tarixi bağlara malik qardaş ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin iqtisadi, hərbi, humanitar və digər istiqamətlərlə yanaşı hüquqi sahədə də dayanıqlı xarakter alması təqdirəlayiq hal kimi vurğulanıb. Görüşdə transmilli təzahür olan korrupsiyaya qarşı mübarizə üzrə qarşılıqlı əməkdaşlıq potensialının daha da gücləndirilməsi məsələləri müzakirə edilib.        

İraq Respublikasının Federal Dürüstlük Komitəsinin sədri Məhəmməd Əli Əl-Lami arasına keçirilmiş ikitərəfli görüşdə ölkələrimiz arasında mövcud olan tarixi dostluq münasibətlərindən bəhs edilib, qurumlararası əməkdaşlıq əlaqələrinin korrupsiyaya qarşı mübarizə sahəsində imzalanması nəzərdə tutulan anlaşma memorandumunun imzalanması ilə yeni və daha intensiv müstəviyə qədəm qoyacağına dair qarşılıqlı inam ifadə edilib.

İkitərəfli görüşlərdə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb. 

Bundan başqa, səfər çərçivəsində Kamran Əliyevlə İƏT-in Baş katibi Hüseyn İbrahim Taha arasında ikitərəfli görüş keçirilib. Görüşdə Təşkilatın İslam ölkələrinin həmrəyliyi və tərəqqisində müstəsna əhəmiyyəti vurğulanmaqla, eyni zamanda üzv dövlətlərin cinayətkarlığa qarşı effektiv mübarizə fəaliyyətində də təşviqedici rolu qeyd olunub.

Görüşdə Baş prokuror tərəfindən İƏT-in istər torpaqlarımızın otuz ilə yaxın müddət ərzində işğal altında saxlanıldığı dövrdə, istərsə də növbəti mərhələdə işğal faktına son qoyulması ilə bağlı ölkəmizin haqq işinə qəbul etdiyi qətnamə və bəyanatlarla daim yaxından dəstək olduğunu minnətdarlıq hissi ilə xatırladıb.

Baş katib öz növbəsində Azərbaycan Respublikasının İƏT-in işində göstərdiyi fəal və təşəbbüskar mövqeyə görə təşəkkürünü bildirib, ölkəmizin işğaldan azad edilmiş ərazilərinə etdiyi səfərlərlə şahidi olduğu bərpa-quruculuq işlərini təqdirəlayiq bir hal kimi vurğulamaqla, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi faktının İslam dünyası tərəfindən böyük sevinclə qarşılandığını bildirib.                

Tədbirlərdə ölkəmizin Qətər Dövlətindəki  fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev iştirak edib.

Chosen
8
50
unikal.az

10Sources